Məhkəmə qərarları › İş №e-2(003)-81/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-81/2024

26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-81/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və Xaton Şahmərdanovanın, onların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi; Cavabdehlər İddiaçı və Xaton Şahmərdanovaya qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evindən mövcud istifadə qaydalarına uyğun real bölgünün aparılması və həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi ünvanında yerləşən 19 saylı evin paylara uyğun olaraq (yəni ½ hissəsi onun; ½ hissəsi X2) natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi ünvanında yerləşən 19 saylı fərdi yaşayış ev X10 və əmisi X2 paylı mülkiyyətində olmuşdur. Hər birinin həmin evə dair ½ payı müəyyən olunmuşdur. X10 04 may 2014-cü il tarixdə vəfat etmiş və bundan sonra sozügedən ev onun və əmisi X2 paylı mülkiyətindədir. Hər birinin həmin evə dair ½ payımız müəyyən olunmuşdur. Bununla bağlı həmin evə dair adına 13 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət KomitəsiYanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li çıxarış verilmişdir. Yuxarıda qeyd etdiyi kimi mübahisəli fərdi yaşayış ev paylı mülkiyyətdir, hər bir mülkiyyətçilərin ayrıca giriş-çıxışı mövcuddur, mülkiyyətçilərin arasında natura qaydasında bölünə bilər. İddiaçı Cavabdehlər İddiaçı və Xaton Şahmərdanovaya qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evindən mövcud istifadə qaydalarına uyğun real bölgünün aparılması və həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi döngə 1, 19 saylı fərdi yaşayış evi üzrə mövcud istifadə qaydalarına uyğun olaraq real bölgü aparmaqla “A” tikilisində sahələri 16,43 kv.m. və 12,9 kv.m. olan 2 yaşayış otaqlarının, “B” tikilisində yaşayış sahəsi 14,8 kv.m. 1 yaşayış otağının və sahəsi 21,5 kv.m. olan qarajın və onun qarşısındakı həyətyanı torpaq sahəsinin, həmçinin arxa tərəfdə sahəsi 19,5 kv.m. olan hin və onun yerləşdiyi torpaq sahəsinin və yardımçı sahələrin onun istifadəsində, “A” tikilisində sahələri 18,5 kv.m., 24,5 kv.m. və 17,5 kv.m. olan 3 yaşayış otaqlarının və yardımçı sahələrin, o cümlədən həmin yaşayış otaqlarının və yardımçı sahələrin qarşısındakı həyətyanı torpaq sahəsinin cavabdeh İddiaçı istifadəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, döngə 1, 19 saylı ev sahələri 16,43 kv.m, 18,5 kv.m, 12,9 kv.m, 24,5 kv.m və 17,5 kv.m olan 5 yaşayış otağından, yardımçı sahələrdən və həyətyanı torpaq sahəsindən ibarət olan “tikilisindən və yaşayış sahəsi 14,8 kv.m və qaraj sahəsi 21,5 kv.m olan “B” tikilisindən ibarət olmaqla paylı mülkiyyət hüququ əsamda 1/2 hissədə ona, 1/2 hissədə isə qardaşı X1 məxsus olmuş, bu barədə adlarına Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən FM seriyalı 014747 №-li qeydiyyat vəsiqəsi verilmişdir. Qardaşı Ziyadxanın 2014-cü ildə ölümündən sonra onun adına olan 1/2 hissə qızı cavabdeh İddiaçı adına keçmiş, sonuncunun adına 2015-ci il yanvarın 13-də çıxarış verilmişdir. O, isə 1/2 hissəyə yeni çıxarışı 2021 -cil il avqustun 08-də almışdır. Adı çəkilən tikililərdən və həyətyanı torpaq sahəsindən əvvəllər ümumi istifadə olunsa da, 2015-ci ildən tikililərdən və həyətyanı torpaq sahəsindən ayrılıqda istifadə edirik, yəni “A” tikilisində sahələri 18,5 kv.m, 24,5 kv.m və 17,5 kv.m olan 3 yaşayış otaqları və yardımçı sahələr, o cümlədən həmin yaşayış otaqlarının qarşısındakı həyətyanı torpaq sahəsindən cavabdehlər, “A” tikilisində sahələri 16,43 kv.m və 12,9 kv.m olan 2 yaşayış otaqları, həmçinin “B” tikilisində yaşayış sahəsi 14,8 kv.m 1 yaşayış otağı və sahəsi 21,5 kv.m olan qaraj və onun qarşısındakı həyətyanı torpaq sahəsi, həmçinin arxa tərəfdə sahəsi 19,5 kv.metr olan hin və onun yerləşdiyi torpaq sahəsi onun istifadəsində qalmış, hər iki tikili və həyətyanı torpaq sahələrinə giriş-çıxış qapıları ayrıdır, sahələr birbirindən tam təcrid olunmuş vəziyyətdədir, tikili və həyətyanı torpaq sahələrindən ayrılıqda istifadə olunması bir-birinə maneçilik törətmir. 2017-ci ildə o, istifadəsində olan 1 və 3 saylı yaşayış otaqlarına bitişik qarşı tərəfə yaşayış sahəsi təxminən 22 kv.m olan bir otaq inşa etmişdir. Bütün bu illər ərzində komunal xidmətlərindən ayrıca istifadə edir, işıq, su və qazdan istifadəyə görə adına ayrıca abonent saldoları vardır. Lakin tikili və həyətyanı torpaq sahələrindən istifadəyə dair real bölgü barədə rəsimləşdirilmə aparılmadığından aralarında tikililərdən və həyətyanı torpaq sahəsindən istifadəyə görə tez-tez mübahisələr düşür və belə bir mübahisəyə son qoyulması üçün tikililərdən və həyətyanı torpaq sahələrindən istifadəyə görə real bölgünün aparılması zərurəti yaranmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1578/2023 saylı qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı və Xaton Şahmərdanovaya qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış sahəsinin bölünməsi və sair” tələblərinə dair 2(003)- 1578/2023 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı, 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “paylı mülkiyyətdə olan evin naturada bölünməsi dair” iddia tələbinə dair 2(003)-1380/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə 2(003)-1380/2023 saylı mülki iş kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasını müdafiə edərək təmin, digər iddianı isə qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, evlərin hazırda ayrıayrı giriş-çıxış qapıları mövcuddur. Hər birinin payları ayrılmaqla paylarını müəyyən etmişdirlər. Lakin aralarında qaraj mübahisəli qalmışdır. Həmin qarajı isə qarşı tərəf tamamilə zəbt edərək, mətbəx kimi istifadə edir. O, isə buna qətiyyətlə etiraz etməklə, qarajın paylara uyğun real bölgüsünün aparılmasını tələb edir. Məhkəmə iclasında İddiaçı və Xaton Şahmərdanovanın nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianı müdafiə edərək təmin, digər iddianı isə qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, digər tələbə münasibətdə mübahisə yoxdur, yalnız qaraj hissəsində razı deyillər, qarajda hüquqlarını təmsil etdiyi şəxslərin payları vardır. Həmin qarajın paylara uyğun real bölgü aparılmalıdır. Lakin qarşı tərəf bununla razılaşmır, ümumlikdə qarajdan təkbaşına istifadə etmək istəyir. Lakin qarajın paylara uyğun ölçülərək, real bölgüsünün aparılmısını istəyirlər. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddiasını müdafiə edərək təmin, digər iddianı isə qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, mübahisəli evlərlə bağlı real bölgü aparılmışdır. Lakin qaraj isə mübahisəli qalmışdır. Həmin qarajdan mətbəx kimi istifadə edir. Yaşadığı ev balaca olduğu qarajdan mətbəx kimi istifadə edir. Həmin qarajdan paylardan kənara çıxmaqla aralarında bölünməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianı müdafiə edərək təmin, digər iddianı isə qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, natural bölgüyə də etiraz etmirlər, öz tələblərinə münasibətdə real bölgü əsasında əmlakın bölünməsin xahiş edirlər. Mübahisəli qaraj isə hüquqlarını təmsil etdiyi şəxsin istifadəsindədir, faktiki vəziyyətdə qarşı tərəfə daha çox ərazi düşür. Həmin qarajdan mətbəx kimi istifadə edirlər. Qarşı tərəfə düşən ərazi çoxdur. Buna görə də, həmin qarajın Cavabdeh istifadəsində qalmasını tələb edir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və sonrakı iddialar aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 1/2 hissədə X3 adına xx.xx.2015-ci ildə, 1/2 hissədə Cavabdeh adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 668855 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ziyatxan Şahmərdanov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3749 nömrəli rəyindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin naturada 1/2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının 1/2 hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X7 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Qeyd: qərardadda ekspert qarşısında qoyulmuş sualda fərdi yaşayış evinin həyətyanı sahəsi və həyətyanı sahədə yerləşən köməkçi tikililər barədə sual qoyulmadığından həmin tikililər üzrə tədqiqat aparılmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9467 nömrəli rəyindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin (yaşayış və yardımçı sahələr ilə birlikdə) naturada 1/2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin (yaşayış və yardımçı sahələr ilə birlikdə) faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının 1/2 hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti -X8 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 1/2 hissədə X3 adına xx.xx.2015ci ildə, 1/2 hissədə Cavabdeh adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerli baxış keçirtmişdir. Yerli baxış zamanı, mübahisəli ünvanda tərəflərin 1/2 hissədə payları üzrə real bölgü aparmaları, hər birinin evlərə giriş-çıxış üçün dəmir qapıların quraşdırmaları, onların bir-birlərinə həmin giriş qapılarından istifadə edən zamanı maneələr yaratmamaları, eyni zamanda mübahisəli ünvanda yararsız vəziyyətdə olan qarajın mövcud olması, qarajdan qarşılıqlı iddiaçı Cavabdeh mətbəx kimi istifadə etməsi, qarajın içərisinin istifadəyə yararsız halda olmaqla, dam örtüyünün təhlükəli vəziyyətdə olması, yer səthində isə bir ədəd çuxurun olması müəyyən edilmişdir. Məhkəmə iddialara ayrı-ayrılıqda hüquqi qiymət verərək, iddiaların təmin edilməməsini məqsədə müvafiq hesab etmişdir. Belə ki, iddiaların ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdeh hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmadığı, tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının 1/2 hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti -X8 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin hazır ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi tərflərin istifadəsində olmaqla dövlətin mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında olan razılaşmaya əsasən onlar arasında bölünməsi nəzərdə tutulmuşdur ki, bu da mülkiyyətçilərin alarındakı razılaşma əsasında mümkündür. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi qanunvericilik məhkəmənin tərəflərin arasında razılıq olmadıqda payların mülkiyətçilərin paylarına uyğun naturada bölünməsini nəzərdə tutmuşdur. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-220.6-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması, mülkiyyətçinin razılığı əsasında onun payına uyğun kompensasiyanın verilməsin, razılıq olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilərin arasında onların payına mütənasib bölüşdürülməsi qaydaları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin normalarda ümumi mülkiyyətdən çıxmaq istəyən mülkiyyətçinin ümumi əmlakdakı payının naturada ayrılması, bu mümkün olmadıqda isə mülkiyyətçinin razılığı ilə pul və ya digər kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi, belə razılıq olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilərin arasında onların payına mütənasib bölüşdürülməsi zəruri şərt kimi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakın payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyində öz əksini tapmışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, ilkin iddia bu hissədə də, əsassızdır və təmin edilməməlidir. Məhkəmə Cavabdehlər İddiaçı və Xaton Şahmərdanovaya qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evindən mövcud istifadə qaydalarına uyğun real bölgünün aparılması və həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddiasına münasibətdə qeyd edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə araşdırması zamanı, mübahisəli əmlaklardan payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyləri ilə öz əksini tapmışdır. Ekspert rəyində yalnız tərəflərin həmin bölgü qaydasının 1/2 hissə paydan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olmasını qeyd etmişdir. Məhkəmə iclasında, eləcə də mübahisəli əraziyə yerli baxış zamanı tərəflərə bölgü qaydasından, yəni onların 1/2 hissə pay(lar)ından qismən kənara çıxmaqla texniki cəhətdən bölgüsünün aparılması təklif olunmuşdur. Lakin ilkin iddiaçı buna qətiyyətlə etiraz etdiyini, mübahisəli əmlakın paylarına uyğun real bölgüsünün aparılmasını tələb etmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real bölgüsünün aparılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyi ilə təsdiq olunmuş, eləcə də tərəflərin mübahisəli ərazi yerləşən qarajın texniki cəhətdən real bölgüsünün aparılmasında fərqli mövqelərdən çıxış etmələri müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli əmlakın tərflər arasında real bölgüsü ilə bağlı mübahisə vardır. Belə ki, Cavabdehmübahisəli əmlakda olan qarajın real bölgüsü zamanı onun istifadəsində qalmasını xahiş etsədə digər payçı iddia tələbini bu hissədə qəbul etmir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlakda tərflər payçı olduğundan onların hər ikisinin qarajdan bərabər istifadə etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdehlər İddiaçı və Xaton Şahmərdanovaya qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evindən mövcud istifadə qaydalarına uyğun real bölgünün aparılması və həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50(əlli) manatı İddiaçı və 50(əlli) manatı Cavabdeh tutulub X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdehlər İddiaçı və Xaton Şahmərdanovaya qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evindən mövcud istifadə qaydalarına uyğun real bölgünün aparılması və həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50(əlli) manatı İddiaçı və 50(əlli) manatı Cavabdeh müştərək qaydada tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar