Məhkəmə qərarları › İş №e-2(004)-186/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-186/2023

29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-186/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 X1 və X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14170 manat maddi zərərin, 25000 manat mənəvi zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Davinçi Hospitalının həkimi Cavabdeh1 qəbulunda olmuşdur. Həkimə müraciət etmə səbəbi hamiləlikdən sonra yaranmış fartuk və daxildə olan sancılarla əlaqədar olmuşdur. Həkim tərəfindən aparılmış müayinə əsasında ona qarın sallanması, əzələ yırtığı və ödə polip diaqnozu qoyularaq abdominoplastika (qarın gərmə əməliyyatı) və laparoskopik xolesistektomiya(öd kisəsinin laparoskopik üsulla çıxarılması) əməliyyatına ehtiyacı olduğu bildirilmiş və həkim tərəfindən əməliyyat icra olunmuşdur. Lakin həkim Cavabdeh1 onu doğru müayinə və müalicə etməmişdir. Nəticədə əməliyyat öncəsi bədən forması söz verdiyi kimi şəkillənməmişdir. Bunun əksi olaraq əməliyyatdan sonra qarın nahiyyəsində simmetriya pozulmuş, yarada ağırlaşma baş vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Xəstəlik tarixindən çıxarışdan X/T N ******* göründüyü kimi xx xxxx 1990-cı il tarixində anadan olmuş vətəndaş İddiaçı 19 fevral 2022-ci il tarixində “DaVinci Hospital” (indi adı Cavabdeh2) MMC-nin klinikasında ümumi anesteziya altında xəstənin özünün və ailə üzvlərin razılığı ilə ona “Laparoskopik xolesistekomiya”, “abdominoplastika” cərrahi əməliyyatları icra edilmişdir. Təftiş zamanı öd kisəsinin gərgin ölçüdə böyüməsi müşahidə edilmiş, kisə axarı və arteriyası texniki çətinliklə ayrı-ayrılıqda klipslənərək kəsilmişdir. Əməliyyatlar həmin dövrdə klinikanın həkimləri olmuş, klinikanın sabiq həkimləri plastik cərrah Cavabdeh1 və ümumi cərrah X7 tərəfindən icra edilmişdir. Xəstədə xolesistekomiya cərrahi əməliyyatını ümumi cərrah X7, abdominoplastika əməliyyatını plastik cərrah Cavabdeh1 icra etmişdir. Tibbi sənədlərdən göründüyü kimi xəstənin cərrahi əməliyyatı 19 fevral 2022-ci il tarixdə saat 12:10-da başlamış və 17:20-də başa çatmışdır. Əməliyyatdan sonra xəstəyə ixtisaslaşmış tibbi xidmət göstərilmişdir. Vətəndaş İddiaçı 23 fevral 2022-ci il tarixdə ağırlaşma olmadığından klinikadan evə buraxılmışdır.Xəstə yaşayış sahə poliklinikasına cərrahın nəzarətinə göndərilmişdir.Korset geyinmək və fiziki işlərdən 3 aylıq müddətə uzaq durmaq tövsiyyə edilmişdir. Təqdim olunmuş xəstəlik tarixçəsinə aid sənədlərdən göründüyü kimi xəstəyə ixtisaslaşmış cərrahi əməliyyat keçirilmiş və əməliyyatdan sonra lazımi tibbi xidmət göstərilmişdir. Ona görə də, xəstənin cərrahi əməliyyatı zamanı həkim səhvinin olması barədə iddianı qəbul etmirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X4” X6 xx.xx.2022-ci il tarixli, 633/ KEŞ saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. “Davinçi Hospital” da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Laparoskopik xolesistektomiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. 2.4. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda böyük ölçülü çapıq toxumasının olduğu müəyyən edilmişdir ki, bu da əməliyyat yarasının ikincili sağalması ilə əlaqədar olmuşdur. Yaranın ikincili sağalması müxtəlif səbəblərdən yəni, yaraya müxtəlif şəraitlərdə infeksiyanın düşməsi, qan dövranı pozğunluğu və s. hesabına baş verə bilər. Böyük ölçülü çapıq toxumasının ləğvi ilə əlaqədar hazırda İddiaçı korreksiyaedici əməliyyatın aparılmasına ehtiyacı vardır.

3. Tərtib edilmiş tibbi sənədlərdə İddiaçı üzərində cərrahiyə əməliyyatının icrasına əks göstərişin olub-olmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəmə iclasında iştirak etmiş ekspertlər bir daha rəyi təsdiq edərək iddiaçıya düzgün diaqnoz qoyulduğunu və iddiaçının düzgün müalicə olunduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Şərh edilən normalara görə sağlamlığını pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etmək üçün məhz cavabdehlərin iddiaçının sağlamlığını pozması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Lakin iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun sağlamlığının pozulduğunu sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyanın ödənilməsi hissələri təmin edilmədiyindən müvafiq olaraq da tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. «Mahmudov Rusiyaya qarşı» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənən deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 88. Sübutların qiymətləndirilməsi

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tədqiq olunmuş sübutlarla iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehlər tərəfindən onun düzgün müayinə və müalicə olunması halları təsdiq edilmədiyindən iddia rədd olunmalıdır. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia rədd olunduğundan dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar