Məhkəmə qərarları › İş №e-2(004)-1037/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1037/2023

04.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1037/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 22, mənzil 16 olan mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 22 mənzil 16 olan mənzildən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148.0 kv.m. olan 4 otaqdan ibarət mənzil onun xüsusi mülkiyyətində olan əmlakdır. Həmin mənzil ona mənzilin əvvəlki mülkiyyətçisi Bakı şəhəri, Səbail rayonu, Ulyanseva küçəsi ev 5, mənzil 66-da yaşayan əmisi oğlu X6 tərəfindən xx.xx.2007-ci il tarixdə bağışlanıb və həmin mənzildə qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh ilə xx.xx.2016-cı ildə ailə həyatı qurmuş, lakin aralarında yaranan ailədaxili fikir ayrılıqlarla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə nikahı pozulmuşdur. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh könüllü olaraq ona məxsus olan mənzildən və qeydiyyatdan çıxmalı idi, lakin bu müddət ərzində cavabdeh müxtəlif bəhanələrlə mənzildə qalır və qeydiyyatdan çıxmır. Hal-hazırda cavabdeh onun ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən ona məxsus evdə qeydiyyatda olması və qalması cavabdehin ona əmlakı üzərində mülkiyyət və digər hüquqlarını həyata keçirməyə maneələr yaradır. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh mərhum valideyinlərindən miras qalan mənzili vardır. Onun cavabdehlə yaranmış mübahisəni məhkəmədənkənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddi tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında İddiaçı ona qarşı «mənzildən istifadə hüququnun xitam verilməsi» barədə iddia ərizəsi var. Bununla bağlı bildirmək istəyir ki, o Bakı şəhərində 24.02. 1979-cu ildə anadan olmuşdur . Bakı şəhəri Nizami rayon 32 saylı orta məktəbdə təhsil aldığı məktəbin ona rus dili fənnindən dərs deyən X3, onun anasına bildirmişdir ki, onu Russiya Federasiyasında yaşayan Namik adlı qardaşına almaq istəyir. Qeyd edir ki, ilkin nikahı Bakı şəhəri 27.03. 1997-ci ildə «Səadət Sarayında» qeydə alınmışdır. Həmin vaxt onun 18 yaşı olduğundan anasının təkidi ilə razılaşaraq onunla ailə qurmuşdur. Bildirmək istəyir ki, cavabdeh xx.xx.1961-ci ildən Lənkəran şəhərində anadan olmuşdur, əvvəl evli olmuş, sonradan boşanmışdır və ondan 18 yaş böyük idi. O zaman o Moskvada onunla birgə yaşayan zaman iddiaçı onunla R.F-da Moskva şəhərində təkrarən xx.xx.2000-ci ildə rəsmi nikah bağlanmışdır. İddiaçı ona qarşı pis və kobud münasibəti nəticəsində dəfələrlə özünə qəsd etmiş, damarlarını kəsmişdi. İddiaçı onunla çox kobud rəftar edirdi və o ondan çox qorxurdu. Lakin vətəndən uzaq olduğundan məcbur idi ki, həyatı ilə razılaşsın. Qeyd edir ki, həmin nikahdan onların 2 (iki) övladı: oğlu X1 xx.xx.1999-cü ildə və qızı X5 xx.xx.2002ci ildə anadan olmuşdur. Qeyd etmək istəyir ki, iddiaçı Moskva şəhərində mülkləri və biznesi var idi. İddiaçı ilə yaş fərqi çox olduğundan ondan qorxurdu və iddiaçı ona təqdim etdiyi bütün rəsmi sənədlərə onun təkidi ilə, oxumadan imza edirdi. İddiaçı ilə yaşayan müddətdə o ev dustağı kimi həyatını yaşayırdı. Dəfələrlə onlar boşanırdı sonradan yenidən rəsmi nikaha daxil olurdu, sonuncu dəfə iddiaçının təklifi ilə onun adından məhkəməyə nikahın etibarsızlığını qaldırmasını ondan tələb etmişdir. Onun hüquqi savadı olmadığından o nə deyirdi onu da edirdi. Ona bildirirdi ki, belə olmalıdır. Moskvadan Azərbaycana qayıtdıqdan sonra onlar 3 (üç) il Lənkəran şəhərində yaşadı. 2011-ci ildə Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 22, 16 saylı mənzili almış və həmin vaxtdan, bu günə qədər həmin ünvanda yaşayır. O, son zaman bilmişdir ki, iddiaçı həmin mənzili onun ümümi vəsaiti hesabına əldə etməyinə baxmayaraq mənzili qohumu X2 adına rəsmiləşdirmiş sonradan isə bağışlama müqaviləsi ilə öz adına keçirmişdir. Məlumat üçün bildirir ki, mərhum anası sağlığında öz səhvini başa düşərək və ondan nigaran olduğundan bir otaqlı mənzilini ona bağışladı. İddiaçı onu və uşaqları istədiyi vaxt evdən qovurdu. İddiaçı ailənin maddi ehtiyaclarını ödəmədiyi üçün o məcbur olaraq həmin mənzili kirayə verir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazla meyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, hərbiçi işləmiş və 2 evi var idi, həmin evlərdən biri dövlət tərəfindən verilmiş, digərini isə özü almışdır. İddiaçıya özü aldığı evi mənəvi borc olaraq bağışlama nəticəsində vermişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış 22 sentyabr 2007-ci il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2005-ci il tarixli 30/23339 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2007-ci il tarixli 11/25851 saylı arayışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148.0 kv.m. olan 4 otaqdan ibarət mənzili əmisi oğlu İddiaçı bağlamış və İddiaçı bağışlanan mənzili qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148.0 kv.m. olan xüsusi mülkiyyət xx.xx.2010-cu il tarixdən İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə, iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, iş materiallarından göründüyü kimi, İddiaçı əmisi oğlu tərəfindən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148.0 kv.m. olan xüsusi mülkiyyət 22 sentyabr 2007-ci il tarixli mənzil bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. Daha sonra həmin mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 2010-cu il tarixdən iddiaçının tam mülkiyyətindədir. Həmçinin iddiaçı ilə cavabdeh arasında ilk dəfə 1997-ci il tarixdə olmaqla bir neçə dəfə nikah bağlanmış və pozulmuşdur. Tərəflərin nikahdan 2 uşağı var və cavabdeh özü də etirazda göstərmişdir ki, həmin mənzildə 2011-ci ildən yaşamağa başlamışdır. Hazırda iddiaçı Cavabdeh həmin mənzildən çıxarılmasını tələb edir. Beləliklə məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148.0 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan və cavabdehin iddiaçıya məxsus olan evdə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək kimi hüquqlarından lazımi qaydada istifadə etməsinə mane olur, iddiaçının ona məxsus olan ev üzərində hüquqlarının lazımi qaydada həyata keçirilməsinə maneə törətdiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 22 saylı evin 16 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 22 saylı evin 16 saylı mənzilindən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar