Məhkəmə qərarları › İş №e-2(004)-1100/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1100/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1100/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 250 manat məbləğində sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 04.03.2022-ci il tarixdə ərizə göndərərək 14.03.2022-ci il tarixli məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.11.2020-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh ona məxsus “Mercedes Benz E220” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Opel Omega” markalı, **-VB-*** dövlət nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuş və daha sonra hadisə yerindən yayınmışdır. Yasamal rayon DYPŞ-nin 11.12.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6 (hadisə yerindən yayınma) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Opel Omega” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 7224 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxs X1 hesabına 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan ******* nömrəli, 30.11.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh 12.11.2020-ci il tarixdə “Mercedes Benz E220 CDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini idarə edərkən Yasanal rayonu ərazisində İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 11.12.2020-ci il tarixli, TP 40372729 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan 25.12.2020-ci il tarixıi 7224 saylı qüsur aktına əsasən “Opel Omega” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi həcmi 250 manat müəyyən edilmişdir. İş materiallarında olan Yasamal Rayon Polis Şöbəsi tərəfindən verilmiş 26.12.2020-ci il tarixli arayışa əsasən əsasən “Mercedes Benz E220 CDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 12.11.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh mülkiyyətində və istifadəsində olmuşdur. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. Hadisə nəticəsində X2 idarə etdiyi “Opel Omega” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan 06.01.2021-ci il tarixli, 7224 №-li sığorta aktına əsasən 12.11.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Opel Omega” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan üzrə sığorta ödənişi 250 manat təşkil edir. İş materiallarında olan 14.01.2021-ci il tarixli, 3379 nömrəli ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X3 250 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan AC serilalı, 820205 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mercedes Benz E220 CDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan sığorta müqaviləsinə dair məlumata əsasən “Mercedes Benz E220 CDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 12.11.2020-ci il tarixə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə icbari sığorta müqaviləsi mövcud olmuşdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Mercedes Benz E220 CDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində və istifadəsində olmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkmiş X3 250 manat məbləğində sığorta ödənişi edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar