Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1306/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərərə görə 150000 (yüz əlli min) manat, mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğində pul vəsaitinin, ödənilmiş 490 (dörd yüz doxsan) manat məbləğində dövlət rüsumunun və 60 (altmış) manat məbləğində mediasiya rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək Cavabdeh QSC-də müxtəlif vəzifələrdə işləmiş və işə qəbul olan zaman tam sağlam olmuşdur. 2010-cu ilin dekabr ayından başlayaraq sağ - işlək əlində qıcolmalar başlamışdır və bununla əlaqədar 2011-ci ilin yanvar ayında həkimə müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində ona “yazı spazmı” (peşə xəstəliyi) diaqnozu qoyulmuşdur. Həkim məsləhəti ilə Cavabdeh QSC-də vəzifəsi dəyişdirilərək (2011-ci il) yazı əlaqəsi az olan işə keçirilsə də, “yazı spazmı” xəstəliyi davam etmişdir və hal-hazırda da davam etməkdədir. Xəstəliyinin yaranmasına səbəb bank tərəfindən qoyulan aylıq iş planlarının fiziki (əzələ) və psixoemosional (stress) gərginlik yaratması və qeyd olunmayan iş saatlarından əlavə işləməyi olmuşdur. Bu xəstəliyi bankda işlədiyi müddətdə qazanmışdır. Bildirir ki, “yazı spazmı” diaqnozu AR Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na daxildir. 13 ildən artıq müddətdən indiyə kimi müxtəlif (dövlət, özəl, ölkəxarici) tibb müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq sağ - işlək əlində sağalma müşahidə olunmamış və təyin olunmuş “yazı spazmı” diaqnozunun xroniki peşə xəstəliyi olduğu müəyyən edilmişdir. Qeyd edir ki, beynəlxalq tibb aləmində “yazı spazmı” xəstəliyinin konkret müalicəsi yoxdur. xx.xx.2017-ci il tarixində Cavabdeh QSC tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqaviləm ləğv edilmişdir. Hansı ki, həmin dövrdə “yazı spazmı” peşə xəstəsi idi. Bununla bağlı banka müraciət etsə də, faydası olmamışdır, bildirilmişdir ki, peşə xəstəliyi ilə bağlı rəsmi əlillik müəyyən edilməlidir. Qeyd edir ki, peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması ilə bağlı tələb olunan “İşçinin əmək şəraitinin sanitariya gigiyenik xasiyyətnaməsi” sənədinin hazırlanması üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə araşdırılma aparılmasına şərait yaradılmasına işəgötürən - Cavabdeh QSC tərəfindən əngəllər törədilmiş və uzun sürən (2018-2019-cu illər) məhkəmə çəkişmələrindən sonra həmin sənəd hazırlanmışdır. 2020-ci ilin fevral ayında qanunvericiliyə uyğun sənədləri topladıqdan sonra peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması ilə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmiş və göndərişlər əsasında 450 gündən (15 ay bülleten) artıq müddət stasionar və ambulator müalicələrdən sonra müxtəlif tibb müəssisələri tərəfindən “yazı spazmı” (Xəstəliklərin beynəlxalq təsnifatı kodu – F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi “nevrasteniya” (XBT kodu – F 48.0) xəstəsi olmağı təsdiq edilmiş və “nevrasteniya, yazı spazmı ilə” diaqnozlu xəstəliyimin peşə yönümlü olması barədə rəylər verilmiş və məlumatları AR Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrinə daxil edilmişdir. 2020-ci ilin oktyabr ayından etibarən peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 ötürülmüş göndərişlərə AR ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bir neçə dəfə əsassız imtina cavabları verilmişdir. Bundan sonra məhkəməyə müraciət etmiş və uzun çəkən (2021- 2023-cü illlər) proseslərdən sonra məhkəmə peşə xəstəliyi səbəbi ilə ona xx.xx.2021-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin edilməsi öhdəliyinin AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar vermişdir. “E-sosial” internet portalındakı məlumatlara əsasən ona xx.xx.2023-cü il tarixində peşə xəstəliyi səbəbi ilə xx.xx.2021-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh QSC-də işlədiyim son dövrdə orta əmək haqqı 1544,33 (bir min beş yüz qırx dörd manat, otuz üç qəpik) manat olmuşdur. Cavabdeh QSC-dəki işindən ixtisar olunduqdan sonra təqribən 18 ay işsiz qalmışdır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 220 manat əmək haqqı ilə fərdi sahibkar yanında işləmişdir. xx.xx.2019-cu il tarixindən 800 manat əmək haqqı ilə digər bankda mütəxəssis vəzifəsində işləməyə başlamış və indiyədək orada mütəxəssis kimi çalışır. Bildirir ki, 2011-ci ilin əvvəlində həkim məsləhəti ilə Cavabdeh QSC-də vəzifəsi dəyişdirilərkən (həmin zaman əmək haqqı təqribən 1337 manat idi) AR Əmək Məcəlləsinin 232-ci maddəsinin 3-cü bəndinə də (İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir) əməl olunmamışdır. Onun peşə xəstəliyi səbəbi ilə 3-cü dərəcəli əlil olmağı, sağ - işlək əlində xroniki çatışmazlıq olduğunu, yazı yaza bilməməyi, işdəki attestasiyalarda iştirak imkanın olmamağını, karyera (vəzifə) irəliləyişinin olmamasını, nevrastenik olmağı, əmək fəaliyyəti bacarığının məhdudlaşmasını, uzun müddət (18 ay) işsiz qalmağı, gəlirinin kəskin azalmasını, kommunal xərcləri, əldən çıxmış faydanı, şəxsi nəqliyyat vasitəsini və digər əmlaklarını satmağı, ev şəraitinin əlverişsiz olmasını, himayəsində 2 azyaşlı uşağın və 2 ahıl və (anası onkoloji, atası insult) xəstə valideyninin olmasını, sağlamlığına xəsarət yetirilməsini, xəstəliyi ilə əlaqədar çəkdiyi xərcləri, səhhəti ilə və sadalananlarla əlaqədar mənəvi sarsıntı keçirməyi və peşə xəstəliyini Cavabdeh QSC-də işlədiyi müddətdə qazandığını nəzərə alaraq ona vurulmuş maddi və mənəvi zərərin qarşılığı olaraq Cavabdeh QSC-dən ümumi 200 000 (iki yüz min) manat məbləğində təzminat ödənilməsini tələb edir. Qeyd edir ki, Cavabdeh QSC-də çalışdığı zamanlarda ona işçi krediti kimi Cavabdeh QSC-dən ABŞ dolları valyutası ilə (18000 $; 35000 $) kreditlər verilmişdir, hansı ki, manatın devalvasiyası zamanı dollarla olan kreditlərin ödənişlərində ona xeyli ziyan dəymişdir. Manatın devalvasiyası zamanı dollarla olan kredit ödənişlərinə görə xeyli borc almış və yeni (0 km.) aldığı şəxsi nəqliyyat vasitəsini (“Mazda CX 5” / hazırkı qiyməti - 73000 AZN) satmağa məcbur olmuşdur. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh ona vurulmuş həm maddi, həm də mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Cavabdeh QSC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı tərəfindən cavabdeh "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə əsassız olaraq Banka qarşı maddi zərərə görə 150000 (bir yüz əlli min) AZN, mənəvi zərərə görə 50000 (əlli min) AZN məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 490 (dörd yüz doxsan) AZN məbləğində dövlət rüsumunun və 60 (altmış) AZN məbləğində mediasiya rüsumunun tutulması barədə qətnamə (qərar) qəbul edilməsi tələb edilmişdir. İlk olaraq qeyd edirlər ki, iddia ərizəsində tələb konkret ifadə edilməmişdir. Belə ki, İddiaçı tərəfindən əvvəl işdən çıxarılması mübahisələndirilmiş, həmin dövrdə peşə xəstəliyi ilə bağlı rəsmi əlilik statusu müəyyən edilməməsinə baxmayaraq Bankın müvafiq əmrinin düzgün olmadığı iddia edilmişdir. İş materiallarından məlum olur ki, İddiaçı Cavabdeh QSC-də çalışdığı dövrdə ona əlillik dərəcəsi təyin edilməmişdir. Həmçinin iddia ərizəsinin 1-ci cümləsində iddia edilir ki, İddiaçı işə qəbul zamanı tam sağlam olmuşdur, lakin buna dair iş materiallarında hər hansı sübut mövcud olmamışdır. İddia ərizəsinin 13-cü və 14-cü abzasında göstərilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək fərdi sahibkar yanında, xx.xx.2019-cu il tarixindən isə digər bankda mütəxəssis vəzifəsində çalışmışdır. Burdan məlum olur ki, iddiaçı "xxxx" QSC-dən çıxdığı ildən, yəni 2017-ci ildən sonra 6 ilə yaxın başqa iş yerlərində çalışmışdır. Həmçinin iddiaçı əsassız olaraq peşə xəstəliyini "xxxx" QSC-də çalışdığı müddətdə mütəxəssis olaraq çalışan zaman əldə etdiyini iddia etsə də, işdən çıxdıqdan sonra yenə də digər bankda mütəxəssiz vəzifəsindəişə başlamışdır. Əgər həmin vəzifə iddiaçıya peşə xəstəliyi qazandırmışdısa, necə ola bilir ki İddiaçı yenə də digər bir bankda gərgin rejimdə 5 ildir ki çalışır?? İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1121/2022 nömrəli qərarının 2-ci səhifəsində göstərilir ki, "Poliklinikanın göndərişi ilə id xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək V.Axundov adına X1 İnstitutunun Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və “yazı spazmı" (Xəstəliklərin beynəlxalq təsnifatı kodu - F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi "nevrasteniya" (XBT kodu - F 48.0) xəstəliyi təsdiq edilmişdir, "yazı spazmı" xəstəliyinin peşə yönümlü olması barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixdən iddiaçı Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Poliklinikasının göndərişi ilə Psixi Sağlamlıq Mərkəzi tərəfindən müayinə olunaraq "nevrasteniya yazı spazmı ilə" diaqnozu barədə rəy almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı Abşeron rayon Poliklinikasının göndərişi ilə Sumqayıt şəhər Psixatriya Xəstəxanası tərəfindən müayinə olunaraq "nevrasteniya yazı spazmı ilə" diaqnozu barədə rəy almışdır. Koronavirus pandemiyası ilə əlaqədar xəstəxanalara göndəriş verilməsi mümkün olmadığı üçün iddiaçı xx.xx.2020-ci il tarixədək Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmiş, Abşeron rayon Poliklinikasının göndərişi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və yenidən peşə xəstəliyi təsdiqlənmiş, xx.xx.2020-ci il tarixədən ambulator müalicəni Abşeron rayon Poliklinikasında davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı lazımi məlumatlar Abşeron rayon Poliklinikası tərəfindən 0215003AABHZ nömrəli göndəriş (Forma 88) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 ötürülmüşdür, həmin gün imtina cavabı verilmişdir". Burdan məlum olur ki, Süleymanlı X2 göstərişi ilə ilk dəfə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (digər Bankda işlədiyi dövrdə) müalicə almışdır. Həmçinin göstərilir ki, xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, uzun çəkən proseslər nəticəsində (2021-2023-cü illər) İddiaçı xx.xx.2022-ci il tarixindən, yəni "xxxx" QSC-dən çıxdığı vaxtdan təxmini 5 il sonra üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin dövrlərdə isə İddiaçı digər iş yerlərində çalışmış və 2019-cu ildən hazırki vaxtadək işlədiyi yer məhz digər bir bank olmuşdur. Buna görə də hesab edir ki, İddiaçı müalicə alması, həmçinin əlliyin təyin olunması üçün keçdiyi proseslərin "xxxx" QSC-də işlədiyi dövrlə əlaqəsi olmamış və həmin dövrlərdə iddiaçı digər iş yerlərində çalışmışdır. Digər hissədə iddiaçı tərəfindən "xxxx" QSC-də çalışdığı dövrdə aldığı kreditlərə istinad edilməsinə münasibətdə isə bildirir ki, bu hissənin ümumiyyətlə hazırki mübahisəyə aidiyyəti yoxdur. Həmçinin iddiaçı zərərin məbləğinin ağlabatan və ədalətli olmasına dair plenum qərarına istinad etsə də, heç bir əsaslandırma və hesablama üsulu göstərmədən iddia tələbini ümumilikdə 20050 (iki yüz min beş yüz əlli) AZN məbləğində təyin etməklə, qeyri-ağlabatan və ədalətsiz məbləğ müəyyən etmişdir. İddiaçı ümumi məbləğdən 150 000 (bir yüz əlli min) AZN məbləğində maddi ziyan dəydiyini qeyd etsə də maddi ziyanın nədən ibarət olmasına dair hər hansı əsaslandırma təqdim etməmişdir. Odur ki, iddiaçı tərəfindən irəli sürülən 200 550 (iki yüz min beş yüz alli) AZN məbləğində iddia tələbinin əsassız və qeyri-müəyyən olduğunu nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək ilk iş yeri olan "xxxx" ASC-də çalışmışdır və işə qəbul olan zaman tam sağlam olmuşdur. 2010-cu ilin dekabr ayından başlayaraq sağ işlək əlində qıcolmalar başlamış və bununla əlaqədar 2011-ci ilin yanvar ayında həkimə müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində ona “yazı spazmı” diaqnozu qoyulmuşdur. Xəstəliyinin yaranmasına səbəb bank tərəfindən qoyulamn aylıq iş planlarının fiziki və psixoemosional gərginlik yaratması və qeyd olunmayan iş saatlarından əlavə işləməyi olmuşdur. Bu xəstəliyi bankda işlədiyi müddətdə qazanmışdır. “Yazı spazmı” diaqnozu AR Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İsçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na daxildir. 13 ildən artıq müddətdən indiyənə kimi müxtəlif tibbi müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq sağ işlək əlində sağalma müşahidə olunmamış və təyin olunmuş “yazı spazmı” diaqnozunun xroniki peşə xəstəliyi olduğu müəyyən edilmişdir. Beynəlxalq aləmdə “yazı spazmı” xəstəliyinin konkret müalicəsi yoxdur. xx.xx.2017-ci il tarixində "xxxx" QSC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Hansı ki, həmin dövrdə “yazı spazmı” peşə xəstəsi idi. Bununla bağlı banka müraciət etsə də, faydası olmamışdır. Bildirilmişdir ki, peşə xəstəliyi ilə bağlı rəsmi əlillik müəyyən edilməlidir. Bundan sonra peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi üçün müraciətlər etməyə başlamışdır. AR Səhiyyə Nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair təliamta əsasən peşə xəstəilyi ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması ilə bağlı tələb olunan “İşçinin əmək şəraitinin sanitariya gigiyenik xasiyyətnaməs” sənədinin hazırlanması üçün Respublika Gigiyena və Epodemiologiya Mərkəzinə araşdırma aparılmasına şərait yaradılmasına işəgötürən "xxxx" QSC tərəfindən əngəllər törədilmiş və uzun surən məhkəmə çəkişmələrindən sonra həmin sənəd hazırlanmışdır. 2020-ci ilin fevral ayında qanunvericiliyə uyğun sənədləri topladıqdan sonra peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması ilə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmiş və göndərişlər əsasında stasionar və ambulator müalicələrdən sonra müxtəlif tibb müəssisələri tərəfindən “yazı spazmı” diaqnozu və ağırlaşması kimi “nevrasteniya” xəstəsi olması təsdiq edilmiş və bu xəstəliyin peşə yönümlü olması ilə bağlı rəylər verilmiş və məlumatları Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrinə daxil edilmişdir. xx.xx.2023-cü il tarixində peşə xəstəliyi səbəbi ilə xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. "xxxx" QSC-də işlədiyi son dövrdə orta əmək haqqı 1544,33 manat olmuşdur. İşindən ixtisar olunduqdan sonra təqribən 18 ay işsiz qalmışdır. xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə 220 manat əmək haqqı ilə fərdi sahibkar yanında işləmişdir. xx.xx.2019-cu il tarixdən 800 manat əmək haqqı ilə digər bankda mütəxəssis vəzifəsində işləməyə başlamış və indiyədək orada mütəxəssis kimi çalışır. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh ona vurulmuş maddi və mənəzi zərərə görə məsuliyyət daşıyır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi və Nümayəndə3 etirazın məzmununa uyğun izahat vermiş, eyni zamanda “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edərək, iddiaçının vurulan maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddiasında qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddətin keçdiyini, əmək mübahisəsini işin faktiki hallarına uyğun qiymət verməklə, maddi və prosessual hüquq normalarını tətbiq etməklə hazırki iş üzrə qanunla nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 0452405 nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə “Təcrübəçi Kredit mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu ildə “Kiçik Kredit Mütəxəssisi”, xx.xx.2011-ci ildə “Müştəri Xidmətləri Mütəxəssisi”, xx.xx.2013-cü ildə “Müştəri Xidmətləri Aparıcı Kredit Mütəxəssisi”, xx.xx.2013-cü ildə “İpoteka Kreditəri üzrə Mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. "xxxx" MMC-nin 17 fevral 2011-ci il tarixli 625 saylı xəstəlik tarixindən çıxarış-arayışın surətindən görünür ki, İddiaçı Xüsusi Müalicə Sağlamlıq Kompleksində müayinə müalicə olunmuşdur. Diaqnozu yazı spazmıdır. Xəstənin yazı ilə əlaqəsi az olan işə keçirilməsi məsləhət görülür. V.Y.Axundov adına X1 X6 Şəxsinin Peşə xəstəlikləri klinikasının İddiaçı barəsində 94/2020 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı daxil olarkən şikayətləri: sağ əlin barmaqlarında qıcolma, ağrılar, zəiflik, sağ əldə əsmə, əsəbilik, gərginlik, stress, narahat yuxu, boyun nahiyyəsində ağrılar, fiziki narahatlıqdır. Obyektiv olaraq: Kəllə-beyin sinirləri normaldır. Vətər–sümüküstlüyü refleksləri canlıdır. Onurğanın bel-oma nahiyyəsində paravertebral nöqtələr onurğanın sümük çıxıntıları palyapasıyada ağrılıdır, ağrılar fiziki yüklənmə və hərəkət zamanı güclənir. Sağ əlin İİ və V barmaqları deformasiyalıdır. Xəstədə sağ əldə ağrılar, qıcolma əsəbilik və gərginliyi artırır, stress yaradır. Emosional və vazomator ləbildir. Bağlı göz qapaqları, gərilmiş barmaqlarda əsmə müşahidə edilir. Ümumi hiperhidroz müşahidə edilir. Astenikdir. Əsas xəstəliyi peşə yönümlüdür. Müalicə həkiminə göndərilməsi tövsiyə olunur.(yazı ilə əlaqədar az təmas olan işlər məsləhət görülür). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6053/2018 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “işlədiyi müddətdə xəstələnməsinin, yəni yazı spazmı xəstəliyinə tutulması faktının müəyyən edilməsi və neçə faiz əmək qabiliyyətinin itirilməsi barədə” iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından mülki işin məhkəmə baxışına hazırlanmasına xitam verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(81)-661/2019 saylı qərarından görünür ki, iddia təmin edilərək, İddiaçı qazandığı “yazı spazma” xəstəliyinin Cavabdeh QSC-də işlədiyi 2009-cu ilin may ayından 2011-ci ilin mart ayına kimi olan dövrdə işdə yaranmasını müəyyən etmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə Cavabdeh QSC-də araşdırma aparmasına icazə verməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 24 yanvar 2020-ci il tarixli İddiaçı əmək şəraitinin sanitariya-gigiyenik xasiyyətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə Abşeron rayon poliklinikasında tibbi müayinədən keçmiş və İddiaçı “sağlamdır” diaqnozu qoyulmuşdur. Bu barədə ambulator xəstənin fərdi vərəqəsində (kod: **********201) qeyd aparılmışdır. xx.xx.2011-ci il tarixdə Xüsusi Müalicə Sağlamlıq Kompleksi tərəfindən İddiaçı “yazı spazmı” diaqnozunun qoyulduğu barədə arayış verilib. R.Süleymanlının çalışdığı "xxxx" QSC-nin Xırdalan filialının bağlanılaraq başqa ünvana keçirildiyi səbəbindən əmək şəraiti barədə rəy verilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi Xroniki peşə xəstəliyi (zəhərlənməsi) haqda 16 mart 2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur və ona Nevrasteniya yazı spazmı ilə F48 diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixli Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının HPK-si tərəfindən müayinə olunan xəstə İddiaçı Nevrasteniya yazı spazmı ilə F48 diaqnozu qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(112)-1121/2022 saylı qərarından görünür ki, iddia təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli mərkəzləşdirilmiş kredit reyestr çıxarışdan görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı 35000 ABŞ dolları valyutası ilə kredit verilmişdir. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə 1036.59 manat məbləğində pensiya alır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli Hökümət ödəniş portalı və ya “AsanPay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı iddia qaldırmaq üçün 490 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 232-ci maddəsinin 3-cü hissəsinə görə iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya müəyyən edildiyi vaxtadək ödənilməlidir. 239-cu maddəsinin: 2-ci hissəssinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü hissəsinə görə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü hissəsinə görə istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci hissəsinə görə bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti aşağıdakılara şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nin 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qaydaların 1.4-cü bəndinə görə təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC-də müxtəlif vəzifələrdə çalışmışdır. Bankda “Müştəri Xidmət Mütəxəssisi” vəzifəsində işlədiyi dövrdə sağ əlində qıcolmalarla əlaqədar 2011-ci ilin yanvar ayında həkim müayinəsində olmuş və Xüsusi Müalicə Sağlamlıq Kompleksi” MMC-nin 17 fevral 2011-ci il tarixli 625 saylı arayışına əsasən ona “yazı spazmı” diaqnozu qoyularaq, yazı ilə əlaqəsi az olan işə keçirilməsi məsləhət görülmüşdür. Bundan sonra xx.xx.2011-ci ildə “Müştəri Xidmətləri Mütəxəssisi” vəzifəsinə keçirilmişdir və xx.xx.2017-ci il tarixədək bankda işləməyə davam etmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Hazırda iddiaçı işəgötürən tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edir. Məhkəmə cavabdehin “iddia müddətinin tətbiqi” barədə ərizəsinə münasibətdə qeyd edir ki, əmək qanunvericiyilinə görə işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materiallarındakı sənədlərlə iddiaçının "xxxx" QSC-də işlədiyi dövrdə peşə xəstəliyinə tutulması faktı öz təsdiqini tapır. Belə ki, 17 fevral 2011-ci il tarixli tibbi arayışa əsasən iddiaçıya “yazı spazmı” diaqnozu qoyulmuşdur. “Yazı spazmı” diaqnozu isə AR Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İsçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na daxildir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının 2010-cü il üzrə gəliri 13.745,66 manat təşkil etmişdir. xx.xx.2011-ci il tarixdə “Müştəri Xidmətləri Mütəxəssisi” vəzifəsinə keçirildikdən sonra 2011-ci il üzrə gəliri 10.300,30 manat, 2012-ci il üzrə 14.142,99 manat təşkil etmişdir. Əmək Məcəlləsinin 232-ci maddəsinin 3-cü hissəsinə görə peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya müəyyən edildiyi vaxtadək ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı peşə xəstəliyinə tutulduqdan sonra keçirildiyi vəzifə üzrə yeni əmək haqqı ilə əvvəlki əmək haqqısı arasındakı (2010-2011-ci illər üzrə) fərq 3454,36 manat təşkil edir. Lakin 2012-2017-ci illər ərzində yeni əmək haqqı ilə gəliri daha yüksək olmuşdur. Odur ki, məhkəmə iddiaçının maddi ziyan hissəsində tələbini qismən əsaslı hesab edir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı xəstəliyi ilə bağlı çəkdiyi xərclərə dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan əlavə məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının peşə xəstəliyi ilə əlaqədar fiziki və mənəvi əzab çəkməsi iş materillarındakı sənədlərlə sübuta yetirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə, iddiaçının Cavabdeh QSC-də işlədiyi müddətdə peşə xəstəliyi qazanması və bununla əlaqədar fiziki və mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq, hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3000 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh QSC-dən 3445,36 (üç min dörd yüz qırx beş manat otuz altı qəpik) manat məbləğində maddi ziyan, 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 6445,36 (altı min yüz qırx beş manat otuz altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh QSC-dən 3445,36 (üç min dörd yüz qırx beş manat otuz altı qəpik) manat məbləğində maddi ziyan, 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 6445,36 (altı min yüz qırx beş manat otuz altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1306/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1306/2024
31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver