Məhkəmə qərarları › İş №e-2(004)-1059/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1059/2022

12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1059/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 37R ünvanda yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə (mehriban kafesi), abonent kodu (**********1131) əssasız yazılmış 1115 m³ və 209 m³ görə ümumilikdə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 37R ünvanda olan ******* nömrəli çıxarışa əsasən ona məxsus qeyriyaşayış sahəsində mütəmadi və nizamlı olaraq vaxtlı-vaxtında kommunal xidmətlərə görə ödəniş etmişdir. Onun müəssəsində onlarla insan çalışır və öz ailələrinə əməkhaqqı aparırlar. Lakin bəzi şəxslər öz vəzifə səlahiyyətlərindən istifadə edərək onların işinə maneə olurlar. Belə ki, onların qeyri-yaşayış sahəsində su sayğacı kart ilə idi, nə istifadə edirdilər onu da ödəyirdilər. Sonradan Azərsu gətirib mexaniki tipli sayğac qoymuş və iki ilə yaxındır ki, nəzarətçi gələrək sayğaca baxıb borcu deyir və onlar ona uyğun olaraq ödəniş edirlər. İşə əlavə edilmiş ödəniş siyasından da görünür ki, onların borcu 2021-ci il üçün çirkab suyuna görə görünmür. Lakin Azərsu 29.12.2021-ci ildə çirkab suyuna görə 1115m³, sayğaca müdaxiləyə görə isə 01.01.2022-ci ildə 209m³ cərimə yazmışdır. O, bu qeyd olunan cərimələrin sənədlərini istədikdə isə ona yalnız sözlə fikir bildirdilər lakin sənəd təqdim etmədilər (asan komunalda və binəqədisu idarəsində). Hörmətli məhkəmə 209m³ sayğaca müdaxilə ilə bağlı bildirir ki, sayğac çıxarılarkən plomb üzərində olmuşdur. Azərsu sayğacı müayinə edərək cərimə tətbiq edərkən onun iştirakı təmin olunmamış, bir tərəfli qaydada cərimə yazılmışdır. Çirkab suyuna görə yazılmış 1115m³ cərimə ilə bağlı bildirir ki, son iki ilə yaxındır suyun nəzarətçisi sayğaca baxaraq nə demişdirsə o vaxtlı vaxtında ödəniş etmişdir. Ödəniş salodsundan da görünür ki, onun çirkab suyuna görə borcu olmamışdır. 1 ildən sonra Azərsu gəlib ona 1115 m³ çirkab suyuna görə cərimə yazmaqda məqsədi, öz itkilərini onun kimi obyekt sahiblərinin üzərinə yığmaq olmuşdur. Həmçinin Azərsu inzibati orqan olmadığı üçün heç cərimə yazmaq səlahiyyəti də yoxdur. Hörmətli məhkəmə Azərsu ASC monopolis mövqeyindən çıxış edərək onun obyektinə yeni kartla işləyən bir sayğac quraşdırmış və kartını ona vermir. Obeyketdə isə su olmadan xidmət göstərmək mümkünsüz olur. Ölkədə alternativ bir su təchizatı təşkilatı olmadığı üçün Azərsu ona qeyri standart və monopolist şərtlərlə özündən aslı salmağa çalışır ki, buda orda çalışan onlarla insanın əmək haqqının kəsilməsinə səbəb olur. Həmçinin bildirir ki, o fərdi sahibkar deyil və VÖEN-i yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur və obyekt Mehriban kafesi kimi fəaliyyət göstərir. Onu da bildiri ki, həmin obyekt mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, alqı-satqıdan sonra Azərsu ASC müraciət etmədiklərindən abonent məlumatlarında kohnə mülkiyyətçinin adı qalmışdır. Həmin ünvanda kanalizasiya xətti də mövcuddur. Düzdür o istifadə etdiyi suyu kanalizasiyaya axıtsa da, ona görə ödənişlərin hesablanmamasından xəbərdar olmamışdır. Belə ki, ona cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş qəbzlər üzrə hər ay mütəmadi olaraq ödənişlər edilmişdir. Hazırda isə cavabdeh tərəfindən ona külli miqdarda su tullarına görə borc hesablanmışdır. Belə ki, onun bu məbləğdə borcun hesablanmasında heç bir günahı yoxdur. Bundan əlavə həmin borcu da indi birdəfəyə ödəmək iqtidarında deyildir. Əgər zamanında deyilsə idi o da, az-az borcunu ödəyərdi. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən sözü gedən qeyri-yaşayış sahəsi üzrə sudan istifadəyə görə ödəniş edilsə də, istifadə edilmiş suyun kanalizasiyaya axıdılmasına görə ödənişlər olunmamışdır. Belə ki, aydın məsələdir ki, istifadə olunmuş suyun miqdarında kanalizasiya xidmətinə görə də ödənişlər edilməlidir. Lakin iddiaçı həmin ödənişlərin heç birini etməmişdir. Bundan başqa iddiaçıya heç bir qanunsuz qoşulmaya görə cərimə yazılmamış, akt tərtib edilməmişdir. Mövcud olan borc istifadəçinin istifadə etdiyi suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq yaranmış borc məbləğidir. İddiaçının qeyd etdiyi, guya sayğac dəyişdirilərkən ona qanunsuz istifadəyə görə yazılmış cərimə ilə bağlı isə bildirir ki, qeyd olunan qeyri-yaşayış sahəsinə heç bir cərimə yazılmamışdır. Həmin borc da sudan istifadəyə görə qalıq borcudur. Belə ki, sayğac dəyişdirilərkən köhnə sayğacın üzərində mövcud olan və ödənilməmiş sərfiyyat göstəricisi yeni quraşdırılmış saygaca köçürülmüş və sayğac quraşdırıldıqdan sonra da, həmin gösdəricidən hesablanmağa davam edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. 19254806 nörməli abonent haqqında məlumatlardan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə çirkab sularının axıdılmasına görə 01.01.2022-ci il tarixədək 1115 manat, 11.01.2022-ci il tarixədək isə 209 manat məbləğində pul vəsaiti hesablanmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışıa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. Sözü gedən ünvan üzrə cavabdeh Azərsu ASC tərəfindən 01.11.2002-ci il tarixdən sudan istifadə və su tullantılarının axıdılmasına dair xidmət göstərilmiş və bu barədə 19254806 nömrəli müqavilə bağlanmışdır. İddiaçı mübahisəli ünvan üzrə daimi olaraq sudan istifadəyə görə ödənişlər etmiş, istifadə edilmiş su tullantılarını kanalizasiya xidmətinə axıtmış, lakin tullantı sularının axıdılmasına görə isə hər hansı bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzrə su tullantılarının axıdılmasına görə 2021-ci il üçün 1115 manat, 11.01.2022-ci il tarixədək isə 209 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən su tullantılarının axıdılmasına görə hesablanmış borc məbləğindən 70 manat məbləğində ödəniş edilmişdir, hal-hazırda çirkab sularının axıdılmasına görə 1274 manar borcu qalmışdır. Sözü gedən bu hal iş üzrə tərəflərin etiraf edici izahatları və eləcə də, iş materialları ( Abonent saldosu) ilə öz təsdiqi tapmışdır. İşin halları ilə o da, müəyyən edilmişdir ki, iddiaçının sudan istifadəyə görə balansında artıq ödənilmiş 193 manat məbləğində pul vəsaiti vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin a bəndinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafıq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 58-ci maddəsinin b bəndinə əsasən bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə ödənişlər müəyyənləşdirilmişdir. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.1.3, 4.1.4, 4.1.5 və 4.1.7-ci maddələrinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələri kimi müəyyən edilmişdir. “X3”nın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçisi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 iş günü müddətində yazılı müraciət etməlidir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 30.01.2021-cı il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” Qərarına əsasən qeyri-əhali istehlakçı qrupları üzrə 1 kub metr sudan istifadə üçün 1 manat, 1 kub metr tullantı sularının axıdılması üçün 1 manat tarif müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla iddiaçı tərəfindən su tullantılarının axıdılmasına görə kanalizasiya xidmətindən istifadə edilməsi və bu xidmətə görə ödənişlərin aparılmaması müəyyən edildiyindən iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar