Məhkəmə qərarları › İş №e-2(004)-1256/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1256/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1256/2024 08.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 160 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil “mənzilə istifadə hüquqlarının olmaması” tələbinə dair iddiaya dəqiqləşmə ərizəsi təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, və Axundova (Səlimova) Həmidəxanım Əliəsgər qızının Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 160 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR`dən ********** qeydiyyat nömrəli və **********97-10301 daşınmaz əmlakın reyestr nömrəli Çıxarış ilə Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 160 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı3, İddiaçı1 və İddiaçı2 məxsusdur. Onlar həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər, Cavabdeh2, X5 və Cavabdeh1 sözügedən ünvanda qeydiyyatda olsalar da istifadə hüquqları qeydiyyata alınmayıb, onların həmin ünvana qeydiyyatı formal xarakter daşıyır, hal-hazırda cavabdehlər ümumiyyətlə həmin ünvanda yaşamırlar. Cavabdehlərin, çox əvvəllər Bakı şəhərində qeydiyyatda durmaq üçün evləri olmadığından həmin mənzilə qeydiyyata salınmış lakin mənzilə dair heç-bir istifadə və mülkiyyət hüquqları olmamışdır. Cavabdeh2, X5 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 160 saylı evdə qeydiyyatda qalması iddiaçıların mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə, eyni zamanda mülkiyyətlərində olan əmlak üzərində sərəncam verməylərinə maneələr yaradır, artıq kommunal və sair ödənişlərə səbəb olur. Həmin şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal RPİ-nə müraciət etmişlər. Lakin cavabdeh 5 avqust 2022-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət olunmasını bizə tövsiyə etmişdir. İddiaçılar Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2131/2023 saylı qərarı ilə iddia ərizəsi təmin olunmamışdır. Qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 hazırda Bakı şəhəri,Yasamal rayonu, X19 küçəsi, 160 saylı fərdi yaşayış evində yaşamasalar da, onların həmin ünvana qeydiyyata alınması 2000-ci ildən sonrakı dövrə təsadüf etməsi hazırkı məhkəmə icraatında müəyyən edilir. Üçüncü şəxslərin əvvəlki dövrdə qeydiyyata alınması ilə bağlı dəlillərini iddiaçı tərəf, eləcə də cavabdeh inzibati orqan inkar etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, üçüncü şəxslərin müvafiq fərdi yaşayış evinə istifadə hüquqlarının olub-olmaması müəyyən edilməlidir. Bu xüsusat isə, inzibati məhkəmə icraatında müəyyən edilə bilməz, lakin mülki məhkəmə icraatının predmeti kimi çıxış edə bilər və həmin şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu müəyyənləşdirməyə mülki məhkəmə icraatı imkanlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Odur ki, cavabdehlər, Cavabdeh2, Cavabdeh1 və X1 Bakı şəhəri,Yasamal rayonu, X19 küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasına dair yekun məhkəmə aktının çıxarılmasına zərurət yaranmışdır. Belə ki, cavabdehlərin faktiki mübahisələndirilən evə istifadə hüququnun olmamasına dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 9 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilən, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumatın aşkar edilməməsinə dair dəlil mövcuddur. Bakı şəhəri Yasamal Rayon MKTB-nin 60 saylı MKİSin 11 iyul 2023-cü il tarixli 80 saylı arayışında qeyd olunur ki, Cavabdeh2 M.Fətəli küçəsi, ev 160 ünvanında MKİS-də olan məlumatlara əsasən qeydiyyatdadır, lakin yaşamır. Cavabdeh2 və Cavabdeh1 İnzibati Məhkəmə iclaslarında həmin mənzildə yaşamadıqlarını etiraf etmələri və cavabdehlərin yaxın qohumluq münasibətlərinin olmaması sübuta yetirir ki, iddia tələbləri təmin edilməlidir. Cavabdeh şəxslər Cavabdeh2, X5 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, 160 saylı evə həmin evin hazırkı mülkiyyətçiləri kimi çıxış edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iradəsi (razılığı) ilə qeydiyyata alınmamışlar. Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, 160 saylı ev vərəsəlik qaydasında keçmişdir və Cavabdeh2, X5 və Cavabdeh1 mənzilə dair vərəsəlik hüquqları yoxdur və iddiaçılara məxsus evdə qeydiyyata salınmaqlarına razılıq verməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, sözügedən ev 1933-cü ildə İddiaçı1 babası Əbülfəz kişi tərəfindən öz adına alınmışdır. Əbülfəz kişi onun nənəsi ilə iddiaçıların nənəsini özü ilə Bakıya gətirmişdir. O, uşaqlıqda orada yaşamasa da, nənəsi həmişə orada yaşamışdır. İddiaçı1 1990-cı illərdə sözügedən ev barədə öz adına çıxarış almışdır. Ancaq bu zaman nə onun, nə də digər Cavabdeh1 imzası alınmamışdır. 1983-cü ildə atası həmin evi böyük qardaşı evləndiyi zaman təmir etdirmişdir. Ancaq sonradan qardaşı həmin evdə yaşamağı istəmədiyinə görə ev bağlı qalmışdır. İddiaçı1 o dövrdə atasının yanına gələrək evin ona satılmasını istəmişdir, ancaq atası demişdir ki, ata-babadan qaldığına görə evi sata bilməz. Atası buna baxmayaraq İddiaçı1 əgər istəyirsə, o evdə yaşamasına izazə verdiyini bildirmiş, ancaq evin nəticədə özünə məxsus olduğunu demişdir. İddiaçı1 neçə illər ərzində həmin evi təmir etdirərək kirayəyə vermiş, ancaq əldə etdiyi gəlir barədə heç vaxt ona məlumat verməmişdir. O da, həmçinin ona özü heç nə deməmişdir. Çünki evin onu təmir etdirdiyini, kirayə verdiyini bilmiş, əldə etdiyi gəlirə isə ehtiyacları olmadığından heç vaxt onunla arasında bu barədə problem yaranmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, anası ilə atası, həmçinin nənəsi o evdə yaşamışdır. O, 16 yaşından etibarən rəsmi qeydiyyatı həmin evə olmuşdur. Lakin doğulduğu vaxtdan təxminən 1980- 1982-ci ilədək orada yaşamışdır. Sonradan ev şəraitsiz olduğundan həmin ünvandan köçmüşlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun anası sözügedən evə 1953-cü ildə gəlin getmişdir. O da, həmin evdə anadan olmuş və yaşamışdır. 16 yaşı olduqda isə evə qeydiyyata düşmüşdür. Universitetdə oxuyanda və işə gedəndə də həmin evə gedib-gəlmişdir. 1988-ci ildə ərə gedəndən sonra evdən köçsə də, mütəmadi sözügedən evə gedib-gəlmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 09 yanvar 2023-cü il tarixli məktubunda bildirilir ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 160 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyat alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin fərdi yaşayış evinin 6/8 hissəsi İddiaçı3, 2/8 hissəsinin 2 otağı İddiaçı1 və 2 otağı İddiaçı2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2131/2023 saylı 10 avqust 2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-(004)- 3964/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon MKTB 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin 12 mart 2024-cü il tarixli 12 saylı sorğuya cavabından görünür ki, Cavabdeh1 07 iyun 1974-cü ildən, Cavabdeh2 12 dekabr 1987-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş İV-JQ 461931 saylı 14 oktyabr 1988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 14 oktyabr 1988-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 764 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan AZEMİS sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 12 saylı evin 36 saylı mənzili Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-(004)- 1256/2024 saylı 08 aprel 2024-cü il tarixli qərardadına əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdeh X2 münasibətdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Mirzə Fətəli, 160 ünvanında yaşayır. İddiaçılar onların yaşadıqları həyətdə yerləşən digər evdə anadan olmuşlar. Onlarla qonşuluq münasibətlərində olmuşlar. İddiaçı3 digər həyətdə öz evində yaşayırmış, hazırda həmin evdə yaşamır. Cavabdehlər isə orada yaşamırlar. Cavabdeh2 atasını tanıyırmış, ancaq orada yaşadığını görməmişdir. Cavabdeh Rübabə xanımın da orada yaşadığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçılar qonşularıdır. 1975-ci ildə evin yerləşdiyi ünvandakı digər bir evə gəlin gəlmişdir. Mübahisəli ev kiçik bir evdir. Orada həmin dövrdə iddaçı İddiaçı1 özü, həyat yoldaşı, uşaqları, atası, anası, bacısı yaşayırdılar. İddiaçı3 da həmin həyətdə öz evində ailəsi ilə yaşayırdı. Cavabdehləri isə tanımır və onları heç vaxt görməmişdir. Sadəcə orada daha əvvəl yaşayan qoca nənə var idi, ancaq onun da adını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, iddiaçıları tanıyır, onun keçmiş qonşularıdır. O, 53 il ərzində həmin evin yerləşdiyi həyətdə yaşamışdır. Orada olduğu dövrdə Cavabdeh2 atasının adını eşitmişdir və tanıyırmış, ancaq orada yaşadığını bilmir, çünki yadına gəlmir. Cavabdehlərdən orada daimi yaşayan görməmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən edildi ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların mülkiyyətindədir. Cavabdehlər mülkiyyətçilərin ailə üzvü deyil və həmin ünvanda qeydiyyatdadırlar. Lakin, cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşamır və daimi yaşamaq üçün başqa yaşayış yerinə getmişlər. Cavabdehlərin hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus evdə qeydiyyatda qalmaları evin sahiblərinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh şəxslərin mübahisəli mənzildən daimi olaraq çıxıb getmələri və yaşamaq üçün faktiki olaraq geri dönməmələri onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getdiyini təsdiq edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 160 saylı mənzildə qeydiyyatda olsa da, onların həmin mənzildən daimi olaraq köçmələri və başqa yaşayış sahəsində yaşamaları öz təsdiqini tapdığından cavabdeh şəxslərin mübahisəli evə olan istifadə hüquqlarının itirilməsinə dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 160 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar