Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1396/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat məbləğində vurulmuş zərər və 65 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 4565 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “TOYOTA LAND CRUİSER PRADO” markalı, 90–VO–041 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il sentyabrın 24-da Cavabdeh sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “TOYOTA LAND CRUİSER PRADO” markalı, 90– VO–041 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi istiqamətində dayanmış “OPEL ASTRA” markalı, 99–NU–696 dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “OPEL ASTRA” markalı, 99–NU–696 dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış X3 ağır dərəcədə xəsarət almışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-101/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya” Birliyinin məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 934 saylı rəyinə əsasən X1 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda sığorta məbləğinin 30 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 30% = 1500 manat). Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “OPEL ASTRA” markalı, 99–NU–696 dövlət nömrə nişanlı avtomobilə 1500 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi – Sosial Eskpert Komissiyasının rəyinə əsasən X2 ikinci dərəcəli əlillik təyin barədə qərar qəbul edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.3.2-ci maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə-60 faizi nisbətində ödənilir (5000 manat x 60% = 3000 manat). İddiaçı xx.xx.2020-ci il tarixində “OPEL ASTRA” markalı, 99–NU–696 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1500 manat ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1500 manat məbləği X1 aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya görə ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1500 manat məbləği X2 təyin olunan əlillik dərəcəsinə görə (3000 manat sığorta ödənişindən 1500 manat artıq ödənildiyindən) ödəmişdir. Ümumilikdə isə, 2019-cu il sentyabrın 24-da baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 4500 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ““TOYOTA LAND CRUİSER PRADO” markalı, 90–VO–041 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(004)-101/2020 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 24 sentyabr 2019-cu il tarixdə saat 17:38-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələblərini pozub sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi X4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prado” minik markalı Az ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ilə Əsəd Əhmədov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobilin idarəolunmaz vəziyyətə düşərək qarşı sol hərəkət hissəsinə çıxmasına səbəb olan hərəkətlərə yol verməməli, öz hərəkət zolağında avtomobilin təhlükəsiz hərəkətini təmin etməli olduğu halda mövcud şəraitdə həmin tələblərə riayət etməyərək hərəkət üçün təhlükəli şərait yaratmış və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub avtomobili əks hərəkət zolağına çıxarıb sola istiqamətlənərək avtomobilin ön hissəsi ilə ünvan 1 ünvanında yerləşən təkər təmiri sexinin qarşısında ünvan 2ində dayanmış “Opel Astra” minik markalı Az ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadını vurmuş, nəticədə “Opel Astra” minik markalı avtomobil onun yanında dayanmış X2 dəyərək ehtiyatsızlıqdan sonuncunun baş beyin toxumasının ağır dərəcəli əzilməsi ilə və sol təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan sol təpə gicgah nahiyəsinin hematoması (yumşaq toxuma arasına qan yığılması), hər iki ağciyərlərin sıxılması ilə və sağ V, Vİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması (sıxılması) ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuzan xəsarətlər almasına, eləcə də “Toyota Prado” minik markalı Az ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Azər Səfərova 580 (beş yüz səksən) manat, “Opel Astra” minik markalı Az ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Saleh Abdullayevə isə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsilə ittiham elan olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfəindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına uyğun olaraq hadisə nəticəsində “OPEL ASTRA” markalı, 99– NU–696 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan PXA55997 nömrəli sığorta aktına əsasən, “OPEL ASTRA” markalı, 99–NU–696 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qismində 1500 manat sığorta ödənişinin X1 hesabına köçürülməli olması müəyyən edilmişdir. İş materiallarında olan PXA55998 nömrəli sığorta aktından görünür ki, “Toyota Prado” minik markalı Az ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin “OPEL ASTRA” markalı, 99–NU–696 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində piyada X3 ağır dərəcəli xəsarət almışdır. AR Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin Ekspert rəyinə uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 manat müəyyən edilməklə X1 hesabına köçürülməlidir. İş materiallarında olan PXA92353 nömrəli sığorta aktından görünür ki, “Toyota Prado” minik markalı Az ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin “OPEL ASTRA” markalı, 99–NU–696 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində piyada X2 almış olduğu xəsarət səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. ƏƏSMN TSEK-in təqdim etdiyi sənədə uyğun olaraq, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 3000 manat müəyyən edilmiş, 3000 manat təşkil edən sığorta ödənişindən 1500 manat ödənildiyindən, qalan 1500 manat sığorta ödənişinin X1 hesabına ödənilməli olması müəyyən edilmişdir. İş materiallarında olan Cari hesabdan çıxarışdan görünür ki, PXA55997 nömrəli sığorta aktına əsasən, xx.xx.2020-ci il tarixdə 1500 manat, PXA55998 nömrəli sığorta xx.xx.2020-ci il tarixdə 1500 manat və PXA92353 nömrəli sığorta aktına əsasən, xx.xx.2021-ci il atrixdə 1500 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli xx/xx-1408 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 4500 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına və ya Milli Ön aparatlarıəndan 7 iş günü müddətinə ödəməsi təklif edilmiş, əks təqdirdə müvafiq tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda sığorta məbləğinin 30 faizi nisbətlətində ödənilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.3.2-ci maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə-60 faizi nisbətində ödənilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olduğu və hadisə baş verdiyi zaman sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin idarə etməyə hüququ olmadığı təsdiq edildiyindən, o, həmin nəqliyyat vasitəsinin vurduğu zərərə görə məsuliyyət daşımalıdır. Odur ki, "xxxx" ASC X1 əmlakına və sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün 4500 manat məbləğində sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 4500 manat məbləğində sığorta ödənişi və ödənilmiş 65 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat sığorta ödənişi və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1396/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1396/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver