Məhkəmə qərarları › İş №e-2(004)-1765/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1765/2023

02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1765/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Cavabdeh2 MMCyə qarşı “qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 7500 manat, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 manat, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6500 manat, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 4500 manat, “TSR tt13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 manat, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 9500 manat, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 12000 manata qiymətləndirilməsinə dair tərtib etdiyi 3340 nömrəli qiymətləndirmə rəylərinin ləğv edilməsi və icra şöbəsi üzərinə həmin nəqliyyat vasitələri ilə bağlı təkrar qiymətləndirmənin aparılması məqsədilə başqa mütəxəssisin dəvət edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizənin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyd edilsə də, cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmiş, iddiaçı iddia ərizəsinin tələb hissəsində cavabdeh qismində qeyd etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı hansı tələbin yönəldiyini qeyd etməmişdir. Bundan əlavə iddia tələbində “icra şöbəsi üzərinə həmin nəqliyyat vasitələri ilə bağlı təkrar qiymətləndirmənin aparılması məqsədilə başqa mütəxəssisin dəvət edilməsi vəzifəsinin qoyulması” tələbi irəli sürülsə də, qeyd etmək lazımdır ki, icra məmurunun üzərinə vəzifə qoyulması ilə bağlı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərinin tənzimləyir: xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra Hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüququ şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiış inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Beləliklə yuxarıda qeyd edilmiş qanunvericilik aktlarında görünür ki, iddia ərizəsinin icra məmuruna qarşı icra şöbəsi üzərinə həmin nəqliyyat vasitələri ilə bağlı təkrar qiymətləndirmənin aparılması məqsədilə başqa mütəxəssisin dəvət edilməsi vəzifəsinin qoyulmasına dair hissəsi isə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmadığı üçün, iddia ərizəsində qeyd edilən cavabdehə qarşı tələb göstərilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar