Məhkəmə qərarları › İş №e-2(004)-1498/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1498/2021

30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1498/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddia ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X3 arasında imzalanmış rS-278/2014 saylı 27.10.2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun hissəsi olan 04.11.2014-cü il tarixli K1309 saylı maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borc alana 24 ay müddətinə faktiki illik faiz dərəcəsi 16.6123% (illik cərimə faizi 25% (gündəlik 0.694%)) olmaqla 320.000 manat məbləğində tranşlarla kredit vermişdir. Müqavilə üzrə borc alanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətindəki ünvan 2 ünvahında yerləşən yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair iddia tələbi Bakı Binəqədi Rayon Məhkəməsinin 19.07.2017-ci il tarixli, 2(001)-4704/2017 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamənin icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində llyazov Zaman Həsən oğlunun mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi “xxxx" MMC-nin 16.04,2019-cu il tarixli Hərracın yekunları üzrə protokol və əmlakın alqısatqısı öləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, yaşayış sahəsi hal-hazırda mülkiyyətçi "İddiaçı” ASC-nin sahibliyində və nəzarətində deyil və həmin mənzil cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kim bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Binəqədi Rayon Məhkəməsinin 19.07.2017-ci il tarixli, 2(001)-4704/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər X2, X7, Cavabdeh, X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər X1 və X6 iddiaçının xeyrinə 04.1 1.2014-cü il tarixli Kİ309 saylı kredit müqaviləsi üzrə 256 571,77 manat kredit borcu, 22 456,97 manat faiz borcu, 2 794 manat hesablanmış cərimə, cəmi 281 822,74 manat borcun, 40 manat notariat xərcinin, 80 manat xidmət haqqının, ipoteka predmetlərinin qiymətləndirilməsi üçün ödənilmiş ekspertiza xərci 700 manat tutulması, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzilə və digər ipoteka predmetlərinə yönəldilərək, açıq hərracda satılması qət edilmişdir. İş materiallarında olan “xxxx" MMC-nin 16.04,2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzil 84.660 manat dəyərində ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzil İddiaçı ASC-nin adına 25.11.2020-ci il tarixində tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, 54 saylı mənzil İddiaçı ASC tərəfindən qanuni əsasla alınmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən həmin mənzil iddiaçının tam mülkiyyətindədir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia üzrə cavabdehin iddiaçıya məxsus olan evdə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək kimi hüquqlarından lazımi qaydada istifadə etməsinə mane olur, iddiaçının ona məxsus olan ev üzərində hüquqlarının lazəmi qaydada həyata keçirilməsinə maneə törədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən məcburi qaydada çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli və 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən məcburi qaydada çıxarılsın. ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar