Məhkəmə qərarları › İş №e-2(004)-185/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-185/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-185/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 953,48 (iyirmi altı min doqquz yüz əlli üç manat, qırx səkkiz qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 171,26 (bir yüz yetmiş bir manat, iyirmi altı qəpik) manat dövlət rüsumu, ümumilikdə 27124,74 (iyirmi yeddi min yüz iyirmi dörd manat, yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi ilə hərəkət edən zaman “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar ilə “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilə 32097 (otuz iki min doxsan yeddi) manat maddi zərər dəymişdir. MİC2000052 saylı sığorta şəhadətnaməsinə və AKS220112 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 31927 (otuz bir min doqquz yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəflərindən "xxxx" ASC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4973,52 (dörd min doqquz yüz yetmiş üç manat, əlli iki qəpik) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 26953,48 (iyirmi altı min doqquz yüz əlli üç manat, qırx səkkiz qəpik) manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 170,86 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, OD1 saylı Ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli AKS220112 saylı sığorta ödənişi aktına əsasən 17097 manat məbləğində sığorta ödənişi X4 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, 15000 manat məbləğində sığorta ödənişi X4 hesabına köçürülmüşdür. İş materiallarında olan AKS220112 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən X5 31927 manat sığorta ödənişinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli Avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən görünür ki, “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktından görünür ki, “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı mikroavtobusla bağlı təmir xərci cəmi 32097 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı mikroavtobusla bağlı təmir xərcinə görə cəmi 32097 manat ödənilmişdir. İş materiallarında olan X7 FZCO Şirkətinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X7 FZCO-ya məxsus “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X1 xx.xx.2021-ci il tarixdə saat 06:35 radələrində Bakı şəhəri, Ziya Bünyadov küçəsindən Azadlıq prospektinə dönərkən **-RZ-*** nömrə nişanlı Hundai Sonata markalı avtomobillə toqquşmuşdur. Şirkət ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli MİC ******* seriyalı müqaviləyə əsasən müvafiq tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Hundai Sonata minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Bakı şəhəri, Ziya Bünyadov küçəsindən Azadlıq prospektinə dönərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Hundai Sonata minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Bakı şəhəri, Ziya Bünyadov küçəsindən Azadlıq prospektinə dönərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan AD seriyalı 104864 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hundai Sonata minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 884828 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 FZCO Şirkətinin mülkiyyətindədir. İş materiallarında olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair Çıxarışdan görünür ki, “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASCdə sığortalanmışdır. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi ilə hərəkət edən zaman “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X7 FZCO Şirkətinin mülkiyyətində olan “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2023-cü il tarixli 9/7753 nömrəli ekspert rəyindən görünür ki,

1. nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvfiq hesablanmaqla 49182 manat (dəyişilməli hissələrin qiyməti – 40182 manat; təmir bərpa işlərinin qiyməti – 9000 manat), dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 40453 manat (dəyişilməli hissələrin qiyməti – 31453 manat; təmir bərpa işlərinin qiyməti – 9000 manat) 2. nəzəri hesablama yolu ilə, fiziki şəxs X6 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvfiq hesablanmaqla 29547 manat (dəyişilməli hissələrin qiyməti – 20507 manat; təmir bərpa işlərinin qiyməti – 9040 manat), dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 25092 manat (dəyişilməli hissələrin qiyməti – 16052 manat; təmir bərpa işlərinin qiyməti – 9040 manat) müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi ilə hərəkət edən zaman X7 FZCO Şirkətinin mülkiyyətində olan “avtonəqliyyat vasitəsi sahiblərinin könüllü sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X7 FZCO Şirkətinin mülkiyyətində olan “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən, xx.xx.2021-ci il tarixdə Hundai Sonata minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Bakı şəhəri, Ziya Bünyadov küçəsindən Azadlıq prospektinə dönərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan zərəri aradan qaldırmaq üçün AKS220112 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 31927 (otuz bir min doqquz yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4973,52 (dörd min doqquz yüz yetmiş üç manat, əlli iki qəpik) manat ödəniş həyata keçirilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 26953,48 manat ödənişi mövcud iddia ilə tələb edir. Məhkəmə qeyd edir ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə görə, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişini cavabdehdən tutulmasını tələb edərkən haqlı olmuşdur. Məbləğlə bağlı məsələyə gəldikdə isə məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2023-cü il tarixli 9/7753 nömrəli ekspert rəyinin nəzəri hesablama yolu ilə, fiziki şəxs X6 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə olan 25092 manat müəyyən edilmiş hissəsini əsas götürərək, yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin 25092 manat məbləğində cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 25092 (iyirmi beş min doxsan iki) manat məbləğində ödənilmiş sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq şəkildə işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 159.05 (bir yüz əlli doqquz manat beş qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 11.81 (on bir manat səksən bir qəpik) manat (170.86-159.05=11.81) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 25092 (iyirmi beş min doxsan iki) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 159.05 (bir yüz əlli doqquz manat beş qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 11.81 (on bir manat səksən bir qəpik) manat (170.86-159.05=11.81) iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar