Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1105/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi Nümayəndə1 və vəkili X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi, maddi və mənəvi zərər” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh” Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş binanın 1-ci girişinin 10-cu mərtəbəsində, 204,70 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 22 saylı mənzilin tam mülkiyyət hüququ ilə paylı sahibləri İddiaçı1 və X1 mənzil üzrində mülkiyyət hüququnun DƏDRX-də Hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrində qeydə alınması və çıxarışın alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbi üzrə zəruri sənədlərin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh MTK tərəfindən X3 və X2 maddi ziyan olaraq 57000 manat və mənəvi ziyan olaraq 10000 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə X5 arasında xx xxxxxx 2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı1 mənzilin dəyərinin tam ödənilməsi barədə 22 nömrəli maliyyə arayışı verilmişdir. 2008-ci ildən etibarən Cavabdeh MTK-nın sədri Nümayəndə2 və binanın komendantı Nümayəndə1 mənzilə mülkiyyət hüququnun qanunla müəyyən edilmiş qaydada qediyyatı üçün zəruri sənədlərin təqdim edilməsini tələb etmişdir. Lakin bu günə kimi həmin sənədlər onlara təqdim edilməmişdir. Bunun nəticəsində, iddiaçılar onlara məxsus mənzili özəlləşdirə bilməmişlər, hətta mənzili kirayə də verə bilməmişlər. Mənzil vaxtında özəlləşdirildiyi təqdirdə iddiaçılar 2013-cü ilin fevral ayından 2019-cu ilin noyabr ayına kimi mənzili kirayə verə bilməmiş, beləliklə onlara əldən çıxmış fayda olaraq 57.000 manat məbləğində maddi zərər dəymişdir. Bu neçə illər ərzində davam edən cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində onlar mənəvi sarsıntı keçirmişlər və onlara dəymiş mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirirlər. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək izahatlarında göstərmişlər ki, MTK tərəfindən iddiaçılara onlara məxsus mənzildə yaşamaları və təmir işləri görmələrinə hər hansı maneə törədilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı2 iddiası rədd edilməli, İddiaçı1 iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı1 ilə Cavabdeh MTK arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 586-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 1-ci blokunda 4 otaqlı 22 nömrəli mənzilin tikintisi Cavabdeh MTK tərəfindən öhdəliyə götürülmüş, mənzilin dəyəri 112585 ABŞ dolları müəyyən olunmuşdur. “xxxx” MTK tərəfindən verilmiş 22 saylı maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 586-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 1-ci blokunda 4 otaqlı 22 nömrəli mənzilin dəyərinin İddiaçı1 tərəfindən tam şəkildə Cavabdeh MTK-ya ödənildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, iddiaçılar cavabdehə müraciət edərək mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin onlara verilməsini xahiş etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin qanunun 10-cu maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehlə bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş, mənzilin dəyərini ödəmiş, lakin cavabdeh mənzilə aid müqaviləni və maliyyə arayışını iddiaçıya versə də, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını ona verməmişdir. Odur ki, İddiaçı1 iddiası zəruri sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə İddiaçı1 57000 manat maddi ziyanın tələbi ilə bağlı qeyd edir ki, mənzilə dair sənədlərin verilməməsi iddiaçının mənzili kirayə verməklə gəlir əldə etmək imkanını istisna etmədiyindən onun iddiası həmin tələb hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, İddiaçı1 haqlı olaraq cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etməyə məcbur olmuşdur. Bu hallar isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Bununla yanaşı məhkəmə mənəvi zərərin məbləği ilə razılaşmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliklərinin təhlükəlik dərəcəsini, bunun nəticəsində İddiaçı1 keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 300 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, mənzil barəsində müqavilə yalnız İddiaçı1 ilə bağlandığından və bununla əlaqədar həmin mənzilə dair tələb etmə hüququ E.Niftəyevə məxsus olduğundan, İddiaçı2 həmin mənzilə dair hər hansı subyektiv hüququ olmadığından İddiaçı2 iddiası təmin oluna bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 0,13 manat hissəsi cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı2 iddiası rədd edilsin. İddiaçı1 iddiası qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 586-cı məhəllə, blok 1, 4 otaqlı, 22 saylı mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı1 verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK-dan 300 (üç yüz) manat mənəvi zərər və 0,13 (on üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-1105/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1105/2021
17.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver