Məhkəmə qərarları › İş №e-2(003)-877/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-877/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-877/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, İK 2309/07 saylı kredit müqaviləsi üzrə onun tərəfindən ödənişi həyata keçirilmiş 6445.00(altı min dörd yüz qırx beş) manat məbləğində kredit borcunun və eləcə də öhdəliyin könüllü icra olunmaması ilə əlaqədar yaranan 470.00 (dörd yüz yetmiş) manat icra ödənişi, ümumilikdə 6915 (altı min doqquz yüz on beş) manat məbləğində pul məbləğinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh Rufat oğlu arasında xx.xx.2019-cu il tarixli, İK 2309/07 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC tərəfindən borcalana 7900 (yeddimin doqquz yüz) AZN məbləğində illik 17% (onyeddi) olmaqla, 36 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq, İddiaçı ilə xx.xx.2019-cu il tarixli, ZM 2309/07 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə səbəb xx.xx.2019-cu il tarixli, ZM 2309/07 nömrəli zaminlik müqaviləsi üzrə onun tərəfindən ödənilmiş 6445.00 (altı min dörd yüz qırx beş) manat kredit borcunun və həmçinin 470.00 (dörd yüz yetmiş) manat icra ödənişinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb etməkdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən göründüyü kimi xx.xx.2019-cu il tarixli, İK 2309/07 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh və İddiaçı birgə qaydada xx.xx.2022-ci il tarixə 4881.22 (dördmin səkkiz yüz səksən bir manat iyirmi iki qəpik) manat əsas, 1104.36 (bir min bir yüz dörd manat otuz altı qəpik) manat faiz, 649.63 (altı yüz qırx doqquz manat altmış üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 6635.21 (altı min altı yüz otuz beş manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi müəyyən olunmuşdur. Daha sonra Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarından göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş 2014 nömrəli, 03 may 2023-cü il tarixli “ödəniş tapşırığı” dan göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında xx.xx.2019-cu il tarixli, İK 2309/07 nömrəli kredit müqaviləsi üzrə öhdəlik əsas borclu Cavabdeh Rufat oğlu tərəfindən icra olunmadığına görə 470.00 (dördyüzyetmiş) manat icra ödənişi ondan tutulmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 5577/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “xəbərdarlıq” məktubundan göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında xx.xx.2019-cu il tarixli, İK 2309/07 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələbinə dair ona növbəti xəbərdarlıq gəlmişdir. Lakin bu dəfə də kredit müqaviləsi üzrə öhdəlik əsas borclu Cavabdeh Rufat oğlu tərəfindən icra olunmadığına görə 2005 nömrəli, 16 avqust 2023-cü il tarixli “ödəniş qəbzi”dən göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-1084/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında xx.xx.2019-cu il tarixli, İK 2309/07 nömrəli kredit müqaviləsi üzrə 6445.00 (altı min dörd yüz qırx beş) manat məbləğində pul onun tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 avqust 2023-cü il tarixli “icra sənədi üzrə xitam verilməsi barədə” qərarından görünür ki, icra sənədində qeyd olunan borc məbləği tam olaraq ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Keçirilmiş məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun və iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, bildirmişdir ki, Rzayev Müslim və İddiaçı ona yaxınlaşaraq onun adına pul götürməyi xahiş etmişlər. O, pulu götürmüş və Müslimə vermişdir. Həmin puldan 2700 manatı Müslim ona vermişdir. İddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına olan İK 2309/07 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 17% hesblanmaqla 7900 manat pul ayrılmışdır. İş materiallarına olan xx.xx.2019-cu il tarixli ZM-2309/07 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1084/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı birgə qaydada 23 sentyabr 2019-cu il tarixli İK2309/07 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4881.22 (dörd min səkkiz yüz səksən bir manat iyirmi iki qəpik) manat əsas, 1104.36 (bir min bir yüz dörd manat otuz altı qəpik) manat faiz, 649.63 (altı yüz qırx doqquz manat altmış üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 6635.21 (altı min altı yüz otuz beş manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci İl tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 86.35 (səksən altı manat otuz beş qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı alınaraq iddiaçı təşkilata qaytarılmışdır. İş materiallarına olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, e-2(078)-1084/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmışdır. İş materiallarına olan Naxçıvan şəhər icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, İddiaçı tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarına olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə qətnamə üzrə kredit borcu İddiaçı tərəfindən tam olaraq bağlanmışdır. İş materiallarına olan Naxçıvan şəhər icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, e-2(078)-1084/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə borc tam ödənildiyindən icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İş materiallarına olan 2014 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına 470 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlini pozmuşdur. Nəticədə kredit müqaviləsinə əsasən İddiaçı tutmalar aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, zamin kredit borcu üzrə iddiaçı tərəfindən ödənilmiş 6445.00 (altı min dörd yüz qırx beş) manat məbləğində kredit borcunun və eləcə də öhdəliyin könüllü icra olunmaması ilə əlaqədar yaranan 470.00 (dörd yüz yetmiş) manat icra ödənişi, ümumilikdə 6915 (altı min doqquz yüz on beş) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6445.00 (altı min dörd yüz qırx beş) manat məbləğində kredit borcunun və eləcə də öhdəliyin könüllü icra olunmaması ilə əlaqədar yaranan 470.00 (dörd yüz yetmiş) manat icra ödənişi, ümumilikdə 6915 (altı min doqquz yüz on beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar