Məhkəmə qərarları › İş №e-2(004)-1660/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1660/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1660/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X1 Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X2 Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 450 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 480 (dörd yüz səksən) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış “VAZ 2121” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 11 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin əmlakına zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 450 manat məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Belə ki, Cavabdeh sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmiş, bu səbəbdən onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş (hadisə yerindən yayınma) qaydada xx.xx.2020-ci il tarixli, TP3940806 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar (əlavə olunur) qəbul edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməmiş və həmin qərara əsasən cəriməni ödəmişdir. Həmçinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini müdafiə edərək bildirir ki, iddiaçı qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia təmin edilməməlidir. İddianın rədd olunmasını xahiş edir. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, o, hadisə yerini tələsdiyi üçün tərk etmiş, hesab etmişdir ki, hadisə zamanı onun nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və şəxsiyyəti bəlli olmuşdur. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 11:38-də “VAZ 2121” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi rayonu ərazisində İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 327.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Bundan başqa Cavabdeh İXM-nin 327.6-cı maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə, həmçinin hadisə yerindən yayındığına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 6266/20 saylı sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 450 manat təşkil edir və sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan: - Bakı Şəhəri Binəqədi RPİ DYPŞ tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “VAZ 2121” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində olmaqla onun tərəfindən idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. - AB seriyalı, 833076 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “VAZ 2121” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. - AB seriyalı, 441217 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “MAN TGA 18430” minik markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. - sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən edilir ki, “VAZ 2121” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil PST********** nömrəli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdur. - sığorta hadisələri və zərərlərin araşdırılması şöbəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş “Əmlaka dair qiymətləndirmə Aktı”ndan müəyyən edilir ki, “MAN TGA 18430” minik markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 450 manat qiymətləndirilmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, “İcbari Sığorta Bürosu” X2 tərəfindən 6266/20 saylı akta əsasən dəymiş zərərə görə "xxxx" MMC-nin hesabına 450 manat məbləğində sığorta ödənişi edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “VAZ 2121” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində olmaqla onun tərəfindən idarə olunmuşdur. Hadisə törədilən vaxt Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdır. cavabdeh hazırda qanuni qüvvədə olan Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 327.1 və 327.6-cı maddələrinə əsasən təqsirli bilinmişdir. Hansı ki, o, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, eyni zamanda hadisə yerindən yayınmışdır və həmin hadisə nəticəsində “MAN TGA 18430” minik markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyərini təşkil edən 450 manat “İcbari Sığorta Bürosu” X2 tərəfindən digər avtomobilin mülkiyyətçisi olan zərərçəkmiş "xxxx" MMC-yə tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 450 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisəli halların araşdırılması üçün ilk öncə iddia müddətinin ötürülməsi məsələsi aydınlaşdırılmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı halda iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh ərizəsində iddiaçının 3 illik iddia müddətini ötürdüyünü bildirsə də, qanunvericiliyin tələbinə əsasən müəyyən olunur ki, 3 illik iddia müddəti müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblərə aiddir. Hazırkı tələb isə qeyd olunanlardan heç birinə aid olmadığından tələbə ümumi iddia müddəti tətbiq edilir. Qanunvericiliyin tələbinə əsasən ümumi iddia müddəti 10 il təşkil etdiyindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə qeyd edir ki, Binəqədi RPİ-nin DYPŞ-nə verdiyi izahatdan müəyyən edilir ki, o, tələsdiyi üçün hadisə yerində sürücüyə məlumat verərək oradan uzaqlaşmışdır. Məhkəmə tərəfindən “AsanPay” portal axtarış sistemində Cavabdeh barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar yoxlanıldıqda ona təyin edilmiş cərimənin ödənildiyi aşkar edilmişdir. Həmçinin o, məhkəmə iclasında izahatında cəriməni ödədiyini bildirmişdir. Dolayısı ilə, Cavabdeh cəriməni ödəməklə barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Cavabdeh izahatında göstərdiyi xüsusatlar özünümüdafiə xarakterli olmuşdur. Beləliklə, məhkəmə Cavabdeh onun barəsində Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 327.1 və 327.6-cı maddələrinə əsasən təqsirli bilinməsini, həmin qərarın qanuni qüvvədə olmasını və iddiaçı tərəfindən hadisə nəticəsində 450 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə ödənilməsinin təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə görə subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 25.2-ci maddəsinə görə Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.1-ci maddsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 450 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 450 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “İcbari Sığorta Bürosu” X1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı “İcbari Sığorta Bürosu” X1 xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar