Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1921/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, Cavabdeh3 qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, Cavabdeh3 qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş zərər üçün 1512 manat, hər günü 1 manat 50 qəpik olmaqla ödəniş günü tarixinədək dəbbə pulunun, 1280 manat taksi xidmətinə ödənilən vəsait "xxxx" ASC-dən, avtomobilin bazar dəyərindən 30% aşağı düşməsinə görə dəymiş 5250 manat, mənəvi zərərə görə 3000 manat Cavabdeh2 və Cavabdeh3, 125 manat dövlət rüsumu, vəkilə ödənilmiş 320 manat xidmət haqqı müştərək qaydada cavabdehlərdən tutularaq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24.12.2021-ci il tarixində saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin təqsiri ucbatından V.Qəhramanov tərəfindən idarə olunan “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində sığortalı “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 ilə yanaşı, avtomobildə olan sərnişin X1 AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti dərhal məlumatlandırılmışdır. Lakin ASC tərəfindən ünvanlanan 18.01.2022-ci il tarixli cavab məktubunda yalnış olaraq AR “İcbari Sığortalar haqqında” Qanunun 58.3-2-ci maddəsinə istinad edilərək sığorta hadisəsinin baş verməsində üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyi üçün vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılması bildirilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanunun 7-ci maddəsinə (Maddə 7. Üçüncü şəxslər) əsasən, Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Göründüyü kimi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxs dedikdə zərərçəkən və onun ailə üzvləri və vərəsələri nəzərdə tutulur. Bu hadisə üzrə zərərçəkən V.Qəhramanovdur. Həmin qanunun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Bakı Şəhər DYPİ tərəfindən aparılmış araşdırmada V.Qəhramanovun təqsirinin olması müəyyən edilməmişdir. Əksinə ASC-nin sığortalısının təqsiri müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. O, ki qaldı sərnişinin təqsirinə, bu qanun onun üzərinə hər hansı bir məsuliyyət qoymur və sərnişinlə sığortalı arasındakı münasibətlər ayrıca hüquqi mübahisə predmetidir. “İcbari Sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Diqqətə çatdırır ki, baş vermiş sığorta hadisəsindən sonra "xxxx" ASC tərəfindən qüsur aktı təqdim edilməmişdir. ASC ilə əldə edilmiş razılaşmaya əsasən mülkiyyətində olan “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Service Center”ə yerləşdirilmiş, lakin "xxxx" ASC tərəfindən təmir ilə bağlı sifariş edilmədiyindən avtomobil təmir edilməmişdir. Tərəfindən "xxxx" ASC-yə 106/1141 saylı, 24 yanvar 2022-ci il tarixli ərizə ilə müraciət edilmiş, "xxxx" ASC tərəfindən 11.02.2022-ci il tarixli, 05/01-281 saylı cavab məktubu ilə sorğu cavablandırılmış, lakin qüsur aktı yenə də təhvil verilməmişdir. Tərəfindən 112/1141 saylı, 31 yanvar 2022-ci il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilmiş, yalnız Mərkəzi Bankın cavab məktubu ilə qüsur aktı onlara təqdim edilmişdir. Qeyd edilən qüsur aktında avtomobilə dəymiş zərər 1513 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC qeyd edilən məbləği ödəmək istəmədiyindən avtomobili təmir etdirmək məcburiyyətində qaldığından qeyd edilən vəsaiti “Kia Service Center”-ə ödəmişdir. Avtomobili 22.02.2022-ci il tarixdə servis tərəfindən təhvil verilmişdir. İcbari sığortalar haqqında” AR Qanunun 18.1.-ci maddəsinə əsasən 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin qanunun 18.2.-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Beləliklə, 1512 x 0.1%= 1,50 (1 manat 50 qəpik.) olmaqla ödəniş tarixinədək dəbbə pulu hesablanmalıdır. Məhkəmənin diqqətinə çatdırır ki, 2 aya yaxın müddətdi avtomobilimə olan istifadə hüququmdan məhrum olmam ona maddi və mənənvi zərər vurmuşdur. Belə ki, 24.12.2022-ci il tarixindən 22.02.2022-ci il tarixədək iddiaçı və ailəsi mülkiyyətlərindən istifadə edə bilməmələri nəticəsində taksi xidmətindən istifadə etmişlər. Taksi xidməti fəaliyyəti ilə məşğul olan X9 (Vöen ********** ) 27.12.2021-ci il tarixli müqavilə bağlayaraq onun xidmətindən istifadə etmişdir. Taksidən istifadə üçün ona 1280 manat (min iki yüz səksən) məbləğində pul ödəmişdir. Ödəmə müqavilə şərtlərinə əsasən köçürmə yolu ilə həyata keçirilmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsi barədə” 17.02.2022-ci il tarixində hesabat tərtib edilmişdir. Qeyd edilən ekspert rəyi nəticəsində “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətə qaytarılması üçün ümumilikdə 2000 (iki min) manat dəyərində xərc tələb olunduğu və bundan əlavə avtomobil qəza vəziyyətində olduğu üçün ümumi bazar dəyərindən 30% köhnəlmə faizi azaldılaraq orta bazar qiyməti müəyyən edilmişdir. Yəni “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin qəzadan sonrakı bazar dəyəri, bugünki bazar qiyməti ilə müqayisə edilməklə 17500 (on yeddi min beş yüz) manat müəyyən edilmişdir. 17500 manat + 30% = 22750 manat + 1513 manat təmir xərci = 24263 manat qəzadan əvvəlki dəyəri. 24263 manat – 17500 manat = 6763 manat dəymiş zərər. 6763 manat dəymiş zərərin 1513 manatı (dəbbə pulu hesablanmaqla)və ödənişi vaxtında etmədiyi üçün taksidən istifadəyə görə ödənilmiş 1280 manat xidmət haqqı sığorta şirkətindən (1513 + 1280 = 2793 manat), 6763 manat – 1513 manat = 5250 manat dəymiş zərər isə delik törətmiş şəxslərin günahi ucbatından dəymişdi. Göründüyü kimi, avtomobilin baş vermiş yol-nəqliyyat qəzasından sonra bazar dəyərinin aşağı düşməsi nəticəsində iddiaçıya ziyan dəymişdir.Bundan başqa iddiaçı hadisə zamanı çöx böyük stres keçirmiş və sığorta ödənişlərinin ödənilməməsinə görə isə əsəb və sıxıntı keçirmişdir. Bu da iddiaçının psixoloji vəziyyətinə mənfi təsir göstərmiş, davam edən hüquqi prosedurlar zamanı keçirdiyi gərginlik, stress, neqativ emosiyalar nəticəsində ona mənəvi zərər dəymişdir Hesab edir ki, 3000 manat mənəvi zərər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Xalq Sığorta" ASC iddiaçıya qüsur aktında göstərilən 1512.6 manat məbləğin yarısını (mütənasib) ödəyəcəyini bildirmişdir. İddiaçı isə bununla razılaşmamışdır. Zərərin yarısı Cavabdeh3 tələb edilməlidir. Göründüyü kimi sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, öhdəliklərin icrası “Təqsirli pozuntu” nəticəsində olmadığı üçün cavabdeh "xxxx" ASC-dən mövcud olmayan pozuntu üçün məsuliyyət (dəbbə pulu ödənilməsi) müəyyən edilə bilməz. İddiaçının taksi fəaliyyəti ilə məşğul olan X9 ilə (Vöen ********** ) bağladığı 27.12.2021-ci il tarixli müqaviləyə əsasən ona verilmiş 1280 manat xidmət haqqının da “Xalq Sığorta" ASC-dən tələb olunması aşağıdakılara görə qanunsuz və əsassızdır. İlk növbədə iddiaçının 2 aya yaxın müddətdi avtomobilinə olan istifadə hüququndan məhrum olması nəticəsində ona maddi və mənəvi zərərin dəyməsində “Xalq Sığorta" ASC-nin heç bir təqsiri yoxdur. Belə ki, sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Digər tərəfdən iddiaçı taksi fəaliyyəti ilə məşğul olan X9 ilə (Vöen ********** ) bağladığı 27.12.2021-ci il tarixli müqaviləyə əsasən ona verilmiş 1280 manat vəsaitin ödənildiyini təsdiq edən hər hansı bir sübut Məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, təqdim edilmiş müqavilə yalnız görünüş məqsədilə bağlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnaməı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayədəsi və vəkilinin, cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh2 izahatını, çıxışını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan AB seriyalı 479127 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2011-ci il buraxılışlı, “Kia Sportage” markalı, **- BK-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 24.12.2021-ci il tarixli, TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 24.12.2021-ci il tarixli, TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə təqsirli bilinərək 30 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan internet üzərindən poçt vasitəsilə yazışmalardan müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-ə sığorta ödənişi ilə bağlı müraciət etmişdir, onun müraciətinə "xxxx" ASC tərəfindən cavab olaraq dəymiş zərərin sığortaçı tərəfindən ödənilməmiş hissəsinin zərərvuran sərnişindən məhkəmə qaydasında tələb etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçının vəkilinə ünvanladığı 16 fevral 2021-ci il tarixli 01-26-2-2021-2482 saylı məktubdan görünür ki, "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlərə əsasən “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti həmin sığortaçı tərəfindən icbari qaydada sığortalanmışdır. 24.12.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Sığortaçı tərəfindən təqdim edilmiş sənədlərə və sərnişin barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən baş vermiş yolnəqliyyat hadisəsində “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və həmin avtomobildə sərnişin olan Gülüstan Abdurrəhmanovanın təqsiri təqdiq edilmişdir. Sığorta tərəfindən bir surəti də Sizə ünvanlanmış 11.02.2022-ci il tarixli məktuba əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia” markalı avtomobilə dəymiş zərərə görə müəyyən edilmiş 1512 manat məbləğə mütənasiblik tətbiq edilməklə 756 manat məbləğində sığorta ödənişinin sığorta aktı imzalandıqdan sonra ödəniləcəyi bildirilmişdir. Bu səbəbdən baş vermiş sığorta hadisəsi zamanı Qanunun 58.3-2-ci maddəsinə əsasən sərnişinin də təqsiri müəyyən edildiyindən sığorta ödənişi məbləğinin təqsirin dərəcəsinə mütənasib olaraq ödənilməsi üçün sığortaçıya müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan A/002/01 saylı, 10.02.2022-ci il tarixli müqavilədən müəyyən olunur ki, Sifarişçi İddiaçı Kia Sportage markalı avtomobil qəza zamanı çəkilən xərc və ümumi orta bazar qiymətinin müəyyənləşdirilməsi müqabilində icraçıya bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında ƏDV olmaqla minik avtomobilinin qiymətləndirilməsi üçün 150 manat dəyərində məbləğ ödəməyi, icraçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun xidmətlərin yerinə yetirilməsini və təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin qüsur aktından görünür ki, Kia Sportage markalı, ** BK ***dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan- görülməli işlərin və xidmət haqqının dəyəri 1512,60 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nə ödənilmiş 698 nömrəli qəbzdən görünür ki, 1512,60 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Əmlakın Qiymətləndirilməsi barədə 17.02.2022-ci il tarixli hesabatdan müəyyən olunur ki, “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətə qaytarılması üçün ümumilikdə 2000 (iki min) manat dəyərində xərc tələb olunduğu və bundan əlavə avtomobil qəza vəziyyətində olduğu üçün ümumi bazar dəyərindən 30% köhnəlmə faizi azaldılaraq orta bazar qiyməti müəyyən edilmişdir. Yəni “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin qəzadan sonrakı bazar dəyəri, bugünki bazar qiyməti ilə müqayisə edilməklə 17500 (on yeddi min beş yüz) manat müəyyən edilmişdir. 17500 manat + 30% = 22750 manat + 1513 manat təmir xərci = 24263 manat qəzadan əvvəlki dəyəri. 24263 manat – 17500 manat = 6763 manat dəymiş zərər. 6763 manat dəymiş zərərin 1513 manatı (dəbbə pulu hesablanmaqla) və ödənişi vaxtında etmədiyi üçün taksidən istifadəyə görə ödənilmiş 1280 manat xidmət haqqı sığorta şirkətindən (1513 + 1280 = 2793 manat), 6763 manat – 1513 manat = 5250 manat dəymiş zərər isə delikt törətmiş şəxslərin günahı ucbatından dəymişdi. İş materiallarında olan 27.12.2021-ci il tarixli Nəqliyyat Xidmətləri göstərilməsi barədə müqavilədən müəyyən olunur ki, İddiaçı taksi xidməti fəaliyyəti ilə məşğul olan X9 (VÖEN **********) ilə müqavilə bağlamış, icraçı sifarişçiyə nəqliyyat xidmətləri göstərməyi sifarişçi isə günlük 32 manat icraçıya haqq ödəməyi qəbul etmişdir. İş materiallarında olan 17.02.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı X4 hesabına 1280 manat ödəniş etmişdir. İş materiallarında olan 24.01.2022-ci il tarixli 139 saylı hüquqi yardımın göstərilməsi barədə müqavilədən və 25.01.2022-ci il tarixli 20800 nömrəli qəbzdən görünür ki, hüquqi yardımın qiyməti 110 manat müəyyən edilmiş və İddiaçı tərəfindən 110 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, 24 dekabr 2021-ci il tarixdə saat 19.30 radələrində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC-də sığortalanmış “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisəyə görə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi (dayanma qaydalarını pozma) ilə inzibati qaydada tənbeh edilərək, 20 manat məbləğində cərimə olunmuşdur. Eyni zamanda həmin hadisə üzrə “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin qanunun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Qanunun tələblərindən göründüyü kimi, üçüncü şəxslərin baş vermiş hadisədə təqsiri müəyyən edilərsə, sığorta ödənişi ödənilərkən onun məbləği mütənasib olaraq azaldılmalıdır. İddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin Cavabdeh3 da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də, təqsiri nəzərə alınaraq azaldılması qanunda birbaşa nəzərdə tutulmuşdur. Belə ki, işin hallarından da görünür ki, “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydalarını pozaraq avtomobili saxlamış, sərnişin Cavabdeh3 isə nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozmuş, bu zaman iddiaçıya məxsus “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət istiqamətindən hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. “Yol hərəkəti haqqında” Qanunun 41-ci maddəsinə əsasən Sərnişin: 1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minibdüşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın); Həmin Qanunun 56-cı maddəsinin 10-cu bəndinin 3-cü hissəsinə əsasən, sərnişinlərə: .... nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq qadağandır. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsinə bilavasitə səbəb “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün dayanma qaydalarını pozmasına nisbətən, həmin avtomobildə olan sərnişinin avtomobildən enmək məqsədi ilə, təhlükəsizliyi təmin etmədən, qəfildən nəqliyyat vasitəsinin qapısını yolun hərəkət istiqamətində açması olmuşdur. “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati xəta hərəkəti ilə iddiaçının sahibliyində olan “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan arasında dolayı, sərnişinin inzibati xəta pozuntusu ilə sığorta hadisəsi arasında isə birbaşa səbəbli əlaqə olmuş, sürücü sərnişinin hərəkətlərinə görə məsuliyyət daşımamışdır. İşdən göründüyü kimi, cavabdeh sığorta şirkəti iddiaçıya vurulmuş maddi ziyanda sığortalı avtomobilin sürücüsünün qismən təqsirinin olmasını inkar etməyərək vurulmuş ziyanın, siğortalının (sürücünün) təqsirinə mütənasib olaraq yarısını ödəməyi təklif etmiş iddiaçı isə təklif olunan məbləği qəbul etməyərək hazırkı iddianı qaldırmışdır. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçı sığorta ödənişinin tam həcmdə cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli olmasını iddia etsə də, həmin tələbi qismən təmin edilməli, üçüncü şəxsin məsuliyyəti nəzərə alınmaqla sığorta ödənişi mütənasib şəkildə azaldılaraq cavabdeh "xxxx" ASC-dən 756 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddiaçı vurulmuş zərərin qalan hissəsi (756 manat) məbləğində pulun ödənilməsinə dair sığortalı avtomobildə olan sərnişin Cavabdeh3 qarşı iddia qaldırmaq hüququnun olması izah edilir. “İcbari Sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” AR Qanunun 18.1.-ci maddəsinə əsasən 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin qanunun 18.2.-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə iddia tələbinin “hər günü 1 manat 50 qəpik olmaqla ödəniş günü tarixinədək dəbbə pulunun tutulması” hissəsinə münasibətdə bildirir ki, Sığortaçı sığorta ödənişini iddiaçının təklifi qəbul etməməsi səbəbindən ödəmədiyindən bu hal gecikdirmə kimi qiymətləndirilməməli və iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “1280 manat taksi xidmətinə ödənilən vəsait "xxxx" ASCdən tutulması” hissəsinə münasibətdə bildirir ki, sığorta ödənişi iddiaçının cavabdehin təklifi razılaşmaması səbəbindən ödənilmədiyindən, eləcə də hər kəsin könüllü müqavilə bağlamaq hüququ olduğundan iddiaçı taksi xidmətindən istifadə ilə bağladığı müqavilə də könüllü xarakter daşıdığından göstərilən məbləğin cavabdeh "xxxx" ASC-dən tələb etməkdə haqlı olmamışdır və bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia “avtomobilin bazar dəyərindən 30% aşağı düşməsinə görə dəymiş 5250 manat, mənəvi zərərə görə 3000 manat pulun Cavabdeh2 və Cavabdeh3 tutulması” hissəsini əsassız hesab edir və təmin edilməməsi qənaətinə qəlir. Belə ki, məhkəmə bu hissədə iddiaçının təqdim etdiyi sübutla razılaşmır, çünki avtomobilin dəyərinin aşağı düşməsinin birbaşa baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olması əsaslı deyildir, hər bir halda istismar olunan avtomobilin qiymətinin dəyişməsi mümkün olan vəziyyətdir, avtomobilə dəymiş ziyan da 1512,60 manat məbləğində dəyərləndirilmiş və iddiaçı da bu məbləğlə razılaşmışdır. Bu baxımdan, məhkəmə “avtomobilin bazar dəyərindən 30% aşağı düşməsinə görə dəymiş 5250 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “125 manat dövlət rüsumu, vəkilə ödənilmiş 320 manat xidmət haqqı müştərək qaydada cavabdehlərdən tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi cavabdeh "xxxx" ASC-ə münasibətdə qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu qanunun mütənasiblik prinsipi gözlənilməklə 10 manatı, hüquqi xidmətə görə iş materiallarında olan sübutlara əsasən iddia tələbində qeyd edildiyi kimi 320 manat deyil, 110 manat ödənildiyindən ödənilmiş 110 manatın isə 50 manatı "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 756 (yedi yüz əlli altı) manat sığorta ödənişi, hüquqi xidmətə görə 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun 10 (on) manatı cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1921/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1921/2022
10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver