Məhkəmə qərarları › İş №e-2(004)-1975/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1975/2022

26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1975/2022 26.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 37450 ABŞ dolları borcun və ödənilmiş 282 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 35000 ABŞ dolları borcun və ödənilmiş 282 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyə Respublikasında daimi yaşayır. 2016- 2017-ci illər ərzində cavabdehlər - öz bacısı Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 ümumilikdə 87450 ABŞ dolları məbləğində borc pul vermişdir. 2021-ci ilin 1 iyul tarixində Cavabdeh1 tərəfindən borc məbləğindən 50000 ABŞ dolları iddiaçıya ödənilmiş, geri qalan məbləğin də yaxın gələcəkdə ödəniləcəyi deyilmişdir. Borcun olması və qalan məbləğ haqqında cavabdehlər və onların ailə üzvləri tərəfindən müvafiq təsdiqedici “whatsapp” yazışmaları mövcuddur. Sonrakı aylarda borcun ödəniləcəyi vaxtın müəyyən edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə zəng edildikdə, iddiaçının mobil telefon nömrəsi “qara siyahıya salınmış və cavab verilməmişdir. “Whatsapp” vasitəsilə isə Cavabdeh2 tərəfindən “səni silmişik, heç bir şey ödəməyəcəyik və s.” kimi mövzulu səsli mesajlar göndərilmişdir. Cavabdehlərin iki övladı 2016-cı il tarixdən turist kimi X1 getmiş və geri qayıtmamışlar. Cavabdehlərin özlərinin də X3 üçün vizaları mövcuddur və birdəfəlik köçmək niyyətindədirlər. Məsələnin ailədaxili və qarşılıqlı dialoq vasitəsi ilə həllinə dəfələrlə çalışılsa da, heç bir müsbət nəticə əldə edilməmişdir. Hətta, iddiaçı tərəfindən cavabdehə könüllü mediasiya sessiyasının keçirilə biləcəyi ilə bağlı “Təklif” göndərilsə də, cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Cavabdeh1 tərəfindən borc məbləğindən 50000 ABŞ dolları iddiaçıya 2021-ci ilin 1 iyul tarixində ödənildikdən sonra o, iddiaçını qalan məbləğin də tezliklə ödənicəyinə inandırmış və ona görə də iddiaçı bu günədək məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdehlər tərəfindən borc məbləğindən 2450 (iki min dörd yüz əlli) ABŞ dolları ödəniş edilmişdir. Hesab edir ki, hazırkı iddia tələbi üzrə tələb etmə müddətinin axımı 2021-ci ildən sonra hesablanmağa başlamalıdır. Belə ki, iddiaçının inanaraq pul verdiyi ailə üzvlərinin ona açıq-aşkar pulunu qaytarmayacaqları barədə dedikləri anadək, həmin şəxslərin onun hesabına əsassız varlanmasını və onlar tərəfindən hüquqlarının pozulmasını bilmiş ola bilməzdi. Belə ki, 01.07.2021-ci il tarixdə həmim şəxslər ona verdiyi borcdan 50000 ABŞ dollarını ona qaytarmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlər iddianı birmənalı olaraq qəbul etmirlər və onu əsassız hesab edirlər, iddianın etiraf edilməsi barədə söz ola bilməz. İddia ərizəsindən iddiaçının hansı əsasla pul tələb etməyi aydın olmur. Ərizənin əvvəlində iddiaçı borc (kredit) müqaviləsindən bəhs edir, halbuki buna dair heç bir dəlil (müqavilə) təqdim etməyib. Daha sonra, iddiaçı cavabdehlərin məsələyə aidiyyatı olmayan, ABŞ-a emiqrasiya etmiş övladları barədə həqiqətə uyğun olmayan sözlər yazıb. İddia ərizəsinin son hissəsində isə iddiaçı qeyd edir ki, cavabdehlər əsassız olaraq varlanıblar. Burda bir neçə sual yaranır ki, əgər cavabdehlər faizə borc götürüblərsə, onda necə ex-delicto varlanıblar? Yox, əgər onlar əsassız olaraq varlanıblarsa, faiz söhbəti necə yaranıb? Əsassız varlanmaya gəldikdə isə, əsassız varlanan şəxslər hər-hansı bir formada əmlak əldə etməli idilər. Buna dair əşya, qiymətli kağız, akt, bank köçürülməsini təsdiq edən sənəd və s. təqdim olunmalı idi. Bunların heç biri yoxdur, iddiaçı heç bir ciddi sənəd təqdim etməyib. Lakin, iddiaçı tərəfindən elektron kabinet vasitəsilə guya dəlil kimi istifadə edilən telefon skrinşotları təqdim edilib. Onlar əsaslı və ciddi sübut hesab edilə bilməz, bu “sübutların” mötəbərliyi çox böyük sual altındadır. Həmin skrinşotlarda fərqli telefon nömrələri göstərilib və mətni göndərən və alan şəxsləri həmin şəkillərlə təsbit etmək mümkün olmur. Bundan başqa, təqdim edilmiş skrinşotlar birbaşa telefonun öz funksiyasıyla yox, Adobe Acrobat proqramı vasitəsilə hazırlanıb və bu öz növbəsində, şəkillərin həqiqiliyini əsaslı şübhə altına salır. Şəkillərdən bu yazıların kim tərəfindən və kimə göndərilməsi məlum olmur. Telefon nömrəsinin Cavabdeh1 məxsus olması isə hələ ona dəlalət etmir ki, mətn onun tərəfindən yazılıb. Nəzərə alınsa ki, whatsapp çatları eksport və import oluna, audio yazılar isə səsin qalması şərtilə təkrarən göndərilə və dəyişilə bilər, böyük ehtimal var ki, təqdim edilmiş yazılar düzəlmədir. Həmin mesajların həqiqiliyini təyin etmək isə, onların, hər bir halda, şifrəlı yazışmalar qrupuna aid edildiyindən, yalnız hostprovayderin, yani Meta şirkətinin təqdim etdiyi arayış əsasında mümkün ola bilər. Belə bir sənəd də iddiaçı tərəfindən təqdim edilməyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 bacısı olduğundan ona borc pul verərərkən yazılı müqavilə bağlamamışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onlar İddiaçı borc pul almamış və ona 50000 ABŞ dolları qaytarmamışdırlar. İddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” yazıları da ona məxsus deyildir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bayram Şatır tərəfdən yazılmış şərhdən görünür ki, o, Şatır X2 San. Və Tic. LTD. ŞTİ.-nin sahibidir və Osmanağa Mahallesi, Başçavuş Sokak, X10, No:37 В Kadıköy/İstanbul ünvanında şirkətin fəaliyyət sahələrində ticarətlə məşğuldur. İddiaçı ilə uzun illərdir davam edən işgüzar dostluğu var. Şikayətçi 2016-cı ilin dekabrında onun iş yerinə gəlmiş, 40.000 ABŞ dolları qənaət etdiyini və onun maliyyə bazarlarında daha çox təcrübəsi olduğu üçün qənaətindən necə istifadə edə biləcəyi ilə bağlı hər hansı təklifi olubolmadığını soruşmuşdur. Həmin dövrdə hazırda xarici valyutada artım olduğundan, məzənnənin aşağı düşməsi riski olduğundan və bank faizləri aşağı olduğundan, İddiaçı 40.000 ABŞ dolları məbləğindəki qənaət pulunu onun şirkətinə kapital kimi qoysa, ayda 1000 ABŞ dolları divident ödəyə biləcəyimi söyləmiş və İddiaçı həmin gün bu təklifi qəbul edərək 40.000 ABŞ dolları pulunu onun şirkətinə kapital olaraq qoymuşdur. Ona görə də müntəzəm olaraq İddiaçı ayda 1000 ABŞ dolları ödəməyə başlamışdır. Lakin İddiaçı 01.03.2017-ci il tarixdə onun iş yerinə böyük bacısı olan Pərvin Bağırzadənin təcili pula ehtiyacı olduğunu və ondan 40.000 ABŞ dolları məbləğindəki pulu ödəməyini istəmişdir. O, həmin gün ödəyə bilməyəcəyini, əvvəlcədən bildirsəydi pulu hazırlaya biləcəyini demişdir. Bu əsnada İddiaçı böyük bacısı Pərvin Bağırzadə aqressiv rəftar və səs tonu ilə pulu dərhal ödəməli olduğunu, onun həyat yoldaşı ilə Bakıda bizneslərini genişləndirdiklərini və İddiaçı pulunu daha yaxşı şərtlərdə qiymətləndirəcəklərini bildirmişdir. İş yerində müştərilərin olması səbəbiylə və kommersiyal reputasiyasına xələl gətirməmək üçün bütün imkanlarından istifadə etməklə və ödənilməli borclarına görə kreditorlara ödənişlərini təxirə salmaqla İddiaçı qoyduğu 40.000 ABŞ dolları məbləğindəki pulu qaytarmışdır. İddiaçı pulu bacısı ilə birlikdə saydıqdan sonra bacısı Pərvin Bağırzadəyə vermiş, Pərvin Bağırzadə pulu çantasına qoymuşdur. Bundan sonra İddiaçı bacısı Pərvin Bağırzadə ilə bilrlikdə iş yerini tərk etmişlər. Mövzu ilə bağlı bildikləri budur. İş materiallarında olan Gülsevən Erol tərəfdən yazılmış şərhdən görünür ki, X8 Mahallesi, X12, Pınar Apartmanı, Daire 15 Kadıköy/istanbul ünvanında həm yaşayır, həm də dərzi kimi fəaliyyət göstərir. İddiaçı işi səbəbiylə uzun illərdir tanıyır. Aralarındakı səmimiyyət və güvən münasibətinə arxalanaraq ehtiyacı olduğu üçün və istədiyi vaxt qaytarmaq şərtilə ondan 2015-ci ildə 30.000 ABŞ dolları borc istəmişdir. İddiaçı da onu incitməmiş və 30.000 ABŞ dolları məbləğindəki pulu ona borc vermişdir. Təxminən bir il sonra İddiaçı ona telefonla zəng edərək bacısının pula ehtiyacı olduğu barədə danışıb ona borc verdiyi 30.000 ABŞ dollarını qaytarıb-qaytara bilməcəyini soruşmuşdur. O da maddi cəhətdən bir az rahat olduğu üçün ödəyə biləcəyini bildirmişdir. Xatırladığı qədəri ilə 2016cı ilin oktyabr ayının sonu və ya noyabr ayının əvvəlində İddiaçı, bacısı ilə birlikdə Göztepe Mahallesi, X12, Pınar Apartmanı, Daire 15 Kadıköy/istanbul ünvanındakı iş yerinə gəlmiş və o, 30.000 ABŞ dolları pulu İddiaçı qaytarmışdır. İddiaçı eyni vaxtda pulu sayaraq bacısı Pərvin Bağırzadəyə vermiş, Pərvin Bağırzadə isə onun qabağında borc götürdüyü pulu İddiaçı iki və ya üç ay ərzində qaytaracağını deyərək təşəkkür etmiş, pulu çantasına qoymuşdur. Sonra isə onu orada qoyub getmişlər. Mövzu ilə bağlı bildikləri budur. İş materiallarında olan Leyla Scheuren tərəfdən yazılmış şərhdən görünür ki, İddiaçı ilə xala uşağıdır. 2016-cı ildə İddiaçı Şatır X2 San. Və Tic. LTD. ŞTİ.-nin sahibi Bayram Şatır ilə tanış olmuş və İddiaçı vasitəsi ilə qənaət etdiyi pulun bir hissəsini dividend müqabilində Bayram Şatırın şirkətinə qoymuşdur. 2017-ci ilin ortalarında xalası qızı İddiaçı ona zəng edərək, bacısı Pərvin Bağırzadəyə aylıq 1000 ABŞ dolları divident müqabilində 40.000 ABŞ dolları borc verdiyini, lakin Pərvin Bağırzadənin aylıq dividend ödənişlərinin vaxtı çatmasına baxmayaraq, dividend ödəmədiyini bildimişdir. O İddiaçı bir az da gözləməsini, ailədə problem yaranmamasını bildirmişdir. Daha sonra müxtəlif hallarda üzbəüz görüşlərdə İddiaçı ödənişlərin başlamadığını desə də, o İddiaçı hər dəfə bir az daha səbirli olmağı tövsiyə etmişdir. Lakin 2018-ci ilin may ayının sonunda İddiaçı ona zəng edərək bildirmişdir ki, bacısı Pərvin Bağırzadə və onun həyat yoldaşı Kamran İskəndərov dividendlərini ödəməyi dayandırıblar və yığılmış 15.000 ABŞ dollarını dividend olaraq dondurublar. İddiaçı böyük bacısı Pərvin Bağırzadəyə əvvəllər də 30.000 ABŞ dolları borc verdiyini, 2017-ci ilin mart ayında da həmçinin bu dəfə aylıq 1.000 ABŞ dolları dividend müqabilində 40.000 ABŞ dolları pul verdiyini, aylıq 1.000 ABŞ dollarından ümumi 15.000 ABŞ dolları yığılmış dividendi ala bilmədiyini və bacısından ümumilikdə 85.000 ABŞ dolları alacağı olduğunu, ödəniş tələblərinə bacısı Pərvin Bağırzadə və onun əri Kamran İskəndərovun Bakıdakı evlərini satıb borclarını ödəyəcəkləri cavabını verdiklərini bildirmişdir. Bir müddət sonra İddiaçı anası olan xalası Şahla Sayar ona zəng edərək, Pərvin Bağırzadə və onun həyat yoldaşı Kamran İskəndərova zəng edib İddiaçı pulunu vermələrini söyləməsini xahiş etmişdir. O da Kamran İskəndərova zəng vurub İddiaçı pulunu ödəmələrini bildirmişdir. Bundan bir müddət sonra öyrənmişdir ki, 27 iyun 2021-ci ildə 50.000 ABŞ dolları ödənilib, lakin qalan 35.000 dollar məbləğindəki pul ödənilməyib. Qalan 35.000 ABŞ dollarını tez bir zamanda ödəyəcəklərini İddiaçı şifahi və yazılı şəkildə whatsapp yazışmalarında bildirmişlər. O, Kamran İskəndərova mesaj göndərərək ödənişə görə təşəkkür etmiş və qalan 35.000 ABŞ dollarının ən qısa zamanda İddiaçı ödənilməsini xahiş etmişdir. Telefon danışıqlarında X6 Bağırovaya 35.000 ABŞ dolları məbləğində qalan borclarını qəbul edib tez bir zamanda ödəyəcəklərini söyləmişdir. İddiaçı öyrəndiyinə görə 35.000 ABŞ dolları bu günə qədər ödənilməyib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı öz iddia tələbində 2016- 2017-ci illər ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 87450 ABŞ doları borc verməsini və cavabdehlərin 35000 ABŞ doları borcu qaldığını iddia edir. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq tərəflər arasında 87450 ABŞ doları pulun borca verilməsinə dair hər hansı yazılı müqavilə bağlanmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, 2016-2017-ci illər ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 87450 ABŞ doları borc verilməsinə dair onunla cavabdehlər arasında notariat qaydasında və ya sadə yazılı formada borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı təqdim etdiyi “WhatsApp” proqramı vasitəsilə Cavabdeh1 tərəfindən yazıldığı iddia edilən “dedim ki mənim ailəmin borcu mənim borcumdu. Özüm həll edəcəm. Mənə aid olan nəyisə heç kim sata bilməz. Və heç kimin həddi deyil. Nəysə. Sənə 1000$+1000$ göndərmişəm. Sabah da 50.000$+450$ gələcək. 5000$ faizdən+30.000$ keçmiş borcum. Onu da ən qısa zamanda göndərəcəm. Sən durmadan kimlərləsə mənim nəyimisə satmağa davam edirsən. Birdə təhqir edirsən” və “Suzan mesajını təkrar oxudum. Mən, Pərvin və ya uşaqlarım. Heç bir fərqi yoxdu. Biz güvənilir ailəyik. Başımıza bir iş gəldi. Səndən 40.000 ABŞ doları aldım. 15.000 ABŞ doları üzərinə faiz gəldikdən sonra Pərvinə dedim ki, suzannnan danış, artan faizi durdur. Olanların hamısından da xəbərim var. Bizim borc 50.000 ABŞ doları oldu və orda durdu. Köhnə mənim borcum da hesabımla 27000 ABŞ doları qalmışdı. Səndə garışılığı olduğu üçün 30.000 ABŞ doları oldu və qəbul etdik. Çünki mən çox yaxşı bilirəm ki, sən ev alanda mən Adnan bəyə pul göndərmişdim. O səndə qaldı. Məndə hər hesab bir- bir yazılı. Mən başda olmaqla bütün ailəmizin tək istəyi kimsəyə borclu qalmamaq. Narhat qalma” -məzmununda mətnin həqiqətən Cavabdeh1 tərəfindən yazıldığını təsdiq edən heç bir sübutu işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim etmədiyindən, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə, iddiaçının cavabdehlərə borc verməsini təsdiq edən yazılı sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa, iddiaçı mübahisə ilə bağlı şərh yazan Gülsevən Erol, Bayram Şatır və Leyla Scheurenin şahid qisminə məhkəmə iclasında dindirilməsi üçün məhkəməyə vəsatət verməmiş, həmin şəxslər məhkəmə tərəfindən şahid qismində dindirilməmişdir. Ona görə də həmin şəxsləin şərhləri də məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən onun iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iİddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 282 (iki yüz səksən iki) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 282 (iki yüz səksən iki) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar