Məhkəmə qərarları › İş №e-2(004)-1497/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1497/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1497/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”na dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCyə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “X6 Car" MMC-dən müştərək qaydada subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 878 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.03.2018-ci il tarixində ** VS *** dövlət qeydiyyat nişanlı X4 Prado markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 08.07.2018-ci il tarixində Cavabdeh1 məxsus yol vərəqəsi ilə idarə edilən ** VS *** dövlət qeydiyyat nişanlı X4 Prado markalı avtonəqliyyat ** LB *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh “X6 Car” MMC ilə digər Cavabdeh1 arasında yol vərəqəsinin verilməsinin əsası olan sənəd yəni yol vərəqəsi hansı əsaslarla verilməsi barədə sənəd olmadığından sürücü avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 17.08.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** LB *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 878 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 11.09.2018-ci il tarixli sığorta aktına 878 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Yasamal Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(004)-1497/2021 saylı qərardadına əsasən iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”na dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh1 vəfat etdiyindən ona aid hissədə xitam verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi Cavabdeh2 MMC-yə qarşı hissədə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 18.06.2012-ci il tarixli Sığorta aktına əsasən Cavabdeh1 oğlunun mülkiyyətində olan “xxxx” ASC tərəfindən sığortalanmış “X4 Prado markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilə 878 manat ziyan dəymişdir. ACN 623320 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İcbari Sığorta Müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Brend Rent MMC-yə etibarnamə 01.05.2019-cu il tarixdə (yalnız yol nəqliyyat hadisəsi baş verdiyi tarixdən sonra) verilmişdir. 12.04.2021-ci il tarixli xxxx tərəfindən verilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Hyundai Elantra” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilə 878 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə 08.07.2018-ci il tarixli qərardandan görünür ki, “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 AR X1 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə olunmuşdur. 10.07.2018-ci il tarixli Yol nəqliyyat hadisəsi barədə arayışdan görünür ki, X3 idarə etdiyi “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində hərəkət edərkən “Hyundai Elantra” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Brend Rent a car tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, X2 “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki Cavabdeh1 mülkiyyətində olan “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən icbari qaydada sığorta edilmişdir. 08.07.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 MMC-yə etibarnamə olmadan verilmiş “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X3 heç bir hüququ əsası olmadan verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. Nəticədə yol nəqliyyat hadisəsi baş vermiş, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş və həmin zərər “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı “xxxx” ASC tərəfindən ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC-nin verilmiş sığorta ödənişi həcmində cavabdehlərdən vurulmuş zərəri tələb etməkdən ibarət subroqasiya hüququ yaranmışdır. Belə ki, yüksək təhlükə mənbəyi hesab edilən “X4 Prado” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil hüququ olmayan şəxs tərəfindən idarə olunmasında Cavabdeh1 və Cavabdeh2 MMC təqsirli olmuş və həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Lakin iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(004)-1497/2021 saylı qərardadına əsasən iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”na dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh1 vəfat etdiyindən ona aid hissədə xitam verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, məsuliyyət yol-nəqliyyat vasitəsinin törədilməsində təqsirli bilinmiş X2 heç bir qanuni əsas olmadan yol vərəqəsi vermiş Cavabdeh2 MMC-nin üzərinə düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC-nin iddia tələbi Cavabdeh2 MMCyə aid hissədə əsaslı hesab edilməli, Cavabdeh2ndən 878 manat pul tutularaq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “xxxx” ASC-nin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh2 MMC-dən “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdeh2ndən 878 (səkkiz yüz yetmiş səkkiz) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar