Məhkəmə qərarları › İş №e-2(004)-2010/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2010/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2010/2023 10.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASCnin xeyrinə 4832 (dörd min səkkiz yüz otuz iki) manat məbləğində vəsaitin, 68,32 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** DT *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində sığortalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** UC *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin hadisə nəticəsində X2 və İsmayıl-X1 az ağır xəsarət dəymişdir. İş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmış və məlum olmuşdur ki, sürücüyol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. X2 və İsmayıl-X1 dəymiş az ağır xəsarətlə bağlı sığorta ödənişi əldə olunması ilə bağlı PAŞA Sığorta” ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin xx.xx.2020 və xx.xx.2020-ci il tarixli “Sığorta akt”larına əsasən az ağır xəsarət alan hər iki zərərçəkən şəxsə 1500,00 manat olmaqla ümumilikdə 3000,00 manat sığorta ödənişi həyata keçirilmişdir. Bundan başqa, ** UC *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət etmişdir. Tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərərçəkmiş nəqliyyat vasitəsinə dəymiş zərər 1832,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 1832,00 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən zərərçəkənlərə ümumilikə 4 832,00 (dörd min səkkiz yüz otuz iki) manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən ödənilmiş 4 832,00 (dörd min səkkiz yüz otuz iki) manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirir ki, tələb edilən məbləği o ödəməli deyildir. Çünki həmin sığorta məbləği sığorta ona düşdüyü üçün ödənilmişdir, hansı səbəbdən ondan tələb edildiyini bilmir. Bundan başqa 2021-ci ildə ödəniş edilmişdir, 2 ildir ki, bu barədə ona heç bir məlumat verilməmişdir. Hal-hazırda da o məbləği ödəmək imkanı yoxdur, heç bir gəlir yeri yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirir ki, hadisə baş verərkən avtomobilin mülkiyyətçisi olmuşdur. Mülkiyyətçi olaraq avtomobilə dair etibarnamə vermişdir. Hadisə törədən vaxt onun avtomobili sürmək səlahiyyəti olmuşdur. Ona görə də iddianın özünə dair hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 1(098)-30/2020 saylı 21 iyul 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə, təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaq yolu ilə Cavabdeh1 qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və o, nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti qaydalarını pozan şəxs kimi yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. İş materiallarında olan ƏN-İV 827974 saylı 23 may 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 2106” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X4 tərəfindən Cavabdeh1 11 ay 29 gün müddətinə, yəni 23 may 2020-ci il tarixədək idarə etməyi etibar edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” 06 sentyabr 2019-cu il tarixli 87564 saylı hesabatdan görünür ki, 2003-cü il buraxılışlı, gümüşü rəngli, “VAZ 2106” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1832 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən faydalanan şəxs X5 xəsarətə (az ağır) görə ödənilməli olan sığorta ödənişi 1500 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən faydalanan şəxs X7 oğluna xəsarətə (az ağır) görə ödənilməli olan sığorta ödənişi 1500 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən “VAZ 2106” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi 1832 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, X7 oğlunun hesabına 1500 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, X2 hesabına 1500 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, X3 hesabına 1832 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan AC seriyalı, 355710 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “VAZ 2106” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı, 084437 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən əsasən “VAZ 2106” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən “VAZ 2106” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olsa da xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 tərəfindən idarə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin cavabdehlərə ünvanlanmış 25 iyun 2021-ci il tarixli 2610/L saylı məktubunda görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar zərərçəkmişlərə ödənilmiş sığorta ödənişlərinin 15 gün müddətində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. İşin müəyyən olunmuş halları odur ki, hadisə baş verən zaman Cavabdeh1 idarə etdiyi “VAZ 2106” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh2 mülkiyyətindəki “VAZ 2106” markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh1 təqsiri hökmlə müəyyən olunmuşdur. Eyni zamanda, o, hadisə yerindən yayınmışdır. Hadisə zamanı “VAZ 2106” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomaşına 1832 manat məbləğində maddi ziyan dəymiş, eləcə də hökm ilə zərərçəkənlər kimi tanınmış X6 və X7 oğluna hər birinə az ağır xəsarətə görə 1500 manat olmaqla, cəmi 3000 manat ziyan dəymiş, həmin sığorta ödənişləri "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC -nin subraqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4832 manat sığorta ödənişi və 68,72 manat dövlət rüsumun əvəzi məbləğində dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh1 münasibətdə əsaslı hesab edir. Çünki, Cavabdeh1 avtomobili qanuni əsaslarla idarə etməsi üçün etibarnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, subraqasiya qaydasında zərər yalnız Cavabdeh1 tutulmalıdır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4832 (dörd min səkkiz yüz otuz iki) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 68,32 (altmış səkkiz manat otuz iki qəpik) manat, 0,40 (qırx qəpik) manat ödənilmiş bank xidmət haqqı iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4832 (dörd min səkkiz yüz otuz iki) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 68,32 (altmış səkkiz manat otuz iki qəpik) manat, 0,40 (qırx qəpik) manat ödənilmiş bank xidmət haqqı iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar