Məhkəmə qərarları › İş №e-2(004)-1864/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1864/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1864/2023 12.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mobil telefon cihazının alınması üçün ödənilmiş pulun qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “ABC-Telecom" MMC-yə qarşı “telefon alınması üçün ödənilmiş pulun qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı mobil telefon cihazının alınması üçün xx.xx.2022-ci il tarixdə ödədiyi 3.759,99 manat pulun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat olmaqla, cəmi 4.759,99 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh MMC-yə məxsus Kontakt Home mağazalar şəbəkəsinin 3-cü mikrorayon dairəsində yerləşən mağazasından xx.xx.2022-ci il tarixdə 3.759,99 manat dəyərində İPHONE 14 PRO MAX 256GB- DEEP PURPLE markalı mobil telefon almışdır. Qısa müddət sonra xx.xx.2022-ci il tarixdə telefonda qüsur aşkar olunmuşdur. Belə ki, telefonun ekranına qara ləkə gəlir, təxminən 15-20 saniyyə sonra ekran açılırdı. Bundan dərhal sonra mağaza ilə əlaqə saxlayıb telefonu təhvil vermişdir. Mağazadan telefonun servisə göndəriləcəyi bildirilmişdir. Cavabdeh telefonda əmələ gələn problemin proqram təminatı ilə bağlı olduğunu düşünmüşdür. Təxminən 10 gün sonra, mağazadan bildirilmişdir ki, telefonun sistemi yenidən yükləndi və artıq problem olmayacaqdır. Telefonu mağazadan götürdükdən 2-3 gün sonra, xx.xx.2023-cü ildə yenidən eyni qüsur telefonda aşkar olunmuşdur O, yenidən telefonu mağazaya təhvil verib dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə telefonu qüsurlu olduğunu əsas gətirərək, yenisi ilə əvəz etmişdir. Lakin yeni telefonda da eyni qüsur aşkar olunmuşdur. O, telefonu mağazaya təhvil vermişdir. Cavabdeh təxminən 3 gün sonra problemin həll olduğunu bildirdi və o, yenidən telefonu almışdır. Amma problemin hələ də qaldığını görmüşdür. xx.xx.2023-cü il tarixdə telefonu qaytarmaq və ödədiyi məbləği geri almaq məqsədi ilə telefonu həmin mağazaya təhvil vermişdir. Cavabdeh telefonun servisdə yoxlanacağından sonra onun pulunun qaytarılacağı bildirmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə mağazadan onunla əlaqə saxlanılmış və bildirilmişdir ki, həmin marka telefonlarda yeniləmə olub, i.o.s 16.3 sistemi yüklənib və artıq belə problemlər olmayacaq. O, yenidən həmin telefonu mağazadan götürmüş, lakin telefonda qüsurun aradan qalxmadığı müəyyən olunmuşdur. O, xx.xx.2023-cü il tarixdə telefonu bir daha mağazaya təhvil vermiş və qəti olaraq ödədiyi məbləğin ona qaytarılması xahiş etmişdir. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məsələ ilə əlaqədar şikayət ünvanlamış və həmin şikayət əsasında ünvanlanmış sorğulara cavab olaraq cavabdeh tərəf bildirmişdir ki, iddiaçı cihazı servisə verməkdən imtina etmişdir, bu səbəblə malda qüsur olubolmadığı məsələsi açıq qalmışdır. Sonuncu məhkəmə iclasından sonra məhsul cavabdeh tərəfindən yenidən İPHONE rəsmi servisinə təqdim edilmiş, servis məhsulda problem olmamasını qeyd etsə də, telefonun ekranında yaranmış qaralmalar getməmişdir. Telefonun ekranında qaralma olması çəkilmiş fotoşəkillər və videogörüntü ilə təsdiq edilir. Yəni, məhsulda olan problem həll edilməmişdir. Cavabdeh telefonda istehsal qüsuru olduğunu görməsinə baxmayaraq 2023-cü ilin dekabr ayından hazırkı vaxta kimi problemi həll etməməsi nəticəsində ona maddi zərərlə yanaşı mənəvi zərər də vurulmuşdur. O, sarsıntı və iztirablar keçirmişdir. Belə ki, o, həmin telefonu həyat yoxdaşına hədiyyə almışdır, lakin telefonun xarab olması onu həyat yoldaşının və ailə üzvlərinin yanında utandırmış və çıxılmaz vəziyyətə salmışdır. Servis yoxlanması zamanı cihazda problem aşkar olunmadığı qeyd edilsə də, telefonda qüsur olması aşkardır. “WhatsApp” yazışması zamanı telefonun ekranı yarıya qədər qaralır, 15-20 saniyə sonra əvvəlki vəziyyətə qayıdır. Bu qüsurun olması və aradan qaldırılmaması istehlakçı kimi onun hüquqlarını pozur və onun aldığı malı geri qaytarmaqla, ödədiyi vəsaiti geri tələb etməsinə əsas yaradır. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Kamran oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh MMC-yə məxsus Kontakt Home mağazalar şəbəkəsinin 3-cü mikrorayon dairəsində yerləşən mağazasından xx.xx.2022-ci il tarixdə 3.759,99 manat ödəyərək İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı mobil telefon almışdır. İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE telefonda akran qaralması olması səbəbindən telefon "xxxx" MMC-nin mağazasına qaytarılmışdır. "xxxx" MMC həmin telefonu yoxlanması üçün İPHONE Azərbaycanda olan rəsmi servis mərkəzinə ğtəqdim etmişdir. Lakin servisin verdiyi rəyə əsasən telefonda qüsur aşkar olunmadığı qeyd edilir. Servis telefonda qüsur olmasına dair rəy verdikdən sonra onlar telefonun dəyərini müştəriyə qaytara bilərlər. Çünki, həmin rəydən sonra "xxxx" MMC-də istehlakçı kimi telefonun alınması üçün ödədiyi vəsaiti zavoddan tələb etmək hüququnu əldə edir. Hazırda belə rəy olmadığına görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən Kontakt Home 28 filialından dəyəri 3.759,99 manat olan İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı məhsul almışdır. Alış əməliyyatı RRN kodu **********51 olan xx.xx.2022-ci il tarixli qəbzlə təsdiqlənmiş, yəni İddiaçı 3.759,99 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. Bir il müddətinə malın keyfiyyətinə zəmanət verilmişdir. xx.xx.2023-cü il tarixli S_07081 nömrəli hesabda göstərilmişdir ki, İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı, seriya nömrəsi **********03791 olan mobil telefon cihazı “İSpace” X1 diaqnostika olundu. Cihazda problem aşkar olunmadı. İtunes vasitəsilə format olunmağı məsləhət görülür. xx.xx.2023-cü il tarixli S_08931 nömrəli hesabda göstərilmişdir ki, İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı, seriya nömrəsi **********03791 olan mobil telefon cihazı “İSpace” X1 diaqnostika olundu. Problem aşkar olunmadı. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdən və CD-R diskdə olan xx.xx.2023-cü il tarixli video görüntülərdən müəyyən edilir ki, İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı, seriya nömrəsi **********03791 olan mobil telefon cihazının ekranı yarıya qədər qaralır. Yəni, “İSpace” X1 diaqnostika olunan zaman cihazda problem aşkar olunmadığı qeyd edilsə də, telefonda qüsur olması aşkardır. “WhatsApp” yazışması zamanı telefonun ekranı yarıya qədər qaralır, 15-20 saniyə sonra əvvəlki vəziyyətə qayıdır. Bu qüsurun olması və aradan qaldırılmaması istehlakçı kimi iddiaçının hüquqlarını pozur və onun aldığı malı geri qaytarmaqla, ödədiyi vəsaiti geri tələb etməsinə əsas yaradır. Çünki, Mülki Məcəllənin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Mülki Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Mülki Məcəllənin 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 26-cı maddəsinə əsasən İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin lazımi keyfiyyəti olmayan əşyanı qaytarmaqdan imtina etməklə iddiaçıya maddi zərərlə yanaşı, mənəvi zərər də vurmuş, iddiaçı əsəb, stres, gərginlik və mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı mobil telefon cihazının alınması üçün xx.xx.2022-ci il tarixdə ödədiyi 3.759,99 manat pul və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat olmaqla, cəmi 3.959,99 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X2rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı İPHONE 14 PRO MAX 256GB-DEEP PURPLE markalı mobil telefon cihazının alınması üçün xx.xx.2022-ci il tarixdə ödədiyi 3.759,99 manat pul və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat olmaqla, cəmi 3.959,99 (üç min doqquz yüz əlli doqquz manat doxsan doqquz qəpik) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar