Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1547/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək-55 gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunu, taksi şirkətinə ödənilmiş 256 (iki yüz əlli altı) manat məbləğində pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və ödənilmiş 57,32 (əlli yeddi manat otuz iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2021-ci il tarixində "xxxx" ASC-də sığortalı olan “Mercedes Benz” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus olan “Kia Sportage” minik markalı **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 1130 manat müəyyən edilmişdir və 10 dekabr 2021-ci il tarixində sms vasitəsilə ona bildirilmişdir. İddiaçı müəyyən edilmiş məbləğ ilə razılaşmadığından xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Mətbuat pr. 25 ünvanındayerləşən ofisində olmuş və “Sığorta hadisələrinin tənzimlənməsi idarəsi”nin rəisi Mahir İsmayılovla görüşmüş, ona sığorta şirkəti tərəfindən müəyyən edilmiş 1130 (min yüz otuz) manat məbləğ ilə razılaşmağı, və ya təmiri sığorta şirkətinin seçdiyi emalatxanada etdirməyi, ya da avtomobilin özü tərəfindən təmir etdirilərək faktiki məbləği onlardan məhkəmə qaydasında tələb etməyi təklif etmişdir. İddiaçı tərəfindən avtomobil təmir servisinə dəymiş zərərin müəyyən edilməsinə dair müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli Qüsur Aktına əsasən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 4040 (dörd min qırx) manat, xx.xx.2021-ci il tarixli Qüsur Aktına əsasən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 4200 (dörd min iki yüz) manat məbləğində müəyyən edilmişdir. Bu barədə "xxxx" ASC-nin 183 qaynar xəttinə, məlumat mərkəzinə, +50 453 52 37 nömrəsinə və və “Sığorta hadisələrinin tənzimlənməsi idarəsi”nin rəisi Mahir İsmayılovla görüşdə bilavasitə xəbər verilmişdir. “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən təmir etdirilmiş və həmin təmir üçün 2820 (iki min səkkiz yüz iyirmi) manat vəsait xərclənmişdir. xx.xx.2022-ci il tarixli görülmüş işlərin aktına əsasən “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2820 (iki min səkkiz yüz iyimi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən ona məxsus olan “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın 1130 (min yüz otuz) manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. "xxxx" ASC-yə qanunla müəyyən edilmiş qaydada pretenziya qaydasında müraciət edilərək mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdeh təşkilatdan bununla bağlı heç bir hərəkət aparılmamışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X3 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qismən, yəni 1600 manat məbləğində sığorta ödənişi hissəsində qəbul etdiklərini, qalan hissədə iddianın əsasız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan AD seriyalı 875720 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı **-MS- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “X8” MMC-in xx.xx.2022-ci il tarixli görülmüş işlərin aktından görünür ki, İddiaçına məxsus “Kia Sportage” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələrinə çəkilən xərclərlə birlikdə dəymiş zərərin məbləği 2820(iki min səkkiz yüz iyirmi) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər DYRPİ YHN-nin xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında İXP ******* saylı protokolundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində saat 12:50 radələrində Puşkin küç-D.Əliyeva küç kəsişməsində X5 idarə etdiyi “Mercedes Benz C220 CDİ" minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, “Mercedes Benz C220 CDİ" minik markalı, **-EU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AutoBox automobile services-in xx.xx.2021-ci il tarixli 4047 nömrəli qiymətləndirilmə aktından görünür ki, İddiaçına məxsus “Kia Sportage”markalı **-MS- ***dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələrinə çəkilən xərclərlə birlikdə dəymiş zərərin məbləği 1130(min yüz otuz)manat təşkil edir. İş materiallarında olan sms yazısından görünür ki, Xalq Sığorta ASC tərəfindən 99MS796 DQN-li avtomobilə dəymiş zərərin məbləğinin 1130 manat qiymətləndirilməsi barədə iddiaçıya məlumat göndərilmişdir. İş materiallarında olan AutoBox automobile services-in xx.xx.2021-ci il tarixli 4047 nömrəli qiymətləndirilmə aktından görünür ki, İddiaçına məxsus “Kia Sportage”markalı **-MS- ***dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələri üçün 1600(min altı yüz) manat zərər dəymişdir. İş materiallarında olan kassa mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı “X10” MMC-ə xx.xx.2022-ci il tarixdə 445 manat, xx.xx.2022-ci il tarixdə 1053 manat, xx.xx.2022-ci il tarixdə 790 manat, xx.xx.2022-ci il tarixdə isə 512 manat ödəniş etmişdir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli 249820 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım haqqında müqavilə üzrə X2 500 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 05/01-99 saylı məktubun mətnindən müəyyən olunur ki, dəymiş zərərlə bağlı aralarında razılığın olmaması səbəbindən "xxxx" ASC tərəfindən müstəqil ekspertin seçilməsi İddiaçı təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2243 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, “X11”tərəfindən tərtib edilmişxx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013cü il buraxılışlı “Kia Sportage" markalı **-MS-*** dövlət qeydiyyat nişanlıavtomobilin təmirbərpa xərci avtonəqliyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2237 manat müəyyən edilir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2243 saylı rəyi nəzərə alınmaqla “Kia Sportage" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 2237 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər günə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək-55gün) hesablanmış 155,10 (yüz əlli beş manat on qəpik) manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə bildirir ki, Sığortaçı sığorta ödənişini iddiaçının təklifi qəbul etməməsi səbəbindən ödəmədiyindən bu hal gecikdirmə kimi qiymətləndirilməməli və iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “taksi şirkətinə ödənilmiş 256 (iki yüz əlli altı) manat məbləğində pulun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, sığorta ödənişi iddiaçının cavabdehin təklifi razılaşmaması səbəbindən ödənilmədiyindən, eləcə də hər kəsin könüllü müqavilə bağlamaq hüququ olduğundan iddiaçı taksi xidmətindən istifadə ilə bağladığı müqavilə də könüllü xarakter daşıdığından göstərilən məbləğin cavabdeh "xxxx" ASC-dən tələb etməkdə haqlı olmamışdır və bu hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 927.2.3-cü maddəsinə görə zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası yolu ilə həyata keçirilir (ödənilir). İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. Həmin Qanunun13.1-ci maddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 24.1.4-cü maddəsinə görə zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ var. “İcbari sığortalar haqqında” AR Qanunun 18.1.-ci maddəsinə əsasən 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin qanunun 18.2.-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 (beş yüz) manat və 57.32 manat dövlət rüsumunun 50 (əlli) manatı "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumu qalan 07,32 manat hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “Kia Sportage" minik markalı **-MS-*** dövlət qeydiyyat nişalı avtomobilə vurulmuş zərərə görə 2237 (iki min iki yüz otuz yeddi) manat sığorta məbləği, hüquqi yardıma görə 500 (beş yüz) manat, cəmi 2737 (iki min yeddi yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 57.32 manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdeh "xxxx" ASCdən İddiaçı xeyrinə tutulsun, dövlət rüsumu qalan 07,32 manat hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1547/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1547/2022
25.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver