Məhkəmə qərarları › İş №e-2(004)-1236/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1236/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1236/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh İddiaçı ASC tərəfindən ona verilmiş plastik kart vasitəsilə kart hesabından özünə məxsus olmayan pul vəsaitindən müxtəlif maliyyə əməliyyatları edərək əsassız olaraq varlanmış və İddiaçı ASC-yə 3,314,57 (üç min üç yüz on dörd manat əlli yeddi qəpik) manat maddi zərər vurmuşdur. Bank tərəfindən cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) pulun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəyişiklik barədə ərizə verilərək 3,314,57 (üç min üç yüz on dörd manat əlli yeddi qəpik) manat maddi zərər, həmin vəsaitdən istifadə edildiyinə görə illik 5%-dən hesablanmaqla 276,16 (iki yüz yetmiş altı manat on altı qəpik) manat vəsaitin və dövlət rüsumu qismində ödənilmiş 53,15 (əlli üç manat on beş qəpik) manat pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasındakı xx.xx.2017-ci il tarixli “Ödəniş kartının verilməsi və istifadə edilməsinə” dair müqavilənin 1-ci hissəsinin sonuncu bəndinə əsasən Texniki Overdraft- akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya texniki əməliyyat nəticəsində nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəlikdir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. Həmin müqavilənin 3.3-cü bəndində müqavilə tərəfin olan İstifadəçinin öhdəlikləri qeyd edilmişdir. Belə ki, müqavilənin 3.3.5-ci bəndinə əsasən müəyyən edilir ki, İstifadəçi ödəniş kartı hesabına bağlı əsas və əlavə kartlara görə bu müqavilə çərçivəsindən məsuliyyət daşıyır. Müqavilənin 3.3.6-cı bəndinə əsasən müəyyən edilir ki, kart hesabına artıq və ya səhvən gəlmiş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, bu məbləğləri geri qaytarmaq və ya Bank tərəfindən hesabdan silinməsinə etiraz etməmək, həmçinin səhvən hesaba mədaxil edilmiş vəsait aşkar edildikdə dərhal Bankı məlumatlandırmaq İstifadəçinin vəzifəsidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışın təsviri və nəticə hissələrinə əsasən müəyyən edilir ki, Cavabdeh kart hesabına 15,816,55 manat mədaxil olunub, 20,439,65 manat məxaric olunub (20,439,65-15,816,55=4,623,10 manat). xx.xx.2021-ci il tarixə olan ilkin qalıq 1308,53 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixə olan son qalıq isə 3,314,57 manat təşkil etmişdir (4623,10-1308,53= 3,314,57 manat). İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizəyə əsasən müəyyən edilir ki, Cavabdeh ödəniş kartının alınması barədə ərizə ilə İddiaçı ASC-yə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını İddiaçı ASC ilə Cavabdeh arasındakı xx.xx.2017-ci il tarixli “Ödəniş kartının verilməsi və istifadə edilməsinə” dair müqavilənin 1-ci hissəsinin sonuncu bəndi, 3.3.5 və 3.3.6-cı bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir- çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Lakin, xx.xx.2017-ci il tarixli “Ödəniş kartının verilməsi və istifadə edilməsinə” dair müqavilənin 1-ci hissəsinin sonuncu hissəsi, 3.3.5 və 3.3.6-cı maddələrində hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh kartına texniki maliyyə əməliyyatı səhvi olaraq İddiaçı ASC tərəfindən 3,314,57 (üç min üç yüz on dörd manat əlli yeddi qəpik) manat pul köçürülmüşdür. Lakin, Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya 3,314,57 (üç min üç yüz on dörd manat əlli yeddi qəpik) manat maddi zərər vurmuşdur. Əgər vəsait Cavabdeh tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Belə ki, müqavilənin 3.3.5-ci bəndinə əsasən Cavabdeh ödəniş kartı hesabına bağlı əsas və əlavə kartlara görə bu müqavilə çərçivəsindən məsuliyyət daşıyır. Kart üzrə İstifadəçi qismində Cavabdeh çıxış edir. Beləliklə, Tərəflər arasındakı xx.xx.2017-ci il tarixli “Ödəniş kartının verilməsi və istifadə edilməsinə” dair müqavilənin 1-ci hissəsinin sonuncu bəndi, 3.3.5 və 3.3.6-cı bəndləri iddianın faktiki və hüquqi əsasları eyni eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Nəticədə, Cavabdeh İddiaçı ASC-yə məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla faydalandığına görə vəsaitin məbləğindən müvafiq faizləri ödəməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3,314,57 (üç min üç yüz on dörd manat əlli yeddi qəpik) manat pul, həmin vəsaitdən cavabdeh tərəfindən əsassız istifadə edildiyinə görə illik 5%dən hesablanmaqla 276,16 (iki yüz yetmiş altı manat on altı qəpik) manat vəsaitin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 53,15 (əlli üç manat on beş qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3,314,57 (üç min üç yüz on dörd manat əlli yeddi qəpik) manat pul, illik 5%-dən hesablanmaqla 276,16 (iki yüz yetmiş altı manat on altı qəpik) manat vəsait və ödənilmiş 53,15 (əlli üç manat on beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar