Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-57/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı bağ sahəsinə müdaxilələrin aradan qaldırılmaqla inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin sökülməsi, bağ sahəsinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 qarşı bağ sahəsinə müdaxilələrin aradan qaldırılmaqla inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin sökülməsi, bağ sahəsinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 nömrəli bağ sahəsinə müdaxilələrin aradan qaldırılmaqla, həmin bağ sahəsinin yolunun bağlanmasına səbəb olan, habelə həmin bağ sahəsinin ərazisinə müdaxilə edilməklə orada iddiaçının mülkiyyət hüquqlarını pozan qanunsuz inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin cavabdehin hesabına sökülməsi və bağ sahəsinin texniki pasportunda göstərilən əvvəlki vəziyyətinə uyğun bərpa edilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Dövbət reyestrində qeydiyyata alınmışdır. İddiaçının sözlərinə əsasən hüquq mühafizə orqanlarınn əməkdaşı və idiaçının mülkiyyətində olan bağ sahəsinin qonşuluğunda yerləşən sahənin mülkiyyətçisi kimi özünü təqdim edən Cavabdeh1 iddiaçının mülkiyyətində olan sahəyə müdaxilə edərək, həmin sahəyə aid olan yolu bağlamış, ərazidə iddiaçının mülkiyyət hüquqlarını pozan yeraltı və yerüstü qurğu və tikililər inşa etmişdir. İddiaçı hesab edir ki, həmin qanunsuz tikililər onun mülkiyyət hüquqlarını pozduğuna görə cavabdehin hesabına sökülərək, ərazi texniki pasportda göstərilən əvvəlki vəziyyətinə uyğun bərpa edilməlidir. Məhkəmə baxışına hazırlıq iclasında iddiaçının razılığı ilə iş üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1455 nömrəli bağ sahəsinə (hər iki hissəsinə) müdaxilələr aradan qaldırılmaqla, həmin bağ sahəsinin (yeni çıxarışlar və texniki pasportlar üzrə hər iki girişə münasibətdə) yolunun bağlanmasına səbəb olan, habelə həmin bağ sahəsinin ərazisinə müdaxilə edilməklə orada iddiaçının mülkiyyət hüquqlarını pozan qanunsuz inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin cavabdehin hesabına sökülməsi, bağ sahəsinin və ümumi yolun texniki pasportda göstərilən əvvəlki vəziyyətinə uyğun cavabdehin hesabına bərpa edilməsi vəzifəsinin Cavabdeh2 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatı bildirdi ki, cavabdeh tərəfindən bağ sahələrinə gedən yolun bir hissəsi zəbt edilmiş və darvaza yerləşdirilmişdir. Həmçinin dalanda cavabdeh tərəfindən qanunsuz olaraq şambo inşa edilmişdir. Bununla da iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə maneəçilik törədilmişdir. Ona görə də həm darvazanın, həmdə kanalizasiya quyusunun sökülməsini tələb edirlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ona məxsus torpaq sahəsi hazırda üç hissəyə bölünmüş və hər hissəyə dair çıxarış almışdır. Cavabdeh tərəfindən darvaza qoyulduğundan ayrılmış torpaq sahəsində istifadə edə bilmir.Həmçinin dalanda cavabdeh tərəfindən qanunsuz olaraq şambo inşa edilmişdir. Bununla da iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə maneəçilik törədilmişdir. Ona görə də həm darvazanın, həmdə kanalizasiya quyusunun sökülməsini tələb edirlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmetinə daxil olan darvaza iddiaçıya maenələr yaratmır. Həmçinin bildirdi ki, cavabdehin istifadəsində olan mübahisə predmetinə daxil olan torpaq sahəsi Bələdiyyə torpağıdır və həmin torpağı özəninkiləşdirilməsi üçün müraciət etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -notarial qaydada təsdiq edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında olan 0.24 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına **********84 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında olan 0.24 ha torpaq sahəsi İddiaçı mülkiyyətidir. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 2400,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yararsız vəziyyətdə olan tikili mövcuddur. Göstərilən 2400,0 kv.m torpaq sahəsi **********84 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin e-2(003)-3785/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında göstərilən Cavabdeh1 faktiki istifadəsində olan və İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinin faktiki vəziyyətdə yerləşməsini əks etdirən izahlı sxem əlavə olunur. Sxemdə göstərildiyi kimi Cavabdeh1 faktiki istifadəsində olan sahə ilə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. Hər iki qonşu sahə arasında mübahisəli yol mövcuddur (koordinatları sxemdə əks olunmuşdur). Belə ki, əvvəllər dalan kimi istifadə olunan sahənin bir hissəsini Cavabdeh1 hasara alaraq öz sahəsinə qatmışdır. Həmin rəyə əlavə edilmiş sxemdən görünür ki, mübahisə predmetinə daxil olan və cavabdeh tərəfindən inşa edilmiş darvaza torpaq sahələrinə gedən yolun təxminən ortasında yerləşir, həmin yolun sonu cavabdehin istifadəsində olan torpaq sahəsində bitir. Həmin yolun sağında iddiaçıya məxsus torpaq sahələridir. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/4849 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı üzrə nəticədə yuxarıda qeyd olunan mütəxəssis rəyinə uyğun olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş: -hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında olan 0.0512 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına **********50 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında olan 0.0512 ha torpaq sahəsi İddiaçı mülkiyyətidir (********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış). - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsi (Yeni qaydalarla: ünvan 3 ünvanında olan 0.0849 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına **********73 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında olan 0.12 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə mübahisə predmetinə daxil olan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinə gedən yol tərəflərin iştirakı ilə məhkəmə tərəfindən yerində müayinə edilmiş və yerinə müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan tikili 2 hissədən ibarət dəmir darvazadan ibarətdir. Həmin dəmir darvaz dalanda yerləşir. Darvazanın yerləşdiyi dalan, yəni mübahisə predmetinə daxil olan yol, iddiaçıya məxsus torpaq sahəsinə və cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən, sağ və sol hissəsi iddiaçıya və başqa şəxsə (hazırki mülki mübahisəyə aidiyyəti olmayan şəxsə) məxsus torpaq sahələrinin hasarları ilə əhatə olunmuş dalandan ibarətdir. Darvazadan içəriyə olan dalanın hissəsi cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus torpaq sahəsi həmin yerin sonunda sağ tərəfdə yerləşir. Həmçinin hər iki tərəfin bildirdiklərinə əsasən darvazadan sonra yerin altında cavabdeh tərəfindən şambo (kanalizasiya quyusu) inşa edilmişdir. Şambonun üzəri qapadılmış, olduğu yerin və dalanın (yolun) örtüyü cınqıl daşlardan ibarətdir. Şambonun örtüyü, yerləşdiyi yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 170.1-ci maddəsinə əsasəm ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər - 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. -49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. -84-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. -101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsi hazırda bir neçə hissəyə ayrılmış və hər bir hissəyə dair iddiaçının adına yeni çıxarışlar, torpaq sahələrinin plan və ölçü sxemləri verilmişdir. Mübahisə predmetinə daxil olan yol, iddiaçının və cavabdehin torpaq sahələrinə gedən, sağ və sol hissəsi iddiaçıya və başqa şəxsə (hazırki mülki mübahisəyə aidiyyəti olmayan şəxsə) məxsus torpaq sahələrinin hasarları ilə əhatə olunmuş dalandan ibarətdir. Dalanın bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuş və zəbt olunmuş hissənin qarşısında dəmir darvaza inşa edilmişdir. Həmçinin həmin dalanda darvazadan sonra cavabdeh tərəfindən inşa edilmiş şambo (kanalizasiya quyusu) yerləşir. Şambonun örtüyü, yerləşdiyin yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur. Dəmir darvazanın və şambonun cavabdeh tərəfindən inşa edilməsi iş üzrə mübahisə edilməyən haldan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinin (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) girişçıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğu (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyalar) Cavabdeh2 hesabına sökülməli, iddiaçıya məxsus həmin bağ sahəsinin giriş-çıxışı bərpa edilməlidir. Belə ki, iş üzrə müəyyən edildiyi kimi cavabdeh tərəfindən inşa edilmiş darvaza həmçinin iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən yolda (dalanda) inşa edilmişdir. Bu hal həm məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmiş, həmdə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə təsdiq edilmişdir. Həmçin İş üzrə müəyyən edilmiş bu halın əksinə dəlalət edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, torpaq sahəsində binalar və qurğular ucaltmaq, tikinti işləri aparmaq mülkiyyətçiyə aid olduğundan, eyni zamanda həmin mübahisəli darvazanın tikintisi mülkiyyətçinin qanunla qorunan maraqlarına toxumuşdur. Belə ki, mübahisəli bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə manelər yaranmışdır. Həmin darvaza iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvana) gedən yolun üzərində cavabdeh tərəfindən inşa edildiyindən və bu hal iddiaçının öz mülkiyyətindən istifadə edilməsinə maneə olduğundan, cavabdehin isə həmin darvazanın dalanda inşa etdirməsi üçün hər hansı bir hüquqi əsası olmadığından məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə mülkiyyət hüququna mənsub olan sahiblik və istifadə etmək hüquqları cavabdeh tərəfindən pozulmuş və iddiaçının bu hüquqları, ona məxsus torpaq sahəsinə gedən yolda, cavabdeh tərəfindən inşa edilmiş darvaza və darvazanın yerləşdiyi yan konstruksiyalar sökülməklə bərpa edilməlidir. Məhkəmə, iddia tələbinə daxil olan cavabdeh tərəfindən inşa edilmiş həmçinin şambonun (kanalizasiya quyusunun) sökülməsi məsələsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, həmçinin iddiaçının torpaq sahəsinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) üzəri qapadılmış, örtüyü yerləşdiyi yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur. Yəni iş üzrə müəyyən olunur ki, həmin kanalizasiya quyusunun bağ sahələrinə giriş-çıxışı üçün maneətörədici xüsusiyyəti mövcud deyil. İddiaçı tərəfindən isə həmin quyunun, ona məxsus bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırması (maneə olması) əsası irəli sürülsədə, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Həmin kanalizasiya quyusunun iddiaçıya məxsus torpaq sahəsinə keçidin məhdudlaşdırılması, eyni zamanda həmin quyunun dalanda inşa edilməsi (mövcudluğu) iddiaçının hər hansı bir hüquqlarına zidd olması müəyyən edilmədiyindən məhkəmə, iddia tələbinin bu hissəsini əsassız hesab edir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı mülkiyyətində olan (xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinin (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvanın) giriş-çıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğu (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyalar) Cavabdeh2 hesabına sökülməli, iddiaçıya məxsus həmin bağ sahəsinin giriş-çıxışı bərpa edilməlidir. Həmçinin məhkəmə, iş üzrə dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edirki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələb irəli sürülmədiyindən iş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, mübahisə predmeti olan cavabdeh tərəfindən inşa edilmiş darvazanın olduğu yol, ekspertiza tədqiqatının predmətlərindən biri olduğundan və iddia tələbi bu hissədə təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan (xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin bir hissəsinin (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 84 ünvanın) giriş-çıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğu (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyalar) Cavabdeh2 hesabına sökülsün, iddiaçıya məxsus həmin bağ sahəsinin giriş-çıxışı bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-57/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-57/2025
14.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver