Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1025/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pulun tutulması, icbari sığorta) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığorta müqaviləsindən görünür ki, Cavabdeh məxsus “Grand Cherokee” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığorta müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyənləşdirilmişdir.
2. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Grand Cherokee” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
3. TP seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Grand Cherokee” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, sonuncu 100 manat məbləğdə cərimə edilmişdir.
4. Sabunçu Rayon Polis DYP Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı avtomobil “Mercedes Benz E200” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, maşına zərər dəymişdir.
5. Cavabdeh tərəfindən Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-də verilmiş izahatdan görünür ki, özünə məxsus avtomobil ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində manevr edərək qarşı yola çıxmış, qarşıdan öz yolu ilə hərəkət edən “Mercedes Benz E200” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qabaq hissəsinə dəyərək toqquşmuşdur. Tələsdiyi üçün hadisə yerində dayanmamış, hadisə yerini tərk etmişdir.
6. xx.xx.2021-ci il tarixli hesablama aktından görünür ki, “Mercedes Benz E200” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün vəsait 934 manat təşkil edir.
7. 21-05007/09/AA-4222/21 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdəki yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər, yekun olaraq sığorta ödənişinin məbləği 934 manatdır.
8. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC 934 manat ödəniş etmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 934 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 964 pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “X1” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “X1” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz E200” markalı, **-NS- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 934 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-dən İnzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və qərarda cavabdehin hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
b) iddiaya etiraz
11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
12. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
16. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İşdəki sübutlarla müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan avtomobil "xxxx" ASC-də nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığortası növündə sığortalamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində “Grand Cherokee” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E200” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş, hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Əmlaka dəymiş zərər 934 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir.
20. Göründüyü kimi, işdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi, iddiaçının isə sığorta müqaviləsinə uyğun zərər dəymiş avtomobil üçün sığorta ödənişini etdiyi müəyyən olunur.
21. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 25.1.8 və 63.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlıdır.
22. Belə ki, sığortalı Cavabdeh özünə məxsus avtomobillə digər avtomobilə zərər vurması və hadisə yerindən yayınması onun barəsində tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə məsuliyyətini müəyyən edən qərarla təsdiq olunur.
23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 934 manat sığorta ödənişi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 964 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 934 manat sığorta ödənişi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 964 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə