Məhkəmə qərarları › İş №e-2(004)-1804/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1804/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1804/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirak ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilə dəymiş zərərə görə 1145 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 31,90 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 097334 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 1200 manat sığorta ödənişindən cavabdeh tərəfindən 55 manat "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilmişdir. xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarında öz əksini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1145 manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində, Salyan şossesində "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. X4 məxsus "Mercedes Benz 300” markalı, **-LX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman Cavabdeh tərəfindən idarə olunduğu müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixdə verilmiş AC936659 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı, buraxılış illi 1996-cı il olan nəqliyyat vasitəsinin sahibi X5r. "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə, Səbail rayon Polis İdarəsində verilmiş olduğu izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində Salyan şossesi, Sədərək dairəsi istiqamətində "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı ışığında dayanan “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini düzgün seçə bilmədiyi üçün arxadan toqquşmuşdur. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 097334 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat məbləğində zərər dəymişdir. Eyni zamanda sığorta aktına əsasən, "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PAT********** saylı sığorta müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığortalı olması görünür. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, zədələnmiş “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1200 manat həcmində olması müəyyən edilmişdir. 01 iyul 2021-ci il tarixli, 5342 saylı ödəniş tapşırığına əlavədən görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə faydalanan şəxs X2 1200 manat pul vəsati ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(009)-1364/2021 saylı, xx.xx.2021-ci il tarixli, qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, ona, “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1145 manat sığorta ödənişi məbləğini 10 iş gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin (№**********) surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31,50 manat məbləğində dövlət rüsumu və bank xidməti xərci olaraq 0,40 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1145 manat məbləğində sığorta ödənişinin əvəzi, 31,90 manat dövlət rüsumu və ban xidməti xərcləri tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, Cavabdeh idarə etdiyi "Mercedes Benz 300” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, 31,90 manat dövlət rüsumu və bank xidməti xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ 21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1145 (bir min yüz qırx beş) manat sığorta ödənişi və ödənilmiş 31,90 (otuz bir manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar