Məhkəmə qərarları › İş №e-2(003)-77/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-77/2024

16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-77/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və Cavabdeh1 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onların Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1999-cu il tarixdə Abşeron rayonu Südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən torpaq sahəsi ona ayrılmışdır. Hazırda həmin torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsində o, fərdi yaşayış evi tikmişdir. Qızı İddiaçı2 Cavabdeh1 ilə 2006-cı il tarixində nikaha daxil olduqdan sonra yaşamağa yerləri olmadığı üçün əri və uşaqları ilə birgə bir müddət həmin evdə yaşamışlar. 2021-ci il tarixdə qızı Cavabdeh1 ilə rəsmi qaydada nikahları pozulmuşdur. Bundan sonra isə onu, qızını və uşaqlarını ona məxsus evdən qovmuş, özü isə həmin evi zəbt etmişdir. Sonradan o, evinə baxmağa gələrkən evdə ona və qızına məxsus ev əşyalarının mənimsənildiyini, onların bir hissəsinin talan edildiyini, digər hissəsinin oğurlandığını, evini bərbad vəziyyətə salındığını aşkar etmişdir. Daha sonra isə ona məxsus fərdi yaşayış evini digər şəxsə qanunsuz yollarla satdığını aşkar etmişdir. Belə ki, evinə getdiyində evdə başqa şəxslərin yaşadığını görmüşdür. Hətta heç bir hüququ olmadan həyətyanı sahəsini bölərək başqa şəxslərə satdığı ona məlum olmuşdur. Həmin evə heç bir haqqı olmayan, evin tikilməsində və abadlaşdırılmasında heç bir iştirakı olmayan Cavabdeh1 onu və qızı İddiaçı2 evə buraxmır. Həmin fərdi yaşayış evində o və qızı İddiaçı2 məxsus əşyalar mövcuddur. Onlar faktiki olaraq yaşayış yerlərindən məhrum olmuşlar, başqa yaşayış yerləri yoxdur və kirayədə yaşayırlar. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə edilir. Südçülük sovxozunda yerləşən 0,03 ha torpaq sahəsi fərdi yaşayış evinə görə kommunal xərcləri o ödəmişdir. Göründüyü kimi, onun və qızının ailə üzvləri qeyd olunan fərdi yaşayış evində yaşamışlar və yaşadıqları yerdən məhrum edilmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Mahir ailəsi ilə birlikdə Neftçala rayonunda yaşamışdır. Onların maddi imkanları pis olmuş və bu səbəbdən də nə torpaq almış, nə də ki, ev tikdirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi və evlər onun anasına məxsusdur. Torpaq sahəsi anası tərəfindən 1998-ci ildə\ alınmışdır. Sonradan o, anası ilə orada iki ev tikmiş, evin birini də hal-hazırda Cavabdeh2 satmışlar. Evin tikilməsinə o, da kömək etmişdir. 2007-ci ildə ailə qurmuş, bir müddət Keşlə qəsəbəsində kirayədə yaşamış və sonradan bir neçə il yoldaşı ilə birlikdə həmin evdə yaşamışlar. Həmin torpağa dair vergi ödəyirlər. İddiaçı ona ayrılmış torpaq sahəsini təxminən 09 il bundan əvvəl qonşuluqda yaşayan şəxsə satmış və həmin şəxs hal-hazırda orada yaşayır. Atası 1996-cı ildə vəfat etmiş, həmin vaxtı Neftçala rayonunda yaşamışlar. Atası vəfat etdikdən sonra rayonda olan torpaq sahəsini sataraq Bakı şəhərində hazıri iş üzrə mübahisə predmeti olan torpağı almışlar. Məhkəmə iclasında iştirak etmiş cavabdeh C.N.Abasova iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli evlərin torpaq sahələrini təxminən uzun müddət bundan əvvəl oğlu Mahirin nikahından əvvəl almışdır. Həmin vaxtı torpaq sahələri ucuz olmuş, təxminən 600-700 manat xərci çixmışdır. Sonra həmin torpaq sahəsində iki ev tikmiş, evin birini də hal-hazırda Cavabdeh2 satmışlar. Həmin torpaq sahəsini o, öz pulu ilə almış, orada evləri oğlunun və onun vəsaiti hesabına tikmişlər. İlk olaraq kiçik olan, bir otaqlı ev tikdirmişlər. Həmin vaxtı Mahir subay olmuşdur. Həmin evdə qızı və iki oğlu qalmışlar. Ev tikildikdən sonra kommunal xidmətlərlə bağlı müqavilələr onun adına bağlanmışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, mübahisəli evi o, Mahir və Cəmilə xanımdan 22000 manata almış, həmin evdə təmir işləri aparmışdır. Evi alan zaman Cəmilə xanımın kommunal xidmətlərlə bağlı borcu olmuşdur. O, “ASAN xidmət” vasitəsilə həmin evin peyk vasitəsilə çəkilişini aparmış və ünvanı dəqiqləşdirildikdən sonra o, qaz, işıq sayğacını öz adına keçirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon hövsan südçülük sovxozu üzrə verilmiş xx.xx.1998-ci il tarixli 28 saylı çıxarışdan görünür ki, X3 ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon hövsan südçülük sovxozu üzrə verilmiş xx.xx.1998-ci il tarixli 28 saylı çıxarışdan görünür ki, İddiaçı1 ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2023-cü il tarixli 5-12/2-1555/2023 saylı məktubundan görünür ki, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və alınan məlumatda xx.xx.1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən İddiaçı1 və X2 ayrılmış 0,03 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və Xəzər RİH-də bu torpaq sahəsi barədə məlumat olmadığından hazırda kimin balansında olmasına dair məlumat verilməsi mümkün olmamışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2023-cü il tarixli 3-52/2- 4119/2023 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan xx.xx.1998-ci il tarixli 28 saylı əmrə əsasən İddiaçı1 və X3 ayrılmış torpaq sahəsinin hansı idarə tərəfindən verilməsi barədə məlumat təqdim edilməlidir və həmin torpaq sahələrinin kimin balansında olması barədə arxivdə məlumat yoxdur. -Binə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 104 saylı məktubundan görünür ki, İddiaçı1 Abşeron rayon Hövsan südçülük sovxozunun 28 saylı xx.xx.1998-ci il tarixli əmrdən çıxarışa əsasən fərdi ev tikmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinə görə Binə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. X3 isə Binə qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində təyinatı üzrə torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə Binə Bələdiyyəsində heç bir məlumat yoxdur. Adları çəkilən şəxslərin heç birinə Binə Bələdiyyəsi tərəfindən mülkiyyətə, icarəyə və ya istifadəsinə torpaq sahəsi ayrılmamışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9197 saylı rəyindən görünür ki, texniki baxış zamanı məlum olmuşdur ki, arxiv sənədlərinə əsasən torpaq sahəsi 2500.0 kv.m-dir. Sahənin qeydiyyata alındığından əvvəl 149.0 kv.m hissəsi, qeydiyyatdan keçmiş 2351.0 kv.m torpaq sahəsinin plan-ölçüsünə əsasən isə sonradan (cavabdehlər tərəfindən) 188.09 kv.m hissəsi qonşu sahə tərəfindən hasarlanaraq istifadə edilir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozunda Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahənin qeydiyyatı və hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi iki hissəyə bölünmüş və bölünən hissədə yaşayış evi (yeni) inşa edilmişdir. Ərazidə iddiaçının evi mövcuddur. Lakin, evlərdə başqa şəxslər yaşadığından evlərə və əraziyə daxil olmaq mümkün olmamışdır. - Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan əmlaklara yerində baxış keçirilmiş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evlərinin torpaq sahəsi təxminən 3 sotdan ibarət olması, evlərin həyətyanı sahələri daş hasarla bölünməsi, torpaq sahəsinin yuxarı hissəsində yerləşən evin təmirli olması, iki yataq otağından, bir zal, bir mətbəxdən ibarət olması və hal-hazırda Cavabdeh1 istifadəsində olması, torpaq sahəsinin aşağı hissəsində yerləşən evin, orta təmirli olması, iki yataq otağından, bir kiçik zal, bir kiçik mətbəxdən ibarət olması və hal-hazırda cavabdehlər Cavabdeh1 və X1 istifadəsində olması müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçılar hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyillər. İddiaçılar İddiaçı1 ayrılmış torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirərək iddia qaldırmışdır. Lakin, məhkəmə araşdırması zamanı həm ekspert rəyi ilə, həm də sübutları tədqiq etməklə iddiaçının torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi və ümumiyyətlə mübahisəli torpaq sahəsinin və üzrəində inşa edilmiş yaşayış sahələrinin mülkiyyət və sair hüquq əsasında kiməsə məxsus olması müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-49.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9197 saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, cavabdehlərin torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, iddiaçıların həmin fərdi yaşayış evinə köçürülməsi məsələsi məhz ekspert rəyi və mütəxəssis rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilmədiyindən və iddiaçılar tərəfindən bu hal sübut edilə bilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçıların formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar