Məhkəmə qərarları › İş №e-2(003)-60/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-60/2025

16.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-60/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “payların naturada müəyyən edilərək bölgünün tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə payların naturada müəyyən edilərək bölgünün tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 3M-93 nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, birinci tərəf X13 və X7, miras qoyan- X3 qalmış miras əmlakdan onlara çatası ¼ hissədən ibarət olan paylarını - ikinci tərəf İddiaçı2 bağışlamışdırlar. Beləliklə, İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/16 hissəsinin payçısı olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 02 iyun 2023-cü il tarixli çıxarışına əsasən, adı çəkilən fərdi yaşayış evinin digər payçıları İddiaçı1 1/2 hissəsinin, X10 1/4 hissəsinin, X14 1/16 hissəsinin payçısıdır. X5 ölüm faktı 04 iyul 2009-cu il tarixli, 588 nömrəli “ölüm haqqında şəhadətnamə” ilə təsdiqlənmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 89 nömrəli, 18 may 2020-ci il tarixli sərəncamına əsasən, qərara alınmışdır: “İddiaçı2 Xəzər rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş İİ qrup əlil övladı xx.xx.1985-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilsin. Qəyyum təyin edilən şəxs İddiaçı2 bundan sonra qəyyumluğunda olan X8 hüquq və mənafelərinin qorunması tapşırılsın”. 2V/İ-66 reyestr nömrəli, 16 dekabr 2005-ci il tarixli vəsiyyətnaməyə əsasən, X6 ölən günədək ona məxsus olan Bakı şəhəri, ünvan 2 evinin 1/2 hissəsini Bakı şəhəri, Tolstoy küçəsi, dalan 5 mənzil 7-də yerləşən X4 vəsiyyət etmişdir. X2 ölüm faktı 07 oktyabr 2006-cı il tarixli, 791 nömrəli “ölüm haqqında şəhadətnamə” ilə təsdiqlənmişdir. Belə ki, birgə iddiaçılar adı çəkilən fərdi yaşayış evinin payçılar arasında naturada bölünməsini tələb edirlər. İddia tələbində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə payların naturada bölünməsi xahiş edilsə də, məhkəmə iclası zamanı fərdi yaşayış evinin, ünvan 2 ünvanda yerləşməsi müəyyən edilmişdir. Məhkəmənin 16 noyabr 2023-cü il tarixli hazırlıq iclasında X10 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili (nümayəndəsi) Vəkil iddia ərizəsinin dəlillərini müdadiə edərək, izahatında əlavə olaraq bildirdi ki, təqdim edilmiş ekspert rəyləri ilə mübahisəli evin naturada bölgüsünün texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Bununla yanaşı yenidən ekspertiza təyin edilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər təfərlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə gəlməyin tərəflərin iştirakları olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 2/4 hissədə, X10 1/4 hissədə, X14 1/16 hissədə və İddiaçı2 3/16 hissədə paylı mülkiyyətdədir. Hazırda iddiaçılar adı çəkilən fərdi yaşayış evinin payçılar arasında naturada bölünməsini tələb edirlər. Göründüyü kimi mübahisəli evin naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsi zərurəti yaranmışdır. İş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə bu sualları izah etmək mümkün olmamışdır. Belə olan halda tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli üçün iş üzrə ekspert rəyinin alınması zəruri hesab edilərək mübahisəli evin naturada bölgüsünün texniki cəhətdən mümkünlüyünün müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 16- 16/2-10/1408 nömrəli, 13 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, A.Xələfov küçəsində yerləşən 48 saylı evin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin tikililərinin tərəflərin faktiki istifadəsinə uyğun olaraq bölünməsinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bundan başqa tədqiq olunan evin tikililərinin bölünməsinə dair təklif olunan bölgü variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Rəyə əlavə edilmiş plandan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, A.Xələfov küçəsində yerləşən 48 saylı evin İddiaçı2, Səyyarə Əliyev və İddiaçı1 münasibətdə naturada bölgüsünün texniki cəhətdən mümkünlüyü müəyyən edilmişdir. X1 münasibətdə mübahisəli evin naturada bölgüsünün texniki cəhətdən mümkünlüyü yoxlanılmamışdır. Halbuki iş materiallarından görünür ki, mübahisəli ev həmçinin X8 1/16 hissədə paylı mülkiyyətindədir. Belə olan halda mübahisəli evin naturada bölgüsünün digər payçılarla yanaşı X8 da payının texniki cəhətdən mümkünlüyünün müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/4846 nömrəli, 05 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, A.Xələfov küçəsində yerləşən 48 saylı evin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin tikililərinin tərəflərin və X12 faktiki istifadəsinə uyğun olaraq bölünməsinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda tədqiq olunan evin tikililərinin bölünməsinə dair təklif olunan bölgü variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Məhkəmə işin hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. - Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli, 06 dekabr 2024-cü tarixli qərardadında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. İşin faktiki hallarından görünür ki, mübahisəli əmlak tərəflərin paylı mülkiyyətindədir və paylı mülkiyyətin mülkiyyətçiləri kimi onlar həmin əmlakların bölünməsi və ondan paylarının ayrılması üsulu və şərtləri haqqında hər hansı razılığa gələ bilmirlər. Mülki qanunvericilik isə ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İddia tələbi ilə əlaqədar aparılan araşdırma ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıların tələbi əmlaklarda olan paylara mütənasib “əmlakların naturada bölünməsi” olduğundan, həmin əmlakların naturada bölünməsinin mümkün olub-olmaması, mümkün olduğu təqdirdə bölgünün aparılma qaydasının müəyyən edilməsi məqsədilə iş üzrə təyin edilmiş ekspertiza (təkrar) tədqiqatı nəticəsində Bakı şəhəri, Xəzər rayonu, A.Xələfov küçəsində yerləşən 48 saylı evin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin tikililərinin tərəflərin və X12 faktiki istifadəsinə uyğun olaraq bölünməsinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda tədqiq olunan evin tikililərinin bölünməsinə dair təklif olunan bölgü variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Rəyə əlavə olunmuş plandan isə İddiaçı1 – fərdi yaşayış evi “A”, 133,19 kvadrat metr, torpaq sahəsi 1019,14 kvadrat metr; Səyyarə Əliyeva – fərdi yaşayış evi “B”, 62,32 kvadrat metr, torpaq sahəsi 532,80 kvadrat metr, İddiaçı2 fərdi yaşayış evi “C”, 154,91 kvadrat metr, torpaq sahəsi 389,25 kvadrat metr olması göstərilmişdir. Göründüyü kimi aparılmış təqiqat zamanı bölgü torpaq sahəsinə uyğun həyata keçirilmiş, eləcə də paylar müəyyən edilən zaman evin sahəsi 133,19, 62,32 və 154,91 kvadrat metr göstərilmişdir. Halbuki mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evi çıxarışa əsasən cəmi 44.90 kvadrat metrdən ibarət olmaqla ekspert tərəfindən qeyd edilən sahələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla yanaşı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də tərəflərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Halbuki ümumi mülkiyyətdə olan əmlakın bölünməsi və ya ondan payın naturada ayrılmasını həmin əmlakın mülkiyyətçiləri tələb edə bilər. Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun yaranması isə həmin hüququn dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş ekspert rəylərində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinin bölünməsinin texniki cəhətdən mümkün olması göstərilsə də, rəyə əlavə edilmiş planda həmin bölgünün 44.90 kvadrat metr sahəyə malik mübahisəli fərdi yaşayış evinə münasibətdə aparılmadığından, həmçinin işin faktiki hallarından mübahisəli fərdi yaşayış evinin bölünməsinin texniki cəhətdən mümkün olması müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, ekspert rəyi ilə bölgü fərdi yaşayış evinin faktiki sahəsinə və yerləşdiyi torpaq sahəsinə uyğun aparıldığından, həmin sahələr isə tərəflərin mülkiyyətində olmadığından, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmış sahəsi üzrə isə naturada bölünməsinin mümkün olması iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddianın dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “payların naturada müəyyən edilərək bölgünün tanınması” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 200 (iki yüz) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “payların naturada müəyyən edilərək bölgünün tanınması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri olan 200 (iki yüz) manat iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar