Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1003/2025 14.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və 2023cü il aprel ayında imzalanmış əlyazmalardan görünür ki, cavabdeh iddiaçıdan ümumilikdə 18500 manat məbləğdə borc almış və aylıq ödənişləri edəcəyini bildirmişdir.
2. Cavabdeh tərəfindən Yasamal rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə verilmiş izahatdan görünür ki, Amirə adlı qadından 18000 manat pul götürmüş, lakin onu qaytara bilməmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14400 manat, eləcə də borc pul vəsaitini uzun müddət ərzində qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirdiyi üçün 345 manat, nümayəndəyə ödənilmiş 400 manat, ödənilmiş dövlət rüsumu 135,84 manat olmaqla ümumilikdə 15280,84 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, cavabdehi 2022-ci ilin əvvəllərində iş yoldaşının vasitəsi ilə tanımış, 2023-cü ilin aprel ayında cavabdeh ona müraciət edərək iş gördüyü üçün 2600 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğunu bildirmişdir. Ona 2600 manat məbləğində borc vermişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdehin imzası ilə təsdiq olunmuş iltizamda qeyd edilir ki, ondan 2600 manat məbləğində borc pul götürmüşdür və həmin məbləğdə borcu xx.xx.2024-cü il tarixdə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023cü il tarixdə cavabdeh yenidən ona müraciət edərək iş gördüyü üçün ona 2600 manat məbləğində borc verməyini xahiş etmiş və həmin tarixdə qeyd olunan məbləğdə borc pul vəsaitini ona qaytarması şərtilə vermişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdehin imzası ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli iltizamda onun cavabdehə 2600 manat məbləğində borc verdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə isə cavabdehə 2000 manat məbləğində borc vermiş və o, iltizam yazıb öz imzası ilə təsdiq edərək həmin məbləğdə borc pul vəsaitini ona verdiyini təsdiq etmişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdehin imzası ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli iltizamda qeyd edilir ki,cavabdehə onun tərəfindən 2000 manat məbləğində borc verilmiş və o, həmin borcu xx.xx.2024-cü il tarixdə qaytaracağını öhdəsinə götürür. Cavabdeh ümumilikdə 7200 manat məbləğdə borc puldan hissə-hissə olmaqla ümumilikdə 4100 manat qaytarmışdır. Geri qalan məbləği isə xx.xx.2024-cü il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə isə cavabdeh yenidən mənə müraciət edərək iş gördüyü üçün ona 11300 manat məbləğdə borc verməyini xahiş etdi. Həmin borcu hər ayın 30-u 1130 manat olmaqla 10 ay müddətində (yanvar ayının 30-dan başlayaraq) qaytaracağını bildirmişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdehin imzası ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli iltizamda qeyd edilir ki, cavabdeh 11300 manat məbləğdə borc almış və həmin borcu hərayın 30-u 1130 manat olmaqla 10 ay müddətində qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh 2023-cü il aprel ayından etibarən ümumilikdə 18500 manat məbləğində borc pul vəsaiti götürmüş və bu günədək həmin borcdan hissə-hissə olmaqla ümumilikdə 4100 manat qaytarmışdır. Cavabdehin ödənilməmiş borcu 14400 manat təşkil edir. Cavabdeh 14400 manat məbləğdə borcunu ödəməkdən boyun qaçırmaq məqsədilə guya ona hədə-qorxu gəldiyi üçün Yasamal RPİ-nin 27-ci Polis bölməsinə şər-böhtan xarakterli şikayət etmişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdehin xx.xx.2024-cü il tarixli şikayət ərizəsində və izahatında cavabdeh 18000 manat məbləğində borc götürdüyünü və hazırda həmin borcu qaytara bilmədiyini etiraf etmişdir.
b) iddiaya etiraz
5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən qeyd olunan məbləğdə pulun götürüldüyü etiraf olunur. Cavabdeh öz adına olan bank kartlarını iddiaçıya verdiyini, iddiaçının həmin kartlardan mütəmadi çıxarışlar etdiyini bildirsə də, bununla bağlı hazırda hər hansı sübut təqdim edə bilmirlər.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, borc müqaviləsinə əsasən borcun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
13. Belə ki, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında borc münasibətləri yaranmışdır, iddiaçı cavabdehə hissə-hissə olmaqla müəyyən aralıqlarla borc pul vermiş, cavabdeh qəbzlərə imza etməklə və polis şöbəsində verdiyi izahatda pulu götürdüyünü təsdiq etmişdir.
14. İddiaçı borcun müəyyən hissəsinin qaytarıldığını bildirməklə qalıq 14400 manat pulu tələb edir. İddiaçının tələbi çərçivəsində pulun qaytarılması ilə bağlı isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
15. Odur ki, əsas borc məbləği olan 14400 manat pul cavabdehdən tutulmalıdır.
16. Tələbin digər hissəsi olan pul vəsaitinin ödənilməsini gecikdirməyə görə hesablanmış 345 manat məbləğdə pulun tutulması hissəsində də tələb əsaslıdır.
17. Belə ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
18. İş materiallarında olan qəbz ilə müəyyən olunur ki, 400 manat məbləğdə pul 2 saylı Vəkil Bürosuna ödənilmişdir.
19. Odur ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 400 manat məbləğdə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 135,84 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 14400 manat məbləğdə əsas borc, gecikdirilmiş vaxt üçün 345 manat, hüquqi yardım üçün 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,84 manat olmaqla, ümumilikdə 15280,84 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 14400 manat məbləğdə əsas borc, gecikdirilmiş vaxt üçün 345 manat, hüquqi yardım üçün 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,84 manat olmaqla, ümumilikdə 15280,84 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə