Məhkəmə qərarları › İş №e-2(004)-1451/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1451/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1451/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X1 qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci il tarixdə, 8İ-2849 reyestr nömrəsi ilə aparılmış icra qeydinin ləğv edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3. İddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilməlidir. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2. İddia ərizəsi imzalanmadıqda və ya onu hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hüquqi şəxs olduğundan onun adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə hüquqi şəxsin möhürü vurulmaqla verilməlidir. Lakin iddiaçı tərəfindən qanununun bu tələbinə əməl edilməmiş və nümayəndəyə etibarnamə notariat qaydasında verilmişdir. Bundan əlavə iddia ərizəsindən görünür ki, iddia cavabdeh 26 saylı notariat ofisinə qarşı irəli sürülmüş, Cavabdeh1 MMC-yə qarşı hər hansı bir tələb irəli sürülməmişdür. Notariat ofisinin ünvanı isə Binəqədi rayonunda yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş formada verilmiş etibarnamə əlavə edilmədiyindən iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilməlidir. Eyni zamanda iddia ərizəsi tələbin yönəldiyi cavabdehin ünvanının yerləşdiyi rayon məhkəməsinə verilə bilər. Göstərilənlərə əsasən iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İzah edilsin ki, iddiaçının hazırkı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-1451/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X1 qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar