Məhkəmə qərarları › İş №e-2(003)-894/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-894/2023

24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-894/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu – İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli 232/47 saylı sərəncama əsasən X1 ayrılmış, Şüvəlan qəsəbəsində yerləşən 1200 kv/m ümumi sahəsi olan, 505 saylı torpaq sahəsinə, İddiaçı ilə X2 arasında 1996-cı il tarixdə olan faktiki alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə müraciət edən İddiaçı iddia ərizəsində özünü ərizəçi qismində, “Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri” publik hüquqi şəxsini isə maraqlı şəxs qismində göstərmişdir. Qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) və üçüncü şəxslər iddia icraatında mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). Qanunverciliyin tələbindən göründüyü kimi ərizəçi və maraqlı şəxslər iddia icraatında deyil, xüsusi icraat qaydasında ərizəçilərin verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. İddia icraatında tərəflərin ərizəçi və maraqlı şəxs qismində qeyd edilməsi iddia ərizəsinin forma və məzmununa uyğun deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: Ərizəçi İddiaçı Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli 232/47 saylı sərəncama əsasən X1 ayrılmış, Şüvəlan qəsəbəsində yerləşən 1200 kv/m ümumi sahəsi olan, 505 saylı torpaq sahəsinə, İddiaçı ilə X2 arasında 1996-cı il tarixdə olan faktiki alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, hazırki qərardad nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar