Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1240/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının qeydiyyata alınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral 1952-ci il təvəllüdlü əri X4 ölüm faktının 12.07.2021-ci il tarixdən müəyyən edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X9 27 dekabr 1952-ci il tarixdə anadan olmuş, 12 iyul 2021-ci il tarixdə Quba rayonu, Qəçrəş yolunda vəfat etmişdir. Əri uzun müddət ürək xəstəliyindən əziyyət çəkmiş və müxtəlif xəstəxanalarda müalicə almışdır. Ərinin vəfat etməsi ilə bağlı 12 iyul 2021-ci il tarixli Quba Rayon Mərkəzi Xəstəxanası Təcili və X6 şöbəsi tərəfindən ölüm haqqında vərəqə verilmişdir. Qeyd etdiyi vərəqədə ərinin ölümünün ilkin səbəbi kəskin miokard infarktı qeyd olunmuşdur. Bundan sonra 2021-ci ilin sentyabr ayında o, əri 3 saylı Şəhər Poliklinikasında qeydiyyatda olduğuna görə, yoldaşının ölüm haqqında tibbi şəhadətnaməsini almaq üçün poliklinikaya müraciət etmiş, lakin poliklinika imtina cavabı vermişdir. Cavabda göstərmişdilər ki, əri 20 fevral 2009-cu il tarixdən heç bir xəstəliklə bağlı poliklinikaya müraciət etməmiş, mərhumun qohumları isə ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün poliklinikaya gec müraciət etmişdir. Daha sonra ərinin ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, 20 oktyabr 2021-ci il tarixli, 05/76-4181/15 nömrəli məktubu ilə imtina verilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal Rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, ərizəçinin oğludur. X15 mütəmadi olaraq onların Quba rayonunda yerləşən bağ evinə gedərək orada bir müddət qalmışdır. 2021-ci ilin iyul ayının 12-sində xəbər almışdır ki, atasının həmin bağ evində dünyasını dəyişib. Bu baradə bağın mühafizəçisi onu məlumatlandırıb, o da Qubaya, həmin bağ evinə gedib. Atasının ürəyində xəstəliyi olub və uzun müddət bu səbəbdən dərman qəbul edib. Onlar gələnə kimi təcili tibbi yardıma xəbər olunmuşdu. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, o, ərizəçinin baldızının oğludur, yəni vəfat etmiş Nəcəfov Hüseyn onun dayısıdır. Dayısının dünyasını dəyişməsinin xəbərini ona dayısı oğlu məlumat vermişdir. Dayısı vəfat edəndə o Bakıda idi. Dayısının nəşini Bakıya gətirmişdilər. O, Bakıda dəfndə iştirak edib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 14.04.1962-ci il tarixdə Yasamal Rayon VVADQ şöbəsində nikah daxil olmuşdurlar. Nikahdan sonra arvada Nəcəfova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 27.02.1952ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən X7 ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli, 05/76-4181/15 nömrəli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X4 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Təcili və X6 şöbəsinin Ölüm haqqında vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadasının tərkibinə 12.07.2021-ci il tarixdə, saat 17:13-də Quba rayonu, Qəçrəş yolu ünvanına çağırış edilmiş və kişi cinsinə məxsus meyit aşkar edilmişdir. Ölümünün ilkin səbəbi kəskin miokard infarktı qeyd olunmuşdur. İş materiallarında olan 3 nömrəli Şəhər Poliknikası tərəfindən X7 ünvanlanmış 30.09.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş 27.02.1952-ci il təvəllüdlü X9 12.07.2021-ci il tarixdə, saat 17:13-də Quba rayonu, Qəçrəş yolunda vəfat etmişdir. Mərhum 3 nömrəli şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq, 20.02.2009-cu il tarixdən heç bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir. Mərhumun qohumları ölüm haqqında tibbi şəhadətnamə almaq üçün poliklinikaya gec müraciət etmişdir. Mərhumun hansı xəstəlikdən rəhmətə getməsi barədə məlumat olmadığından ölum haqqında tibbi şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmişdir. AR Səhiyyə Nazirliyinin əmrinə əsasən ölüm haqqında tibbi şəhadətnamə 3 gün müddətində verilməlidir. İş materiallarında olan qəbirüstündə çəkilmiş fotoşəkillərdən görünür ki, X4 27.02.1952-ci ildə anadan olduğu və 12.07.2021-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon Bələdiyyəsi tərəfindən verilmiş 25.02.2022ci il tarixli məktubdan görünür ki, 27.02.1952-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 13.07.2021-ci il tarixdə dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 27.02.1952-ci il təvəllüdlü X4 12.07.2021-ci il tarixdə Quba rayonu, Qəçrəş yolunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 27.02.1952-ci il təvəllüdlü X4 12.07.2021-ci il tarixdə Quba rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1240/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1240/2022
28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver