Məhkəmə qərarları › İş №e-2(004)-1351/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1351/2024

03.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1351/2024 03.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Famil qızının Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Famil qızı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 1, ev.4, m.84 ünvanında yerləşən mənzildən istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X5 xx.xx.2007-ci il tarixdə iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. Onların nikahları Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2007-ci il tarixdə 229 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Bir müddət onların münasibətləri normal davam etsə də, lakin sonradan münasibətləri pisləşmiş, Əkbərli Samir nikahın pozulması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3345/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X5 və Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2007-ci il tarixdə 229 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş övladları - xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalması qət edilmişdir. Bildirmişdir ki, iddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 1, ev.4, m.84 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatİdarəsi tərəfindən verilmiş ÖN №028216 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 1, ev.4, m.84 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Cavabdeh xx.xx.2001-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal-2, ev.2, m.12-də qeydiyyatda olmuş, yalnız xx.xx.2014-cü il tarixdən hazırkı vaxtadək iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev.4, m.84 ünvanına qeydiyyata alınmışdır. Lakin gəlinin həmin evdə istifadə hüququ olmamış, o formal olaraq hamin mənzildə qeydiyyatda alınmışdır. Cavabdeh ilə iddiaçı arasında mənzildən istifadə edilməsinə dair hər hansı notarial razılıq olmamışdır, onun iddiaçının mülkiyyətçisi olduğu mənzildə istifadə hüququ olmamışdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh və onun azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 1, ev.4, m.84 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə və işlədiyi “Şabran Rayon Mərkəzi Xəstəxanası” X12 göndərilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəul etmədiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 4 saylı evin 84 saylı mənzili İddiaçı Famil qızının mükiyyətindədir. Cavabdeh xx.xx.2014-cü ildən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 4 saylı evin 84 saylı mənzilində pasport qeydiyyatında olsa da, onun qeydiyyatı formal xarakter daşımışdır. Cavabdeh hazırda iddiaçıya məxsus evdə yaşamır və iddiaçının ailə üzvü deyil. İddiaçının oğlu X5 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət sarayında (Bakı Nikah Evi) bağlanmış və 229 nömrə ilə qeyd edilmiş nikah, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur». Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi qanun vericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil və cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçının mənzilinə istifadə hüququ yaranmadığı üçün və mövcud olmayan hüququn da, itirilməsi yolverilməz olduğundan iddia tələbini əsassız hesab edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Hazırkı işin halları baxımından məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı cavabdehin mübahisəli evdən istifadə hüququnun itirilməsini qeyd etsədə, iddianın əsasından da görünür ki, o, əslində cavabdehin evdən qeydiyyatdan çıxarılmasını təmin etmək üçün mənzilə istifadə hüququnun itirilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiası rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini Cavabdeh onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi əsasəyla tələbin rədd edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Famil qızının Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Famil qızının Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar