Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1999/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.500 manat sığorta ödənişi və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1.535 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə olunan ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə (müqaviləsi) əsasən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır, xx.xx.2019-cu il saat 00:00:00-da qüvvəyə minmişdir. Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və X4 xəsarət almışdır. Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Bu fakt Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-43/2021 nömrəli hökmü ilə təsdiq edilir. X1 zərərin əvəzində sığorta ödənişi verilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilindiyi üçün 1.500 manat sığorta ödənişi zərərçəkənin təqdim etdiyi hesaba "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin məktubu cavabdehlərə təqdim etmək mümkün olmamışdır. Bu səbəbdən "xxxx" ASC ödənilmiş vəsatin subroqasiya hüququ əsasında geri qaytarılması üçün cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin AZ1063 nömrəli poçt tərəfindən “ünvan tapılmadı” qeydi yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin Cavabdeh2 “AZEMİS” vasitəsilə +**********86 nömrəli mobil telefonuna SMS bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtomobil Cavabdeh1 məxsusdur. Cavabdeh1 ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtomobili idarə etmək üçün Cavabdeh2 etibarnamə vermişdir. Cavabdeh2 sürücülük vəsiqəsi olmuş və avtomobil "xxxx" ASC-də icbari sığorta edilmişdir. Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və X4 xəsarət almışdır. Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Bu fakt Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-43/2021 nömrəli hökmü ilə təsdiq edilir. Hadisə vaxtı Cavabdeh1 avtomobildə olmamışdır və hadisə yerini tərk etməsinə dair Cavabdeh2 hər hansı bir göstəriş verməmişdir. Cavabdeh1 ümumiyyətlə hadisədən xəbəri olmamışdır. İddiaçı məhkəmədən əvvəl Cavabdeh1 bildiriş göndərməmişdir. Hesab edir ki, Cavabdeh1 qarşı qaldırılmış iddia əsassızdır və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 mülkiyyətində olan ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə (müqaviləsi) əsasən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır, müqavilə xx.xx.2019-cu il saat 00:00:00-da qüvvəyə minmişdir və xx.xx.2020-ci il tarixə kimi qüvvədə olmuşdur. Cavabdeh1 mülkiyyətində olan ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtomobili xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində verdiyi 7E-792 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 istifadəsinə və sahibliyinə vermişdir, etibarnamə xx.xx.2028-ci il tarixə kimi qüvvədədir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə saat 00:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüquq verən AD seriyalı 095076 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mitsubishi L 200» markalı Az ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində şəhər şossesi ilə Sabunçu körpüsü istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi şəhər şossesi küçəsi «Opel Servis» avtomobil emalatxanasının yaxınlığında yolu sağdan sola doğru keçmək istəyən piyada X3 avtomobilin qabaq hissəsi ilə vurmaqla, ehtiyatsızlıqdan M.M.Yusiflinin sol kürək sümüyünün qapalı xətti sınığı, sol təpə, sol bazu, sol dirsək, sol diz və sol açıq-baldır oynağı nahiyələrinin, sağ saidin və sol əlin sıyrıqları müşayiət olunan xəsarətlər almasına səbəb olmuş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, əməkdaşlarının gəlməsini gözləməli, zərərçəkən M.M.Yusifliyə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «təcili tibbi yardım» maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı halda isə səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, sonra isə hadisə yerinə qayıtmalı olduğu halda bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-43/2021 nömrəli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsç, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilindiyi üçün "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən 1.500 manat sığorta ödənişi X1nun təqdim etdiyi hesaba köçürülmüşdür. Odur ki, "xxxx" ASC xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.500 manat sığorta ödənişi və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1.535 manat pulun ödənilməsini Cavabdeh2 subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Cavabdeh1 mülkiyyətində olan ** TX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtomobili qanuni əsaslarla xx.xx.2019-cu il tarixli etibarnamə əsasında Cavabdeh2 istifadəsinə və sahibliyinə verdiyinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyini idarə edərək hadisəni törədən Cavabdeh2 üzərinə düşür. Bu səbəbdən, iddiaçı “Paşa Sığorta» ASC Cavabdeh1 subroqasiya qaydasında sığorta ödənişinin geriyə tələb etməkdə haqlı deyildir. Çünki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “İcbari Sığortalar haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.500 manat sığorta ödənişi və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1.535 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi - Cavabdeh1 qarşı hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 1.500 manat sığorta ödənişi və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1.535 (min beş yüz otuz beş) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi - Cavabdeh1 qarşı hissəsində rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1999/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1999/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver