Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-160/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pay bölgüsü tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhərcik, Qırmızı Şərq küçəsi, ev 324, ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan 47 saylı mənzilin paylara uyğun naturada bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 42.20 kv.m ümumi sahəsi olan mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********44-05101-093030 reyestr nömrəli mənzilə dair çıxarışa əsasən mənzildə ½ hissədə paylı mülkiyyətçidir. Mənzilin digər paylı mülkiyyətçisi (½ hissədə pay sahibi) X4 ölmüşdür. Onun vərəsələri övladları hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qanunsuz hərəkətləri səbəbindən sözügedən mənzildən istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Cavabdehlərin ataları X4 vəfat etdikdən sonra həmin əmlaka faktiki olaraq sahibliyi vərəsələri hesab edilən (oğlanları) cavabdehlər tərəfindən həyata keçirilir. Hazırda Cavabdeh4 həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Bu, Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 2 №-li Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, 227 nömrəli arayışı və DİN MAPS Şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışı ilə təsdiq edilir. Hazırkı mülki iş üzrə hər dörd cavabdehə rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin iddiaçının ½ hissədəki payının vərəsələr tərəfindən alınması ilə bağlı onlara 25 may 2022-ci il tarixli təklif məktubu və eyni zamanda pretenziya məktubu da göndərilmişdir. Sözügedən təklif və pretenziya məktubları cavabdehlər tərəfindən qəbul edilmişdir. Lakin təklif və pretenziya məktubuna cavabdehlər tərəfindən heç bir münasibət bildirilməmişdir. (qəbul etmələrinə dair poçt xidmətinin müvafiq qaimələri işə əlavə olunur) Ona görə də iddiaçı paylı mülkiyyətin açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2696/2020 saylı icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 324, 47 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlak üzərində iddiaçı X1 ½ hissədə, X3 ½ hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 324, 47 saylı mənzil İddiaçı (½ hissədə) və X3 (½ hissədə) paylı mülkiyyətindədir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Xidmətlər” saytından çıxarışlara əsasən X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra vərəsəliklə bağlı notariat hərəkətləri aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8201 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhərcik, Qırmızı Şərq küçəsində yerləşən 324 saylı evin, 47 saylı mənzilin təyinatı dəyişdirilmədən, orada əlavə tikinti aparılmadan, tənasübsüz zərər vurmadan mövcud vəziyyətdə mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış təkliflərdən görünür ki, iddiaçı cavabdehlərə öz payının 50000 manata satın alınmasını təklif etmişdir. Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 2 №-li Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli 227 saylı arayışına əsasən cavabdehlərdən Cavabdeh4 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatlara əsasən digər cavabdehlər mübahisəli mənzildə qeydiyyatları yoxdur və yuxarıda istinad olunan Mənzil İstismar Sahəsinin arayışına əsasən də həmin mənzildə yaşamırlır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il Qərarına əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə tədqiq edilmiş süubtlardan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 324, 47 saylı mənzil iddiaçının və mərhum X3 paylı mülkiyyətindədir. X3 ölümündən sonra onun övladları hazırkı iş üzrə cavabdehlər vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etməmişlər. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh4 mübahisəli mənzildə yaşamaqla atası mərhum X2 qalmış miras əmlakı, yəni mübahisəli mənzildə payını faktiki olaraq qəbul etmişdir. Eyni zamanda ekspert rəyi ilə iddiaçının payının naturada ayrılmasının mümkün olmaması müəyyən edilmiş və Cavabdeh4 tərəfindən iddiaçının onun payının satın alınması təklifi qəbul edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhərcik, Qırmızı Şərq küçəsi, ev 324, ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan 47 saylı mənzilin paylara uyğun naturada bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi tələbləri rədd edilməli, iddia qalan hissədə təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 324, 47 saylı mənzil açıq hərracda satılmalı və satışdan əldə olunmuş vəsait İddiaçı və X3 paylarına mütənasib bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci İddiaçı və cavabdeh X4 arasında bərabər bölünməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 324, 47 saylı mənzil açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait İddiaçı və Cavabdeh4 arasında bərabər bölünsün. İddiaçı 25 (iyirmi beş) manat və Cavabdeh4 25 (iyirmi beş) manat eksperti xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-160/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-160/2023
26.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver