Məhkəmə qərarları › İş №e-2(004)-1648/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1648/2025

29.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1648/2025 29.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X11, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən qanunsuz sökülməsi nəticəsində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsi, həmin evə dair yaradılan maneələrin qadağan edilməsi, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi, 150.000 manat mənəvi zərərin tutulması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “0313468 saylı Çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən evin sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verilməsinə; - Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı 4 saylı mənzilin İddiaçı təhvil verilməsi ilə İddiaçı ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən qanunsuz sökülməsi nəticəsində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsi, həmin evə dair yaradılan maneələrin qadağan edilməsi, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi, 150.000 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia üzrə İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ərizə icraata qəbul edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzilin müəyyən hissəsi ( 1/16 hissəsi, 100 kv.m) mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* №-li çıxarışına əsasən ümumi sahəsi 400 kv.m olan qeyd olunan mənzil sahəsinin 100 kv.m hissəsi tam mülkiyyət hüququ ilə iddiaçının qeydiyyatdadır. Belə ki, iddiaçının atası X2 vəfatından sonra qeyd edilən mübahisəli mənzil sahəsi 4 vərəsə - X6, X8, X5 və İddiaçıarasında miras olaraq pay bölgüsü aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* №-li çıxarışına əsasən 4 vərəsə üçün pay miqdarı hər biri üçün çıxarışda qeyd olunan mənzil sahəsinin 1/16 hissəsi, yəni 100 kv.m nəzərdə tutulmuşdur. Yasamal rayon İcra Hakimiyyətinin başçısının 676 №-li xx.xx.2002-ci il sərəncamına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin texniki-inventarlaşdırma sənədinə uyğun olaraq İddiaçı adına 100 kv.m torpaq sahəsi qeyd edilən mənzil sahəsindən ayrılmışdır. Bununla bağlı lazımi sənəd də iş materiallarına əlavə edilmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı söküntü-qazıntı işlərinin aparılacağı barədə icra hakimiyyəti tərəfindən qəbuledilən sərəncam təqdim edilmədən və ya hər hansı xəbərdarlıq edilmədən mübahisəli mənzilin pəncərəsi dağıdılaraq iç hissəsində sökünütü işləri aparılmışdır. Mənzilin hazırki vəziyyətini göstərəcək fotoşəkillər də işə əlavə olunur. Baş vermiş halla bağlı cavabdehlə əlaqə saxlanıldıqda tərəf zənglərə cavab verməmiş, məsələyə biganə yanaşmışdır. Hal-hazırda da iddiaçıya nə sərəncam, nə də digər aidiyyəti sənəd təqdim edilməmişdir. Söküntü işlərinin aparılacağı barədə İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam verilmədən bu əməliyyatların aparılması qanuna ziddir. Hazırda həmin mənzil söküntü-qazıntı işləri üçün Cavabdeh MMC tərəfindən hasara alınıb və iddiaçı mənzilə daxil ola bilmir. Bu hal fotoşəkillərdə də öz əksini tapıb. Lakin, iddiaçıya sökülmüş mənzil payım üçün heç bir kompensasiya və ya yaşayış yeri verilməmişdir. Bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Sözügedən mənzil sahəsinin hər kv.m hissəsi üçün Yasamal rayonu ərazisində (Nizami metrosuna yaxın) ortalama bazar qiyməti 3000 (üç min ) manat müəyyən edilir. İddiaçı tərəfindən zəbt edilən torpaq sahəsi isə 100 kv.m təşkil edir. Odur ki, ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçıya düşən hissəsinə mülkiyyət hüquqlarımın bərpa edilməsinə, Cavabdeh MMC tərəfindən iddiaçının mənzilə daxil olmağına yaradılmış maneələrin aradan qaldırılmasına, cavabdeh tərəfindən aparılan söküntü-qazıntı işlərinin dərhal dayandırılması və aradan qaldırılmasına, mübahisəli mənzil üçün iddiaçının payına düşən 100 kv.m hissəyə görə hər kv.m. üçün bazar qiyməti 3000 (üç min ) manatdan hesablanmaqla, ümumilikdə, kompensasiya qismində 150000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə zərurət vardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “0313468 saylı Çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən evin sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verilməsinə; - Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı 4 saylı mənzilin İddiaçı təhvil verilməsi ilə İddiaçı ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbi dəqiqləşdirilmiş, texniki nöqsanlar (mənzilin nömrəsi və s.) aradan qaldırılmışdır. Tələb mahiyyəti üzrə dəyişmədiyindən ərizə icraata qəbul edilmiş və məhkəmə iclasının təxirə salınmasına zərurət müəyyən edilməmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X14 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İş materiallarına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 59 nömrəli sərəncamı əlavə edilmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. X4 payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına fərdi yaşayış evinin fotoşəkilləri əlavə edilmişdir. Müəyyən edilir ki, yaşayış evi 1 mərtəbəli olmaqla otaqlardan ibarətdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. İş üzrə məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, 10 DÉCİSİON SİGUNOVY c. RUSSİE §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilar həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb ( yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir.

59. Yekun olaraq məhkəmə təsdiq edir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. X4 payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı mülkiyyətindədir, mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı özünün və vəkillərinin izahatlarına əsasən, o, 40 ildən uzun müddətdir ki, özü və ya ailə üzvləri həmin mənzildə faktiki olaraq yaşamır, özünə məxsus olan digər mənzildə yaşayır. Həmçinin, fərdi yaşayış evinin digər bütün paylı mülkiyyətçiləri ilə MMC arasında razılaşmalar əldə edilmişdir. Bundan əlavə, fərdi yaşayış evinə keçirilmiş yerli baxış prosessual hərəkətləri zamanı müəyyən edilmişdir ki, ev sökülməmişdir, lakin, evdə yaşamış şəxslər tərəfindən evin MMC-yə tam təhvil verilməsi səbəbindən bir sıra xırda kənar müdaxilələr halları mövcuddur. Hazırki mübahisənin əsasını təşkil edən məsələ mülkiyyətin əvəzində veriləcək kompensasiya ilə (mənzilin sahəsi) bağlıdır. Belə ki, X9 tərəfindən 100 kv.m. sahəsi olan mənzil tələb edilir. X4 arqumenti odur ki, həmin fərdi yaşayış evində yaşayan şəxslərə verilən mənzillərin ölçüsü daha yüksək həddədir. Cavabdeh MMC isə əks arqument olaraq bildirir ki, həmin evdə yaşayan şəxslərə verilmiş mənzillərin sahələri onları faktiki yaşayış sahələri nəzərə alınmaqla verilmiş, bu barədə mövcud məhkəmə təcrübəsi əsas götürülmüşdür. X9 həmin fərdi yaşayış evində uzun illərdir ki, faktiki olaraq yaşamadığından, dolayı yolla onun mülkiyyət sahəsi faktiki olaraq müəyyən edilmədiyindən ona verilən mənzilin sahəsi hüquqi baxımdan məhz çıxarış üzrə hesablanır. Məhkəmə Cavabdeh MMC-nin arqumenti ilə razılaşır və onu əsaslı hesab edir. Belə ki, məhkəmə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər üzrə mübahisəni həll etməyi qanuni hesab edir. X4 digər arqumenti odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(102)-2680/10 nömrəli qərarı preyudisial hesab edilməli və həmin qərara əsasən sözügedən əmlakın 4 nəfər arasında bölünməsi xüsusatı nəzərə alınmalıdır. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, əvvəla preyudisiallıq institutunun mahiyyətinə uyğun olaraq həmin qərarda Cavabdeh MMC tərəf olmadığından sözügedən qərarın hazırki mülki iş üzrə preyudisiallığı istisna edilir. Bundan əlavə, həmin qərar üzrə də X4 əmlaka dair 1/16 hissədə mülkiyyət payı müəyyən edilmiş və həmin qərar əsasında sonuncu mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Yekun olaraq, mübahisə çıxarış üzrə qeyd edilən məlumatlar kontekstindən həll edilməlidir. Mübahisə predmeti olan əmlak üzrə digər paylı mülkiyyətçilərin, həmçinin ərazi üzrə razılaşma əldə edilmiş digər şəxslərin hüquqları qorunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı söküləcək fərdi yaşayış evləriinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yenimənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin mülkiyyət hüquqlarını pozmur, əksinə, onun mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. Qarşılıqlı iddia üzrə iddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir Məhkəmə nəzərə alır ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Qarşılıqlı iddia üzrə cavabdehə yeni tikiləcək binada 40 kv.m. sahəsi olan mənzilin verilməsi onun mülkiyyət payının həcminin (30.93 kv.m.) 20%-dən artıq hissədə kompensasiyasını əhatə edir. Lakin, mövcud məhkəmə təcrübəsi əsas götürülməklə qarşılıqlı iddia tələbi “mülkiyyət hüququna xitam verilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh mülkiyyət hüququndan suiistifadə edir. Hüquqdan sui-istifadə yolverilməzdir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi əsası ilə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, ilkin iddia üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. İlkin iddia üzrə iddiaçıya mənəvi zərərin vurulması xüsusatı mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həm ilkin iddia üzrə, həm qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçıların özlərinə aid edilməlidir. Qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə baxmayaraq qarşılıqlı iddia üzrə cavabdehin vətəndaş kimi maliyyə baxımından daha zəif tərəf olması və vətəndaşın köçürülmənin təsirinə məruz qalması xüsusatı diqqətə alınır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ******* saylı Çıxarışa əsasən cavabdeh İddiaçı paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ev sökülməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə təhvil verilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı 4 saylı mənzil cavabdeh İddiaçı təhvil verilməlidir. Qarşılıqlı iddia tələbi “İddiaçı ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən qanunsuz sökülməsi nəticəsində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsi, həmin evə dair yaradılan maneələrin qadağan edilməsi, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi, 150.000 manat mənəvi zərərin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “0313468 saylı Çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən evin sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verilməsinə; - Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı 4 saylı mənzilin İddiaçı təhvil verilməsi ilə İddiaçı ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. 0313468 saylı Çıxarışa əsasən cavabdeh İddiaçı paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ev sökülməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. İbrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı 4 saylı mənzil cavabdeh İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia tələbi “İddiaçı ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməsin. Həm ilkin iddia üzrə, həm qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar