Məhkəmə qərarları › İş №e-2(004)-1799/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1799/2025

03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1799/2025 03.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı MMC-nin cavabdehlər “X1” MMC-yə və Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “X1” MMC-yə və Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı MMC (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır, fəaliyyət istiqaməti – ərzaq malları bazarının icarəyə verilməsi üzrə fəaliyyətdir. Cavabdeh “X1” MMC (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır, fəaliyyət istiqaməti – valyuta dəyişmə məntəqələrinin fəaliyyətidir. Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatı (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır, fəaliyyət istiqaməti – kredit kartları ilə əlaqəli fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İddia İddiaçı MMC “X1” MMC tərəfindən keçirilmiş hərracın nəticəsində tərtib olunan xx.xx.2025-ci il tarixli **********2665088 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” “protokol”un etibarsız hesab edilməsini tələb edir. İş üzrə əsas tələb - iddiaçı ilə həmin cavabdeh arasındakı hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsinə dair mübahisə həmin tərəflər arasındakı kommersiya xarakterli münasibətdən irəli gəlir. Eyni zamanda hərracın keçirilməsinə əsas olmuş icra icraatı üzrə icra sənədi kommersiya mübahisəsi üzrə kommersiya məhkəməsi tərəfindən baxılmış iş üzrə verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-577/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-578/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərara əsasən Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 mart tarixli, e- 2-2(113)-145/2024 nömrəli qətnaməsi ilə (hakim E.Z.Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh Libra” MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71.023.749,20 manat əsas borcun, 46.505.656,37 manat faiz borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2.249.085,38 manat faiz borcunun, cəmi 119.778.490,95 manatın, həmçinin dövlət rüsumu və mediasıya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh2 QSC BOKT-a ödənilməsi, tutmanın ilkin satış qiyməti 120.000.000 manat olan ipoteka predmeti İddiaçı MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653.75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh İddiaçı MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-578/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 mart tarixli, e-2-2(113)-145/2024 nömrəli qətnaməsi qismən - cavabdeh İddiaçı MMC-dən iddiaçı Cavabdeh2 QSC BOKT-un xeyrinə 2.249.085,38 manatın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisə kommersiya xarakterli münasibətlərdən irəli gəldiyindən, hazırki iddia tələbinə dair mülki işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsini aiddiyyət qaydalarının pozulması ilə verdiyinə görə, məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, **********59 nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X2 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 35.2, 151.1, 152, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər “X1” MMC-yə və Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, **********59 nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X2 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə (VÖEN **********) qaytarılsın. İddiaçı MMC-yə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar