Məhkəmə qərarları › İş №e-2(004)-147/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-147/2025

13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-147/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MTK-ya qarşı “əmlakın və torpaq sahəsinin bərpa edilməsi və yaşayış sahəsindən çıxarılması” və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı “Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2600 (iki min altı yüz) manat olmaqla, ümumilikdə 136500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməsi və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MTK-ya qarşı “əmlakın və torpaq sahəsinin bərpa edilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi yaşayış evi iddiaçıların paylı mülkiyyətindədir. İddiaçıların payları ayrı girişləri olan evlərdən ibarətdir. Həmin evin yerləşdiyi torpaq sahəsi də paylarına müvafiq iddiaçılara məxsusdur. Sözügedən əmlaklar cavabdeh tərəfindən tam sökülmüş və həmin yerdə bina tikintisinə başlanılmışdır. Nəticədə, iddiaçıların əmlakı məhv edilmiş, onlara maddi və mənəvi zərər vurulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı “Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 131250 manat kompensasiya ödənilməsi və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddia tələbi dəqiqləşdirilmiş və Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2600 (iki min altı yüz) manat olmaqla, ümumilikdə 136500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməsinə və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizə cavabdehlərin vəziyyətini yaxşılaşdırdığından icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X7 cavabdehlərin ailə üzvü olmuş və o, vəfat etmişdir. Cavabdeh İddiaçı1 X5 arvadı, digər 3 cavabdeh isə övladlarıdır. Onların hər birinin payı ½ hissədən 1/15 hissə təşkil edir. Fərdi yaşayış evinin ümumi sahəsi 341.7 kv.m. təşkil edir. X2 payı açıq qalmışdır. Cavabdehlərə aid hissədə faktiki ölçülər üzrə sahə 52.5 kv.m. təşkil edir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 141 saylı xx.xx.2023-cü il tarixli müvafiq ərazi "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Danışıqlar mərhələsində cavabdehlərin adından İddiaçı2 ilə danışıqlar aparılmış və mənzilin 1 kv.m. hissəsi 2500 manatdan hesablanmaqla müvafiq şifahi razılıq əldə edilmişdir. Razılaşmadan sonra MTK tərəfindən mənzildəki əşyaların daşınması üçün 300 manat pul ödənilmiş və mənzil boşaldılmışdır. Bundan sonra cavabdehlər tərəfindən razılıq pozulmuş və hər kv.m. sahəyə görə 3000 manat ödəniş tələb edilmişdir. Bu səbəbdən, tərəflər arasında razılaşma pozulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 141 saylı xx.xx.2023-cü il tarixli sərəncamı əlavə edilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ½ hissədən 1/15 hissədə məxsusdur. X5 payı açıq qalmaqla ½ hissədən 1/15 hissə təşkil edir. Fərdi yaşayış evinin ümumi sahəsi 341.7 kv.m. təşkil edir. İş materiallarında olan yazılı müraciətlərə əsasən müəyyən edilir ki, qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" MTK-dan hər birinə müvafiq olaraq 1 və 2 otaqlı mənzilin verilməsini xahiş edirlər. İş materiallarına əlavə edilmiş X9 Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli rəyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi yaşayış evinin 1 kv.m. bazar dəyəri 2600 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsiinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. İş üzrə məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, 10 DÉCİSİON SİGUNOVY c. RUSSİE §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilar həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb ( yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir.

59. Yekun olaraq məhkəmə təsdiq edir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X7 cavabdehlərin ailə üzvü olmuş və o, vəfat etmişdir. Cavabdeh İddiaçı1 X5 arvadı, digər 3 cavabdeh isə övladlarıdır. Onların hər birinin payı ½ hissədən 1/15 hissə təşkil edir. Fərdi yaşayış evinin ümumi sahəsi 341.7 kv.m. təşkil edir. X2 payı açıq qalmışdır. Onun açıq qalan payı riyazi üsulla hesablandıqda 341.70 kv.m. : 30 = 11.39 kv.m. təşkil edir. Hər bir cavabdehin payı (1/30) 11.39 kv.m. təşkil edir. 4 nəfər cavabdeh və X5 payı ümumilikdə 56.95 kv.m. təşkil edir. Cavabdehlərə məxsus faktiki sahə 52.5 kv.m. təşkil edir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 141 saylı xx.xx.2023-cü il tarixli müvafiq ərazi "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Danışıqlar mərhələsində cavabdehlərin adından İddiaçı2 ilə danışıqlar aparılmış və mənzilin 1 kv.m. hissəsi 2500 manatdan hesablanmaqla müvafiq şifahi razılıq əldə edilmişdir. Razılaşmadan sonra MTK tərəfindən mənzildəki əşyaların daşınması üçün 300 manat pul ödənilmiş və mənzil boşaldılmışdır. Bundan sonra həmin ev mtk tərəfindən sökülmüş (mülki işin mübahisəsiz halıdır) və yerində tikiləcək binanın bünövrəsi qazılmışdır, hazırda isə həmin bina tikilməkdə davam edir. Yəni, mübahisə predmeti olan daşınmaz əmlak hazırda fiziki olaraq mövcud deyildir. Bundan sonra cavabdehlər tərəfindən razılıq pozulmuş və hər kv.m. sahəyə görə 3000 manat ödəniş tələb edilmişdir. Bu səbəbdən, tərəflər arasında razılaşma pozulmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ½ hissədən 1/15 hissədə məxsusdur. X5 payı açıq qalmaqla ½ hissədən 1/15 hissə təşkil edir. Fərdi yaşayış evinin ümumi sahəsi 341.7 kv.m. təşkil edir. X9 Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi yaşayış evinin 1 kv.m. bazar dəyəri 2600 manat təşkil edir. Məhkəmə qeyd edir ki, paylar riyazi üsulla hesablandıqda 341.70 kv.m. : 30 = 11.39 kv.m. təşkil edir. Bu halda, hər bir cavabdehin payı (1/30) 11.39 kv.m., 4 nəfər cavabdeh və miras qoyan X5 payı ümumilikdə 56.95 kv.m. təşkil etməlidir. Lakin, çıxarış üzrə paylar ½ hissədən qalan hissədən hesablanmaqla nəzərə alınır. Yəni, cavabdehlərin payları 1/30 hissədə 11.39 kv.m. deyil, daha aşağı ölçüdə təşkil edir. Əgər bu formada təşkil etmiş olsa idi, onda payla bağlı ifadə “½ hissədən 1/15 hissə” kimi göstərilərdi. Odur ki, çıxarış üzrə sahə mənzilin faktiki sahəsindən əhəmiyyətli dərəcədə aşağıdır (təxminən 30 kv.m.). Bu səbəbdən, müvafiq kompensasiya məbləği məhz cavabdehlərin faktiki istifadəsində olmuş ölçülərlə dəyərləndirilir. İddiaçı söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yenimənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehlərin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır.İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını pozmur, əksinə, onların mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehlərə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehlərin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. İddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir.Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir Məhkəmə nəzərə alır ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə MTK arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlər mülkiyyət hüququndan sui-istifadə edir. Nəticə etibarilə, mülki işin faktiki halları MM-in 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Hüquqdan sui-istifadə yolverilməzdir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Müvafiq ərazi üzrə köhnə binaların tam sökülməsi, cavabdehlin tam yararsız şəraitdə, şəhərsalma qaydalarına zidd formada həmin mənzildə yaşaması onun həyatı, sağlamlığı üçün təhlükədir. Nəzərə alınmalıdır ki, həmin ərazidə aparılan geniş tikinti işləri ilə əlaqədar bütün kommunikasiya (elektrik, qaz, su, piyada yolu, yol-nəqliyyat, kanalizasiya) xətləri məhv olmuşdur, cavabdehlərin yaşadığı ev tam yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə, mülkiyyətçilərin məhv olmuş əmlakının kompensasiya edilməsi ilk öncə onların öz maraqlarına uyğundur. Odur ki, müvafiq kompensasiyanın ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi əsası ilə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Prinsip” latın sözü olub “rəhbər, bağlanğıc müddəa” mənasını verir. İerarxiya baxımından ümumi-hüquqi və ya sahəvi prinsiplərə zidd olan hüquq normaları etibarsızdır. Mülki hüququn müqavilə azadlığına zidd olan hüquq norması etibarlı hesab oluna bilməz. Məhkəmə iddia tələbinin ilk hissəsi ilə bağlı bildirir ki, “müqavilə azadlığı” prinsipinin tələbləri və MM-in 390.1-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə mülki hüquq münasibətlərinin subyektlərinin üzərinə iradələrinə zidd müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mübahisə predmeti üzrə tərəflər arasında yazılı müqavilə bağlanmasa da, hər kv.m. sahə üçün 2500 manat kompensasiya ödənilməklə mənzilin boşaldılaraq sökülməsi barədə tərəflər arasında razılıq əldə edilmiş və mənzil qarşılıqlı razılıq əsasında boşaldılmışdır (video görüntülər mövcuddur). Lakin, bundan sonra razılaşma pozulmuşdur. Həmin razılaşmanın yazılı qaydada bağlanması (podrat münasibətləri baxımından) qanunvericiliyin imperativ tələbi deyildir. Odur ki, müqavilənin etibarsızlığı xüsusatı hazırda müəyyən edilmir. Həmin ev tam sökülməklə hazırda onun yerində hündürmərtəbəli binalar tikildiyindən ilkin iddia tələbinin təmin edilməsi, yəni, evin və torpağın bərpa edilməsi faktiki olaraq mümkünsüzdür. Zərərin yalnız pul ilə kompensasiyası mümkündür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsi müvafiq paylara uyğun olaraq hər bir kvadratmetrin əvəzinə 2600 (iki min altı yüz) manat olmaqla hər birinə 34125 (otuz dörd min yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 136500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməli və həmin 52,5 kv.m. sahə Cavabdeh MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 (yüz) manat hissəsi "xxxx" MTK-dan, 100 (yüz) manat hissəsi isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq X9 Mərkəzi MMC-nin VÖEN **********, AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, SWİFT BİK PAHAAZ22, Müxbir hesab AZ82NABZ******************** hesabına köçürülməlidir. Nəzərə alınmalıdır ki, həmin rəy üzrə "xxxx" MTK iddia tələbini dəqiqləşdirmiş və müvafiq yekun məbləğin müəyyən edilməsinə nail olmuşdur. Bundan əlavə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 köçürülmənin təsirinə məruz qalan şəxslər olması xüsusatı nəzərə alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MTKya qarşı “əmlakın və torpaq sahəsinin bərpa edilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı “Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2600 (iki min altı yüz) manat olmaqla, ümumilikdə 136500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməsi və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsi müvafiq paylara uyğun olaraq hər bir kvadratmetrin əvəzinə 2600 (iki min altı yüz) manat olmaqla hər birinə 34125 (otuz dörd min yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 136500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilsin və həmin 52,5 kv.m. sahə Cavabdeh MTK-ya təhvil verilsin. İş üzrə aparılmış ekspertiza üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 (yüz) manat hissəsi "xxxx" MTK-dan, 100 (yüz) manat hissəsi isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq X9 Mərkəzi MMC-nin VÖEN **********, AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, SWİFT BİK PAHAAZ22, Müxbir hesab AZ82NABZ******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar