Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1040/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 və onun müdafiəçisi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 58704, mənəvi zərərə görə isə 100 000 məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi Cavabdeh2 vəzifəli şəxs qismində səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək fiziki şəxsin (İddiaçı) hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, o, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış Cavabdeh1 mənzil-tikinti kooperativinin hüquqi varisi olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmaqla onun bazasında yaradılan Cavabdeh1 ümumi yığıncağının qərarına əsasən kooperativin sədri seçildiyindən vəzifəli şəxs olmaqla əvvəllər, yəni, Bakı şəhər XDS İK-in xx.xx.1990-cı il tarixli, 7/393 saylı qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində Cavabdeh1 MİK tərəfindən tikilməsi nəzərdə tutulmuş 5b saylı kooperativ yaşayış binasının tikintisi məqsədilə ayrılmış ərazidə qazılmış, lakin kooperativin sədri işlədiyi dövrdə onun sifarişi ilə «Bakıdövlətlayihə» İnstitutunun xx.xx.2006-cı il tarixli, 369229 inventar nömrəli layihə sənədinə əsasən layihələndirilmiş həmin binanın tikiləcəyi yerdə mövcud olan xəndəyin piyadaların gediş-gəliş yoluna tərəf hissəsinin qoruyucu hasarla hasarlanmasını, hasarın üzərində xəbərdarlıq yazıları və nişanlarının quraşdırılmasını, gecə saatlarında siqnal işıqlarının qoyulmasını “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının” 9.5-ci bəndinin tələblərinə əsasən təmin etməli olduğu halda, səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməyərək, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərməklə bütün bunları etməmiş, nəticədə həmin ərazinin yaxınlığında yaşayan və xəndəyin ətrafındakı yoldan istifadə edərək gündəlik olaraq işə gedibgələn 1962- ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində həmin xəndəyin yaxınlığından keçərkən yıxılmış, təxminən 30 dəqiqə həmin xəndəkdə ağrılar içərisində qalmış, bundan sonra oğlu Ceyhun yaxınlaşaraq xəndəyə daxil olub onu yıxıldığı yerdən çıxararaq təcili yardım çağırmışdır. Cavabdeh2 səhlənkarlığı nəticəsində o, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nahiyəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı xəsarətlərini almış, bununla da, vəzifəli şəxs qismində Cavabdeh2 işinə vicdansız və laqeyd münasibəti fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan əlavə, bu travmalar nəticəsində onun şəkərli diabet xəstəliyi güclənmiş, nəticədə hər iki gözünün görmə itiliyi itmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsindən verilmiş xx.xx.2022-ci il tarixli, 14/347 saylı rəyində onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb kimi onda olan şəkərli diabet xəstəliyi göstərilsə də, , bu mövqe yanlışdır. Belə ki, şəxsin görmə itiliyinin itirilməsinin səbəbli əlaqəsi məhz xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə olmuşdur. İddiaçı xəndəkdə təxminən yarım saat qalması nəticəsində onun şəkərli diabeti güclənmiş, o sarsıntı keçirmiş, məhz bunun məntiqi ardıcıllığı olaraq hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb olmuşdur. İddiaçı əvvəllər görmə qabiliyyətində əmək qabiliyyətini icra edə bilməməsinə səbəb olacaq heç bir sıxıntı olmamışdır. Məhz xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində onun keçirdiyi sarsıntılar onun hər iki gözündə görmə itiliyinin itirilməsi ilə nəticələnmişdir. Baş vermiş hadisə ilə İddiaçı hər iki gözündə görmə itiliyinin itirilməsi arasında səbəbli əlaqə mövcuddur və şəxsin sağlamlığına vurulan zərərlər arasında nəzərdən keçirilməlidir. İddiaçı xəndəkdə təxminən yarım saat çarəsiz vəziyyətdə qalmış, psixoloji sarsıntı keçirmiş, ona əhəmiyyətli dərəcədə mənəvi zərər vurulmuşdur. Daha sonra, cavabdeh, eyni zamanda digər Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 və onun müdafiəçisi Vəkil2 İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil– tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil–istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılmış və təxminən 30 dəqiqədən sonra oğlu Ceyhun tərəfindən oradan çıxarılana qədər ağrılar içərisində qalmışdır. Buna görə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Göstərilən hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda AR CM-nin 314.1-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaqı aparılmış və Cavabdeh2 CMnin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmə məsuliyyətinə verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-478/2022 №-li hökmü ilə ona 2(iki) il müddətinə islah işi cəzası verilmişdir. İddiaçının tələbində əvəllər görmə qabiliyyətində əmək qabiliyyətini icra edə bilməməsinə səbəb olacaq heç bir sıxıntı olmadığını göstərilən tarixdə yəni xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində onun keçirdiyi sarsıntılar onun hər iki gözündə görmə itiliyini itirilməsi arasında səbəbli əlaqə mövcud olduğunu və şəxsin sağlamlığına vurulan zərərlər arasında nəzərdən keçirilməsi göstərilmişdir. Göstərilən fikirlər tam yanlış, heç bir hüquqi və qanuni əsasları olmayan fərziyyələrdir. Belə ki, hələ istintaq zamanı həmin xüsusatlar araşdırlmışdır. Həmin vaxt təyin olunmuş məhkəmə tibbi ekspertizasının 09 sentyabr 2022-ci il tarixloi 14/347 №-li rəyi ilə də təsdiqini tapmışdır. Məhkəmə tibb ekspertinin xx.xx.2022-ci il tarixli 14/347 saylı rəyinə görə İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki, onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyidir, yəni xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. Həmin təxminən deməsinə görə 30 dəqiqə xəndəydə qalmasını isə psixoloji sarsıntı keçirməsi və ona əhəmiyyətli dərəcədə mənəvi ziyan vurulması kimi qiymətləndirmişdir. Göstərilən hər iki tələb əsassız və qanuna ziddir. Belə ki, uzun illər həmin binada yaşamış U.Şəmsədov uzun müddət şəkərli diabet xəstəliyindən əzab çəkməsi və gündəlik olaraq həmin yolu qət etməsinə baxmayaraq həmin günü ondakı xəstəliyin şiddətlənməsi nəticəsində görmə qabiliyyətində olan çatışmamazlıqla bağlı o yolu səhv saldığına görə həmin xəndəyə yıxılmasını isə unutmuşdur. MTE rəyində tam, açıq və aydın olaraq onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəbin şəkərli diabet xəstəliyi ilə əlaqədar olmasının göstərilməsi danılmaz və təkzib olunmaz sübutdur. Digər tərəfdən İddiaçı əvəllər də şəkərli diabet xəstəliyindən əzab çəkərək müalicədə olması faktları da danılmazdır. Bununla və onun işdən çıxma səbəbləri ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nə vəkil sorğuları göndərilmiş və hazıra qədər cavab alınmamışdır. Göstərilən xəsarətlə bağlı isə ona heç bir maddi ziyan dəyməmiş, onun bütün müalicə xərcləri dövlət sığorta fondu hesabına ödənilmişdir. Belə olduğu halda hansı maddi ziyandan bəhs edilməsi belə absurddur. İddiaçı mənəvi ziyana münasibətdə AR Mülki Məcəlləsinin 21 və 23-cu maddələrinin şərh edilməsinə dair” Konstitusuya Məhkəməsinin 31 may 2002-ci il tarixli, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarlarına istinad edərək zərərin məbləğinin ağlabatan və ədalətli olması meyarını göstərsə də bu ziyanın 100.000 manat kimi qiymətləndirilməsi də düzgün deyil. Daha sonra onun Azərbaycan Dəmir Yollar QSC-i tərəfindən verilmiş arayışa görə 946.84 əmək haqqı aldığını onun xx.xx.2027-ci il tarixdə pensiya hüququ yarandığına görə xx.xx.2022-ci il tarixdən həmin tarixə qədər olan müddət üçün maddi zərər (əldən çıxmış faydaya görə) 58.707 manat pul tələbini irəli sürmüşdür. İddiaçı uzun müddət xəstə olmasına görə öz ərisəsi ilə işdən çıxmış və onda yaranmış xəstəliyinin Cavabdeh2 ona yetirilməsi ilə heç bir bağlılığı və əlaqəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. Həmin cinayət işi üzrə çıxarılmış qanuni qüvvəyə minmiş hökmə əsasən, İddiaçı 05 mart 2022-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsində tikinti üçün qazılmış xəndəyə düşməsi artıq öz təsdiqini tapmışdır. Bunun nəticəsində iddia ərizəsində qeyd etdikləri xəsarətlər baş vermişdir və məntiqi ardıcıllıq olaraq müəyyən edilir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi 70 faizə qədər olmuşdur. Bununla bağlı məhkəməyə arayış təqdim edilmişdir. Bu əsasla da şəxs məcbur olaraq işdən çıxmışdır, çünki o, əmək qabiliyyətini itirmişdir. İddiaçı "xxxx" QSC-də vəzifəli şəxs olmuşdur. Məhkəməyə təqdim edilmiş xasiyyətnamədən də görünür ki, iddiaçı "xxxx" QSC-də 24 sentyabr 1990-cı il tarixdən elektrik təchizatı sahəsində mexanik vəzifəsində işə başlamış, müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Sonuncu dəfə iddiaçı baş mühəndis vəzifəsində çalışmışdır. Xasiyyətnamədən də görünür ki, iddiaçı işlədiyi dövrdə rəhbər işçi kimi daim normativ-hüquqi aktlardakı dəyişiklikləri izləmiş, özünün peşəkar fəaliyyətinin yüksəldilməsi üçün çalışmış və ümumiyyətlə "xxxx" QSC-də daim hörmətli sayılan əməkdaşlardan, rəhbər işçilərdən biri olmuşdur. Mənəvi zərərlə bağlı bildirmək istəyir ki, həmin günə qədər sağlam şəkildə işə gəlib–gedən, rəhbər vəzifədə çalışan şəxsin, həmin gündən sonra əmək fəaliyyətinin sıfırlanması onun üçün ən böyük mənəvi iztirabdır. İddiaçı ağrılarına görə və psixi vəziyyətini qorumaq üçün müxtəlif dərmanlardan daimi olaraq istifadə etmək məcburiyyətindədir. Bütün bunlar mənəvi ziyanın yüksək məbləğdə tutulması üçün kifayətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, nümayəndəsi və vəkili Vəkil1 dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 izahatında bildirmişdir ki, məlum hadisədən artıq iki ildən artıq müddət keçmişdir. İddiaçı cinayət işinin icraatı zamanı müvafiq iddia tələbi ilə müraciət etməmişdir. Dəfərlərlə iddiaçıya köməklik göstərilməsi ilə əlaqədar müraciət etmiş, lakin iddiaçı imtina etmişdir. İddiaçı 09 dekabr 2022-ci il tarixdə öz ərizəsinə əsasən, yəni AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, işdən çıxmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi müayinəyə dair məlumatda göstərilir ki, iddiaçının əmək qabiliyyəti vardır, yəni o, görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər. Əlbəttə ki, iddiaçı bu yaşda yüksək diabet xəstəsi olan şəxs olaraq ağır işlərdə işləyə bilməz. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıda görmə zəifliyi uzun müddətli şəkərli diabet xəstəliyi ilə əlaqədar yaranmışdır. İddiaçıda qalıcı xəsarət yoxdur. İddiaçının sol əlində travma olmasına baxmayaraq, sol əli ilə dayaq tutaraq gəzdiyinin şahidi olmuşdur. Qarşı tərəf maddi və mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 müdafiəçisi Vəkil2 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı verilmiş maddi və mənəvi ziyanla bağlı tələb tam əsassızdır. Belə ki, cinayət işinin istintaqı zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyində açıq-aydın şəkildə göstərilir ki, iddiaçının görmə qabiliyyəti ilə bağlı yaranmış hallar aldığı xəsarətlə bağlı deyil, onda olan şəkərli diabet xəstəliyinin əlamətləri ilə bağlı olmuşdur. AR Əmək və ƏSMN X1 Sistemi əllillik haqqında arayışdan da görünür ki, xx.xx.2022-ci il tarixli müayinəyə əsasən ümumi xəstəlik və gözdən əlil kimi ikinci dərəcəli əllilik almış, diaqnozu isə E 11.3 insulindən aslı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə Şəkərli diabet top ll, insulin tələbli,ağır forma,gözlərin zədələnməsi ilə Vİs OD = 0 (sıfır),Via OS=0,08 k/e (yüzdə səkkiz) olmuş, əlillik 2 il müddətinə verilmişdir. Tibbi Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, ona ikinci dərəcəli əlillik verilmiş, orqanizmin funksiyalarının 70% pozulması müəyyən edilmiş, əmək qabilyyətinin itirilmə faizi müəyyən edilsə də, görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi təsdiqlənmişdir. İddiaçının "xxxx" QSC-də tutduğu vəzifə rəhbər vəzifə olmamışdır. İddiaçı hadisəyə qədər onda olan xəstəliklərlə bağlı müalicə almış və dərmanlar qəbul etmişdir. Törədilmiş cinayət də qəsdən törədilmiş cinayətlər kateqoriyasına aid deyildir. Beləliklə məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkum olunmuş şəxs Cavabdeh2 AR CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum olunmuş şəxs Cavabdeh2 AR CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1289/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azrbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 14/347 nömrəli ekspert rəyinə əsasən vətəndaş İddiaçı almış olduğu xəsarətlər – qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə xəndəyə yıxılması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vətəndaş İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki, onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyi ilə əlaqədardır, yəni qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemindən xx.xx.2024-cü il tarixli Əlillik haqqında Arayışdan görünür ki, İddiaçı insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, şəkərli diabet tip İİ, insulin tələbli, ağır forma, gözlərin zədələnməsi ilə diaqnozu qoyulmaqla xx.xx.2022-ci il tarixdən iki il müddətinə 2-ci dərəcəli gözdən əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışdan görünür ki, İddiaçı E11.3 insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, şəkərli diabet tip İİ, insulin tələbli, ağır forma, gözlərin zədələnməsi ilə VİS OD=0, Vis OS= 0.08 k/e diaqnozu qoyulmaqla xx.xx.2022-ci il tarixdən iki il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Əlillik səbəbi gözdən əlildir. Görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər. İş materiallarında olan İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Ztağıyev elektrik təchizatı sahəsində baş mühəndis vəzifəsində çalışmışdır. İşlədiyi son iki il ərzində təxminən aylıq olaraq 946 manat əmək haqqı almışdır. İş materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Ztağıyev elektrik təchizatı sahəsinin orada baş mühəndis vəzifəsi sahəsində çalışmış İddiaçı barəsində 2023-cü ilin oktyabr ayında verdiyi xasiyyətnaməsində qeyd edilmişdir ki, İddiaçı dəmir yollarında əmək fəaliyyətinə xx.xx.1990-cı il tarixdən elektrik təchizatı sahəsində elektrik mexaniki vəzifəsində işə başlamış əmək fəaliyyəti dövründə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək H.Z.Tağıyev elektrik təchizatı sahəsində baş mühəndis vəzifəsində çalışmışdır. İddiaçı bir rəhbər işçi kimi daim normativ-hüquqi aktlardakı dəyişiklikləri izləyib və özünün peşəkar keyfiyyətlərinin yüksəldilməsi üçün mütəmadi müxtəlif təlim, seminar və konfranslarda iştirak edib. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 258940 nömrəli Əmrin surətindən görünür ki, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi bölməsində baş mühəndis vəzifəsi sahəsində çalışmış İddiaçı ilə bağlanılmış 222MXEB000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil–istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılmış və qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Göstərilən hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda AR CM-nin 314.1-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaqı aparılmış və hazırki iş üzrə Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məsuliyyətə cəlb edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-478/2022 №-li hökmü ilə ona 2(iki) il müddətinə islah işi cəzası verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkum olunmuş şəxs Cavabdeh2 AR CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1289/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlərlə əlaqədar cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 58704, mənəvi zərərə görə isə 100 000 məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri aldığı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilmiş, həmçinin cavabdeh məhkəmə iclasında izahatında bu faktı inkar etməmişdir. Odur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil– istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılması nəticəsində İddiaçı sağlamlığına ziyan vurulması işin mübahisəsiz halıdır. Mübahisə isə həmin hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərlə əlaqədardır. İş materiallarında olan tibbi sənədlərdən, digər iş materialları ilə də təsdiq olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət nəticəsində ona qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri dəymişdir. Lakin iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında aldığı bu xəsarətlər nəticəsində hər iki gözünün görmə itiliyinin azalmasını qeyd etmişdir. Yuxarıda qeyd edilən xəsarətlərin iddiaçının xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində aldığı iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 14/347 nömrəli ekspert rəyi ilə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapsa da, iddiaçının hər iki gözündə görmə itiliyinin itməsinə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlərin səbəb olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı qeyd edilən faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 14/347 nömrəli ekspert rəyində birbaşa olaraq qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki, onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyi ilə əlaqədardır, yəni qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. İş materiallarında olan sənədlərlə də təsdiq olunur ki, İddiaçı E11.3 insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, şəkərli diabet tip İİ, insulin tələbli, ağır forma, gözlərin zədələnməsi ilə VİS OD=0, Vis OS= 0.08 k/e diaqnozu qoyulmaqla xx.xx.2022-ci il tarixdən iki il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Buradan da görünür ki, ona təyin olunmuş əlilliyin səbəbi şəkərli diabet tip İİ xəstəliyinə bağlı olaraq gözlərin zədələnməsi olmuşdur. Bununla yanaşı, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" QSC-də vəzifəli şəxs olmuşdur. Uzun illər orada çalışmışdır. İşdən çıxmasını isə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlə əlaqələndirmişdir. Lakin burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsi barədə 258940 nömrəli Əmrdən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi bölməsində baş mühəndis vəzifəsi sahəsində çalışmış İddiaçı ilə bağlanılmış 222MXEB000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi müəyyən olunur. Belə ki, İddiaçı işdən çıxmasına səbəb özünün ərizəsi olmuşdur. Onun işdən çıxması ilə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlər arasında səbəbli əlaqə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə ilkin olaraq iddia tələbinin maddi zərərə görə 58704 manat məbləğində pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarət nəticəsində sağlamlığın uzun müddətə pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçı ona tələbində qeyd etdiyi kimi 58704 manat məbləğində maddi zərər dəydiyini təsdiq edən heç bir sübutu, müalicə xərclərini özündə əks etdirən qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi ona dəymiş 58704 manat maddi zərərin ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə 100 000 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İş materiallarında olan tibbi sənədlərdən, iddiaçının məhkəmədə verdiyi izahatından da görünür ki, İddiaçı hər iki gözündə görmə itiliyinin pozulması ilə onun xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlər arasında səbəbli əlaqə olmasa da, İddiaçı xx.xx.2022-ci il tarixdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. İddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarətin sonrakı fəsadları iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçı həmin xəsarətlə bağlı olaraq sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş, uzunmüddətli olaraq əmək qabiliyyətindən, fəal ictimai həyat tərzindən məhrum olmuş, nəticədə ona mənəvi zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 10000 manat mənəvi zərərin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10000 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. İddia tələbindən də göründüyü kimi iddiaçı tələbdə irəli sürdüyü məbləğin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb etsə də, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul yalnız Cavabdeh1ndən tutulmalıdır. Belə ki, müvafiq tikinti ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin görülməsini təmin etmək vəzifəsinin daşıyıcısı Cavabdeh1 olmuşdur və buna görə də xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsi də Cavabdeh1 üzərinə qoyulmalıdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1040/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1040/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver