Məhkəmə qərarları › İş №e-2(004)-1053/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1053/2022

10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1053/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 11.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 37483 manat əsas borc, 3405 manat faiz borcu, mediyasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 13 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 41101 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı MMC ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən istixananın işçiləri arasında bağlanmış 22 iyul 2020-ci il tarixli, 01 saylı alğı-satqı müqaviləsi əsasında öhdəliklərin yerinə yetirilməməsi səbəbindən müqavilə üzrə alıcı olan cavabdehin ümumilikdə 37483,30 manat məbləğində borcu yaranmışdır. Cavabdehə məxsus istixanın işçiləri ilə 22 iyul 2020-ci il tarixdə imzalanmış üzləşmə aktında cavabdehin borcunun 22049 ABŞ dolları, Azərbaycan manatına ekvivalenti 37483,30 manat məbləğində borcu olduğu və ödənişin son günü 30 oktyabr 2020-ci il tarixi müəyyən edilmişdir. Cavabdehə məxsus istixananın işçiləri ilə 13 iyul 2021-ci il tarixdə imzalanmış üzləşmə aktında cavabdehin borcunun olması bir daha təsdiqlənmiş və 37483,30 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Borcun ödənilməsi üçün ödəniş tarixindən bir ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya indiyədək heç bir borc məbləği ödənilməmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilmişdir. 06 avqust 2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə bir daha müraciət edərək, müqavilə üzrə öhdəliyini on gündən gec olmayaraq yerinə yetirilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən heç bir tədbir görülmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator tərəfindən verilən 18 noyabr 2021-ci il tarixli arayışda Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi göstərilmişdir. Cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi gecikdirildiyi üçün gecikdirilən müddətə görə borc məbləğindən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot fazi dərəcəsinə və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 3405 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc və hesablanmış faizlərlə birlikdə borc məbləği 40888 manata bərabərdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı qismində İddiaçı MMC ilə alıcı qismində X1 arasında bağlanmış 22.07.2020-ci il tarixli, 01 nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı MMC tərəfindən gübrə və pestisid adlanan malı alıcıya verməyi, alıcı isə bunun müqabilində müqavilədə nəzərdə tutulmuş qaydada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə X1 arasında alğısatqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin alğı-satqı müqaviləsindən irəli gələn borcun və faizin cavabdehdən tutulmasını tələb edir. İş materiallarında olan müqavilənin surətindən müəyyən olunur ki, müqavilə satıcı qismində İddiaçı MMC ilə alıcı qismində X1 arasında bağlanmışdır. Belə olan halda məhkəmə qeyd edir, Cavabdeh 22.07.2020-ci il tarixli, 01 nömrəli alğı-satqı müqaviləsinin tərəfi olmadığından iddiaçının ondan hazırki iş üzrə əsas və faiz borcunu tələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 37483 manat əsas borc, 3405 manat faiz borcu, mediyasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 13 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 41101 (qırx bir min yüz bir) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 37483 manat əsas borc, 3405 manat faiz borcu, mediyasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 13 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 41101 (qırx bir min yüz bir) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar