Məhkəmə qərarları › İş №e-2(004)-137/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-137/2022

11.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-137/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Yusif oğlunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Yusif oğlunun Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yusif oğlu Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 382 saylı, 04.04.2008-ci il tarixli, müqaviləyə əsasən, "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal Y/s- də yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasının qeyri-yaşayış mərtəbəsində sahəsi 521.3 metr kvadrat olan sahə ona satılmışdır. Hüquqlarının rəsmiləşdirilməsi və qeydiyyata alınması üçün tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müracət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona ********** qeydiyyat nömrəli, 13.08.2020-ci il tarxili Çıxarış təqdim edilmişdir. Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən binanın 512 kvadrat metr qeyri-yaşayış hissəsində onun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsindən Texniki Pasport da ona təqdim edilmişdir. Təqribən 2 ay öncə o, bu əmlaka baş çəkməyə gedən zaman özünü Cavabdehxan oğlu kimi təqdim etmiş şəxs tərəfindən üzərində onun mülkiyyət hüquqları qeydə alınmış ünvan 1 ünvanında yerləşən həmin sahəsi 512 kvadrat metr olan qeyriyaşayış sahəsinin 30 kvadrat metrə qədər olan hissəsində qanunsuz söküntü və tikitnti işləri apararaq ona məxsus olan əmlakın bir hissəsini zəbt etdiyini və hasarladığını görmüşdür. O, cavabdehdən təcili olaraq əmlakda tikdiyi daş hasarı sökərək ərazini boşaltmağı tələb etmişdir. Bunun əvəzində cavabdeh bildirmişdir ki, guya həmin ərazini "xxxx" MMC-dən dəyərini ödəməklə almışdır. Ondan dediklərini təsdiqləyəcək hər hansı bir sənədin müqaviləni, maliyyə arayışını tələb etsə də, cavabdeh heç bir sənəd təqdim etməmişdir. Dəfələrlə ondan ərazini boşaltmağı tələb edilsə də, Cavabdehxan oğlu nəinki ərazini boşaltmır hətta, ona məxsus olan həmin əmlakın pəncərələrini, qapısını sökmüş, elektrik xəttlərini sıradan çıxarmış, obyektin qarşısındakı tamet döşəmələri sökərək yararsız hala gətirmişdir. Nəticədə ona təqribən 5621.56 manat maddi zərər də dəymişdir. Onun tərəfindən həmin zərərin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və zərərə dair akt alınmışdır. Hesab edir ki, Cavabdehxan oğlunun qanunsuz əməllərinə son qoyulmalı, tikdiyi qanunsuz tikili öz hesabına sökülərək, ərazi boşaldılmalı və ona dəymiş maddi zərər ödənilməldir. Qeyd edilənlərə əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 512 kvadrat metr olan qeyri-yaşayış sahəsində Cavabdehxan oğlu tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülərək ərazi tam boşaldılması; Cavabdehxan oğlunun həmin əmlakda qanunsuz fəaliyyətinin dayandırılması; cavadehin qanunsuz olaraq ona məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində apardığı söküntü və tikinti işlərinə görə dəymiş 5621.56 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Yusif oğlunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hesab edir ki, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı öz əmlakından istifadə edə bilmir. Cavabdehə məxsus sənədlərdə onun obyektinin hansı mərtəbədə olması qeyd edilməmişdir. Ola bilsinki həmin obyekt aşağı mərtəbələrdə yerləşsin. Lakin onların sənədlərində hər şey tam qanuni olaraq göstərilmişdir. Bu sənədlərin əsasında da onlar çıxarış və texniki pasport əldə etmişlər. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişi ilə icraçı "xxxx" MMC arasında bağlanmış 26.01.2005-ci il, 15.01 2006-cı il və 15.03.2007- ci il tarixli müqavilələr əsasında inşa edilmiş 3 saylı 12 mərtəbəli yaşayış binasının müqavilələr əsasında icraçıya məxsus qeyri-yaşayış mərtəbəsindən 07.03.2014-cü il tarixli 1369 saylı müqavilə ilə "xxxx" MMC-dən 1 kv.m 1500 manatdan olmaqla 52500 manat ödəyərək 35 kv.m qeyri-yaşayış sahəsi almış və həmin dövrdə sənədlərin sürətlərini "xxxx" MTK-nın sədri X3 təqdim etmişdir. Əlavə olaraq həmin sənədlərin surətlərini 06.07.2021-ci ildə məhkəməyə təqdim etmişdir. Bildirir ki, o, İddiaçı görməmiş və tanımır. Onun nümayəndəsi ilə 2021-ci ilin iyun ayının əvvəlində görüşərkən onlara onda olan sənədləri göstərərək, onlarda olan sənədləri göstərmələrini tələb etmişdir. Onun cavabı bu olmuşdur ki, "xxxx" MMC-nin möhürü ilə verilmiş ilkin sənədlər binanın sədri X3 təqdim edilmiş və onun tərəfindən özəlləşməyə təqdim olunacaq sənədlər hazırlanaraq "xxxx" MTK-nın möhürü ilə onlara verilmiş və həmin sənədlər tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinə təqdim edilmiş və 512 kv.m qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. Layihə üzrə həmin binanın qeyri-yaşayış sahəsi 545 kv.m təşkil edir ki, həmin sahənin 512 kv.m-ri İddiaçı, 35 kv.m-i isə ona satılmışdır. Bundan başqa ərizədə qeyd olunmuş həmin sahənin sökülərək yararsız hala gətirilməsi guya iddiaçıya 5621,56 manat maddi zərər dəyməsi haqqında "xxxx" MMC tərəfindən təqdim edilmiş aktın heç bir hüquqi əsası yoxdur. Bundan başqa eyni mərtəbədə digər bir tərəfdə ona məxsus sahə ilə eyni kvadrata uyğun olan sahə Yaqut Əhədovada tərəfindən öz adına keçirilmişdir. Odur ki, İddiaçı adına 512 kv.m qeyri-yaşayış sahəsi üçün, X2 adına 35 kv.m qeyri-yaşayış sahəsi üçün verilmiş çıxarışların ibtidai sənədlərinin araşdırılaraq, 07.03.2014-cü il tarixli 1369 saylı müqavilə ilə ANT inşaat Təmir Tikinti MMC-dən 1 kv.m üçün 1500 manatdan olmaqla 52500 manat ödəyərək aldığı 35 kv.m qeyri-yaşayış sahəsinin ikinci tərəfə satıldığı təsdiqini tapdığı halda ödədiyi əsas məbləğ olan 52500 manatı və 94 aylıq hesablanmış ortalama bank faizi ilə faiz məbləği hesablanmaqla ona dəymiş ziyanın ANT inşaat Təmir Tikinti MMC tərəfindən ödənilməsi, əks halda isə sənədlərin "xxxx" MTK-nın sədri X4 tərəfindən saxtalaşdıraraq onu İddiaçı ilə üz-üzə qoyduğu sübuta yetirildiyi halda onun haqqında cinayət işinin açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 04.04.2008-ci il tarixli, 382 nömrəli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC inşa etdiyi Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasının qeyri-yaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə sifarişçi İddiaçı satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərədə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsində göstərilən ünvanda 2-ci kürsülük mərtəbəsində yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsinin qiyməti tərəflərin razılığı ilə 1 kv.m üçün 500 manat, cəmi 260650 manat məbləğində müəyyən edilmişdir. 04.04.2008-ci il tarixli 39/08 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 3 saylı 12 mərtəbəli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmişdir. Həmin binanın qeyri-yaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 3 ünvanında yerləşən 512 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin hüquqi subyekti İddiaçıdur. Barat Consultancy MMC-nin 09.06.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 3 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dəymiş ziyanın dəyəri 5621.56 manat təşkil edir. 07.03.2014-cü il tarixli, 1369 nömrəli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC inşa etdiyi Yeni ünvan 4 ünvanında yerləşən 12 ümumi sahəsi 35 kv.m olan qeyriyaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə sifarişçi Cavabdeh satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərədə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsində göstərilən ünvanda, ümumi sahəsi 35 kv.m olan qeyriyaşayış sahəsinin qiyməti tərəflərin razılığı ilə 1 kv.m üçün 1500 manat, cəmi 52500 manat məbləğində müəyyən edilmişdir. 07.03.2014-cü il tarixli 02/6-50 saylı maliyyə arayışından görünür ki, Yeni Yasamal yaşayış sahəsi D.Bünyadzadə küçəsi 3 saylı binanın kürsülük mərtəbəsi yerləşən ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/4337 nömrəli, 03.12.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus 512 kv.m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun göstəriciləri ilə baxış zamanı əldə məlumatlar üzləşdirilərkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin eni 5,8m, uzunluğu 6,0m ölçüdə hissəsində Cavabdeh tərəfindən mişar daşı ilə arakəsmə hörülərək tikinti işləri aparılmışdır. Lakin həmin tikili iddiaçının maraqlarına toxunub-toxunmamasının müəyyən olunması tikinti ekspertinin səlahiyətlərinə aid olmayıb hüquqi xarakter daşıdığından bu məsələ məhkəmə tərəfindən müəyyən oluna bilər. Cavabdeh ilə "xxxx" MMC arasında 07.03.2014-cü il tarixdə bağlanmış müqavilədə ayrılmış sahənin yerləşdiyi mərtəbə göstərilmədiyini və müqaviləyə sxem əlavə olunmadığını nəzərə alaraq, ünvan 5 ünvanıhda yerləşən ayrılmış ümumi səhəsi 35.0 kv.m olan 3 saylı qeyri-yaşayış sahəsinin ünvan 5 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan (mülkiyyət hüququna dair çıxarış və sahəsinin texniki pasportu nəzərə alınmaqla) 512 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. ünvan 5 ünvanında yerləşən qeyri- yaşayış sahəsində aparılan tikinti işləri nəticəsində İddiaçı Yusif oğluna maddi ziyanın dəymədiyi üçün tədqiqat aparılmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasının qeyri-yaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsininə dair sifarişçi İddiaçı ilə icraçı "xxxx" MMC arasında 04.04.2008-ci il tarixli, 382 nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1-ci maddəsində göstərilən ünvanda 2-ci kürsülük mərtəbəsində yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsinin qiyməti tərəflərin razılığı ilə 1 kv.m üçün 500 manat, cəmi 260650 manat məbləğində müəyyən edilmiş və qeyri-yaşayış sahəsinin tam dəyəri İddiaçı tərəfindən ödənildiyindən sonuncuya borcun olmaması barədə 04.04.2008-ci il tarixli 39/08 saylı maliyyə arayışı da, verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 3 ünvanında yerləşən 512 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Yusif oğlunun Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 512 kvadrat metr olan qeyri-yaşayış sahəsində Cavabdehxan oğlu tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülərək ərazi tam boşaldılması; Cavabdehxan oğlunun həmin əmlakda qanunsuz fəaliyyətinin dayandırılması; cavadehin qanunsuz olaraq ona məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində apardığı söküntü və tikinti işlərinə görə dəymiş 5621.56 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, 07.03.2014-cü il tarixli, 1369 nömrəli müqaviləyə əsasən, icraçı "xxxx" MMC, inşa etdiyi Yeni Yasamal 3 saylı ünvanında yerləşən binada, ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsini, müqavilədə nəzərdə tutulan şərtlərlə sifarişçi Cavabdeh satmış, ümumi sahəsi 35 kv.m olan qeyriyaşayış sahəsinin qiyməti tərəflərin razılığı ilə 1 kv.m üçün 1500 manat, cəmi 52500 manat məbləğində müəyyən edilərək, qeyri-yaşayış sahəsinin dəyəri sonuncu tərəfindən tam ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 512 kvadrat metr olan qeyri-yaşayış sahəsində Cavabdehxan oğlu tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülərək ərazinin tam boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus 512 kv.m qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun göstəriciləri ilə baxış zamanı əldə edilmiş məlumatlar üzləşdirilərkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin, eni 5,8m, uzunluğu 6,0m ölçüdə hissəsində Cavabdeh tərəfindən mişar daşı ilə arakəsmə hörülərək tikinti işləri aparılmışdır. İş materialları ilə həmçinin cavabdehə müqavilə ilə verilmiş ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin, eni 5,8m, uzunluğu 6,0m ölçüdə hissəsində mişar daşı ilə arakəsmə hörülərək tikinti işləri aparılmış sahə ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə bu hissədə iddianı təmin edərkən onu da, qeyd edir ki, işin halları ilə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanımış 07.03.2014-cü il tarixli, 1369 nömrəli müqaviləyə əsasən, icraçı "xxxx" MMC-nin inşa etdiyi Yeni Yasamal 3 saylı ünvanında yerləşən binada, ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh satılması müəyən edilsə də, müvafiq müqavilə də, satılacaq 35 kv.m sahənin binanın hansı qatında və hansı hissəsində yerləşməsi qeyd edilməmiş, bunun əksi olaraq isə, cavabdeh tərəfindən zəbt edilmiş və arakəsmə ilə ayrılmış ərazinin, iddiaçının mülkiyyətində olan sahəyə aid olması istər iddiaçının mülkiyyətində olan əmlaka dair texniki pasport və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ilə, istərsə də, məhkəmə iclasında tıdqiq edilmiş ekspert rəyinə ilə təsdiq edilmişdir. Bundan başqa məhkəm onuda nəzərə alırki, iddiaçıya verilmiş mülkiyyət huqunun təsdiq edilməsinə dair çıxarış da, hal-hazıradək mübahisələndirilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəylərinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy iddianın əsaslı olmamasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin Cavabdehxan oğlunun həmin əmlakda qanunsuz fəaliyyətinin dayandırılması və cavadehin qanunsuz olaraq ona məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində apardığı söküntü və tikinti işlərinə görə dəymiş 5621.56 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz fəaliyyəti nəticəsində onun əmlakına ümumulikdə 5621.56 manat məbləğində ziyanın da, dəyməsi barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan 10/4337 nömrəli, 03.12.2021-ci il tarixli ekspert rəyi ilə də, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılan tikinti işləri nəticəsində İddiaçı Yusif oğluna maddi ziyanın dəyməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianı bu hissədə təmin etməyərkən, iddiaçı tərəfindən keçirilmiş və rəyi alınmış Barat Consultancy MMC-nin 09.06.2021-ci il tarixli rəyinə tənqidi yanaşaraq, onun mötəbərliyini inandıcırı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Yusif oğluna məxsus ünvan 5 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsinin 35 kv.m sahəsində, Cavabdeh tərəfindən inşa edilmiş (eni 5,8m, uzunluğu 6,0m ölçüdə mişar daşı ilə hörülmüş arakəsmə) qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50 %, yəni 50 (əlli) manat İddiaçı Yusif oğlundan, qalan 50 %, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Yusif oğluna məxsus ünvan 5 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsinin 35 kv.m sahəsində, Cavabdeh tərəfindən inşa edilmiş (eni 5,8m, uzunluğu 6,0m ölçüdə mişar daşı ilə hörülmüş arakəsmə) qanunsuz tikili cavabdehin öz hesabına sökülsün. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50 %, yəni 50 (əlli) manat İddiaçı Yusif oğlundan, qalan 50 %, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar