Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1081/2024 20.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakın özgənin qanunsuz sahibliyindən və istifadəsindən geri tələb olunması, mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əmlakın özgənin qanunsuz sahibliyindən və istifadəsindən geri tələb olunması, mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən Cavabdeh, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin çıxarılmaları, mənzilin boşaldılması və mənzilin qanuni mülkiyyətçisi olan "xxxx" ASC-yə təhvil verilməsi barədə, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh və iddiaçı "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzə öhdəliklərini yerinə yetirməmiş və banka olan borcunu ödəməkdən yayınmışdır. Bununla əlaqədar olaraq tərəflərindən notariat orqanına müraciət edilərək, Cavabdeh və iddiaçı "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsi üzrə yüklü edilmiş və cavabdehə məxsus əmlaka tutmanın yönəldilməsi xahiş edilmişdir. Notariat orqanı tərəfindən qəbul edilən 12 may 2023-cü il tarixli, 8i-4555 nömrəli icra qeydinə əsasən, pul tələbi üzrə tutma cavabdehə məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 607-609-cu məhəllə, Bəsti Bağırova küçəsi ev 15 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi təklif edilmişdir. Qeyd edilən icra sənədi aidiyyatı üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. İş üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və əmlaklar qiymətləndirildikdən sonra, hərracın keçirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən əmlakın satışı üzrə hərrac keçirilmişdir. Hərracın yekunları barədə 49/11 saylı 20 noyabr 2020-ci il tarixli protokoluna və "xxxx" ASC və "xxxx" MMC arasında hərracın yekunları barədə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri,Yasamal rayonu, 607-609-cu məhəllə, Bəsti Bağırova küçəsi ev 15, 6 nömrəli mənzil, 382500 (üç yüz səksən iki min beş yüz) manat məbləğində borc əvəzinə "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Qeyd edilən protokola və müqaviləyə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və "xxxx" ASC-nin Yasamal rayonu, 607-609-cu məhəllə, Bəsti Bağırova küçəsi ev 15, mənzil 6 üzərində tam mülkiyyət hüquqları qeydiyyatdan keçirilmişdir. Hazırda həmin mənzil üzrə tam mülkiyyət hüququ "xxxx" ASC-yə məxsusdur. Göründüyü kimi, Bankın mənzil üzərində mülkiyyət hüququ əldə etməsindən uzun müddət keçməsinə baxmayaraq, Bank bugünədək mənzilə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb Cavabdeh, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin heç bir qanuni əsas olmadan yaşamaları, həmin əmlaka qanunsuz sahiblik və istifadə etmələridir. Belə ki, ASAN5 tərəfindən Banka verilmiş yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli, ******* Nömrəli arayışa əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan heç bir şəxs yoxdur. Buna görə də bildirirlər ki, cavabdehin mənzildə yaşamasının heç bir hüquqi əsası yoxdur və qanunsuzdur. Bank tərəfindən cavabdehə mənzilin 3 (üç) gün müddətindən gec olmayaraq əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması, əmlakın boşaldılması və mənzildən çıxarılma barədə 27 noyabr 2023-cü il tarixində xəbardarlıq göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən mənzil boşaldılmır. Bununla da cavabdeh iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olur. Əlavə olaraq bildirirlər ki, qeyd edilən mənzilə tutma yönəldilmiş və satılmış, həmçinin cavabdehlə bir yerdə yaşamış Aliyeva Emma, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda, mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə notariat qaydada təsdiq edilmiş öhdəlik götürmüşdür. Qeyd edilən əsaslar olduğuna görə “İpoteka haqqında qanun”da da göstərildiyi kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər əmlakı dərhal tərk etməlidirlər. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan reyestrdə 8İ-4555 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli İcra qeydinə əsasən ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilə tutma yönəldilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Hərracın yekunları barədə 49/11 saylı, 20 noyabr 2020-ci il tarixli protokola və xx.xx.2020-ci il tarixli "xxxx" ASC və "xxxx" MMC arasında hərracın yekunları barədə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri,Yasamal rayonu, 607-609-cu məhəllə, Bəsti Bağırova küçəsi ev 15, 6 nömrəli mənzil, 382500 (üç yüz səksən iki min beş yüz) manat məbləğinə "xxxx" ASC tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən, ünvan 4 ünvanında qeydiyyatda olan heç bir şəxs yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilin 3 (üç) gün müddətindən gec olmayaraq əmlakın əmlakın boşaldılması və mənzildən çıxarılma barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Alıyeva Emmanın notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Alıyeva Emma Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilin ipoteka qoyulmasına razılıq vermiş və ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda, mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə notariat qaydada təsdiq edilmiş öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 100 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən 6 saylı mənzil Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Cavabdeh ailəsi ilə birlikdə iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan mənzildə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi yalnız Cavabdeh deyil, eyni zamanda onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin çıxarılmaları hissəsində də qanuni və əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsində qeyd edilmişdir ki: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh onunla birgə yaşayan ailə üzvləri və digər şəxslərlə birlikdə ünvan 3 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh onunla birgə yaşayan ailə üzvləri və digər şəxslərlə birlikdə ünvan 3 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1081/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1081/2024
20.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver