Məhkəmə qərarları › İş №e-2(004)-1615/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1615/2022

13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1615/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh1 Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Hərrac Mərkəzi "xxxx" MMC cəlb edilməklə mənzildən istifadəyə maneələrin aradan qaldırılması və ekspert rəyinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən sahiblik və istifadə olunması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı bir maneənin qadağan olunması; mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən mülkiyyətçinin öz hüquqlarının tam, sərbəst və heç bir müdaxilə etmədən həyata keçirilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 istənilən qanunazidd hərəkətlərinə son qoyulması; cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli “ekspert rəyi”nin etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 manat olmaqla, ümumilikdə 112 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1615/2022 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli “ekspert rəyi”nin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə X2 ümumi birgə nikahlarından iddiaçı - İddiaçı dünyaya gəlmişdir. Bir müddət sonra cavabdehlər arasında olan nikah məhkəmənin müvafiq qətnaməsi ilə ləğv olunmuşdur. Tərəflər nikah dövründə əldə etdikləri mübahisəli mənzili almışlar. Nikah münasibətlərinə məhkəmənin qətnaməsi ilə xitam verildikdən sonra, göstərilən mənzilin bölünməsi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmənin qətnaməsi ilə mənzilə dair hər iki tərəfin yarı hissədə mülkiyyət hüquqları tanınmışdır. Daha sonra, cavadehlərdən Cavabdeh2 yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin satılması və satışdan əldə olunan vəsaitin paylarına mütənasib bölünməsi barədə qətnamənin çıxarılmasını istəmişdir. İşə baxmış Yasamal rayon Məhkəməsi iddia tələbininin təmin edilməsi barədə xx.xx.2017-ci il tarixli, 2(004)-5580/2017 nömrəli qətnamə qəbul etmişdir. Qətnamədən digər cavabdehin şikayət verməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmış və qanuni qüvvəsini almışdır. Yasamal rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamənin icra icraatında olduğu müddətdə, mənzilə dair mülkiyyətçilərdən, eləcə də hazırkı iş üzrə Cavabdeh1 öz payının yarı hissəsini iddiaçıya vermiş və iddiaçının xx.xx.2020-ci il tarixdə mübahisəli mənzilin 1/4 hissəsinə mülkiyyət hüquqları yaranmışdır. Lakin icra icraatı zamanı iddiaçının icra hərəkətlərinin həyata keçirilməsi barədə hərəkətlərindən xəbəri olmamışdır. Baxmayaraq ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları vardır, ancaq tətbiq edilmiş hər hansı bir icra hərəkətlərindən xəbərdar olunmamışdır. Bu azmış kimi, cavabdehlər iddiaçını həmin mənzilə buraxmırlar, ona həmin mənzildən istifadə olunmasına normal şərait yaratmırlar. Hər ikisi ancaq öz maraqlarından çıxış etməklə, iddiaçının mülkiyyət hüquqlarını da pozmuşlar. Son vaxtlar iddiaçıya bəlli olunmuşdur ki, mənzilin hərracda satılması üçün "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə satışa çıxarılması barədə xx.xx.2022-ci il tarixli 01/186 nömrəli məktub verilmişdir. Məktubla tanış olan zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan mənzilin dəyəri 152 000 manat məbləğində dəyərləndirilmişdir. Sonradan dəqiqləşdirilmişdir ki, mənzil hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh3 MMC adlı hüquqi şəxs tərəfindən hazırlanmış (tərtib edilmiş) və xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli “ekspert rəyi” adlı sənədlə həyata keçirilmişdir. Qeyd edilən “ekspert rəyi” adlı sənəd rəsmi qaydada iddiaçıya təqdim olunmadığından, şəxsən Yasamal rayon İŞ-dən kserosurəti əldə olunmuşdur. Həmin sənədlə tanış olarkən müəyyən olunmuşdur ki, heç bir ekspertiza fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan bir hüquqi şəxs tərəfindən həqiqəti əks etdirməyən, mülkiyyətçiyə paylı hüquqla məxsus olan mənzilin dəyəri həddən artıq aşağı qiymətlə yəni 50 000 - 60 000 manat dəyərindən aşağı - qiymətləndirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iş üzrə iddianın məzmunundan görünür ki, guya Cavabdeh2 və faktiki olaraq iddiaçı ilə birlikdə yaşayan atası Cavabdeh1 sözügedən mənzilin ¼ hissəsindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozmuş, onun mülkiyyətində olan hissədən istifadə etməsinin qarşısını almışlar. Adı çəkilən mənzilin ¼ hissəsi iddiaçının mülkiyyətinə qeydiyyata alındığı andan Konstitusiyanın yuxarıda göstərilmiş maddələri ilə iddiaçının hüquqları təmin olunmuş, lakin iddiaçının hansısa məkrli və mənzilin dəyərinin bölgüsü vaxtının uzadılması planlarına uyğun olaraq mülkiyyətçinin Azərbaycan Respublikası MM-nin 152-ci maddəsində nəzərdə tutulmuş üç ünsürdən birinin - mənzildən istifadə hüququnu mübahisənin predmeti kimi göstərməyə çalışmışdır. Əslində faktiki hallara diqqət verildikdə məhkəmənin işi icraatına götürməsi məqsədi ilə belə bir əsası olmayan üsuldan istifadə olunmuş, iddiaçının mənzilin hissəsinə mülkiyyət hüququ yarandıqdan sonra onun mənzilin ¼ hissəsindən istifadə və sahiblik hüquqlarına maneə ola biləcək hər hansı bir hal olmamışdır. Cavabdeh2 6 ildən yuxarı müddətdə mənzilə onun mülkiyyət payı olan ½ hissəsinə müdaxiləsi, mənzildə yaşayan hər hansı bir şəxsə fiziki və ya psixoloji təsirlər göstərmək imkanları olmamış, mənzildə bir an belə yaşamamış, mənzilin içərisinə giriş qapısının açarları olmadığından bir dəfə də olsun mənzilə daxil olmamışdır. İddiaçı ərizəsində məhkəməni səhv istiqamətə yönəltmək məqsədi ilə mənzildə 6 ildən çox müddətdə yaşamayan Cavabdeh2 sözügedən mənzildə yaşama ünvanını qeyd etmişdir. Təkzib olunması qeyri-mümkün olan işin faktiki halları ilə iddia ərizəsində qeyd olunmuş iddiaçının mənzildən istifadə hüququnu və imkanlarını aradan qaldıran maneələrin Cavabdeh2 tərəfindən törədilməsi imkanlarının olmaması sübuta yetirildiyindən iddia həmin hissəsi rədd edilməlidir. Əslində məhkəmə qətnaməsi əsasında İddiaçı Cavabdeh2 alınıb atası Cavabdeh1 verildikdən sonra iddiaçı atası ilə birlikdə yaşamış, ailə şəklində bir yerdə yaşayan və təsərrüfatı birlikdə idarə edən Cavabdeh1 iddiaçı oğlu İddiaçı mənzildən istifadəyə nə kimi maneçiliklər törətməsi konkret halda göstərilməmişdir. Məhkəmədə iddiaçının hansı qaydada mənz+ildən normal şəkildə istifadəsi üçün Cavabdeh1 üzərinə nə kimi öhdəliklər qoyulması barədə tələbləri irəli sürülməmişdir. Göründüyü kimi qeyd olunan hissənin də cavabdeh kimi Cavabdeh1 iddia ərizəsində göstərilməsinin hüquqi əsasları olmamış, süni şəkildə tərəflər çoxaldılaraq işə mahiyyəti üzrə operativ və tez baxılmasının qarşısının alınması və işin uzun müddət baxılmasına səbəb ola biləcək maneələr yaratmaq məqsədi güdülmüşdür. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş ekspert rəyi ilə razı deyil. Ekspert rəyindəki qiymət evin yalnız tam təmirsiz vəziyyətdəki halının qiyməti ola bilər. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə etiraz etmir. Oğlundan xəbərsiz qərar verilib deyə küskünlük olmuşdur. Artıq 3 aydır ki, iddiaçı-oğlu onun evində yaşayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3474-9/3907 saylı rəyinə əsasən tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin xx.xx.2021-ci il tarixə və hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 175 610 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Tədqiq olunmuş sübutlarla cavabdehlər tərəfindən iddiaçının mübahisəli mənzildən istifadəsinə maneələr yaradılması öz təsdiqini tapmamışdır. Cavabdeh1 izahatından göründüyü kimi, hazırda iddiaçı onunla birgə yaşayır və bu şəraitdə hansısa maneədən söhbət gedə bilməz. Cavabdeh2 nümayəndəsinin izahatından da bəlli olduğu kimi, Cavabdeh2 uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığından və iddiaçıya hər hansı maneə törətməsi imkanı istisna olduğundan iddia bu hissədə də sübut olunmur. Məhkəmə hesab edir ki, iddia “mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən sahiblik və istifadə olunması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı bir maneənin qadağan olunması; mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən mülkiyyətçinin öz hüquqlarının tam, sərbəst və heç bir müdaxilə etmədən həyata keçirilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 istənilən qanunazidd hərəkətlərinə son qoyulması” hissəsində təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu, ekspertiza xərci və müvəqqəti təminat tədbirinin tətbiqi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar