Məhkəmə qərarları › İş №e-2(004)-2063/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2063/2022

26.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2063/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsivə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair İddiaçı MMMC ilə “Təhvil-təslim Aktı” tərtib edib binaları İddiaçı MMMC-yə təhvil verməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması və aşağıda göstərilən sənədlərin -tikinti aparılması üçün Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair Sərəncamın və həmin Sərəncamın əsasında istifadəyə verilən torpaq sahəsinin 06/36 nömrəli (iş n. 06/1- 23) Ayrıc Aktının; ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri”nin (İnşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlərinin; Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair 15.09.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1 bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının; Binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların; hər iki binanın dövlət qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı”nın surətinin və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMC-yə verilməsi; iddia verilməsi üçün ödənilmiş 30 manat rüsumun və hüquqi yardım üçün vəkilə ödənilmiş 560 manatın Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İH Başçısının 15.09.2005-ci il tarixli, 247 nömrəli Sərəncamının 41-ci bəndinə əsasən Cavabdeh MMC-yə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə, icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilmiş və torpaq sahəsinə 06/36, nömrəli (iş № 06/1-23) “Ayrıc Aktı” verilmişdir. “Ayrıc Aktı”ndan da göründüyü kimi həmin 0,7 ha torpaq sahəsi Cavabdeh MMC-nin mülkiyyətində deyil, yaşayış binası tikintisini həyata keçirmək üçün istifadəsinə verilmişdir. Cavabdeh MMC-nin təsisçilərinin “Ümumi Yığıncağı”nın 04 avqust 2009-cu il tarixli Qərarının 3-cü bəndinə əsasən Cavabdeh MMC-nin bazasında təşkilati-hüquqi forması yenidən təşkilin çevrilmə forması üsulu ilə Cavabdeh Mənzil Tikinti Kooperativi yaradılmış və həmin Qərarın 8-ci maddəsində də yaradılmış Cavabdeh MTK-nın dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə ərizə verilməsi Qərara alınmışdır. Lakin hansısa səbəbdənsə 04.08.2009-cu il tarixdə Cavabdeh MMC-nin bazasında “Təşkilati hüquq forması- kooperativ” olmaqla yaradılmış Cavabdeh MTK Azərbaycan Respublikası Vergilər Nazirliyi “X3 Dövlət Reyestri”ndə 04.02.2013-cü il tarixdə **********185600 nömrəsi ilə qeydə alınmışdır. Bu qeydiyyat aktı ilə də Cavabdeh MMC adlı hüquqi şəxs ləğv edilmişdir. Tikinti işləri başa çatdırıldıqdan sonra Bakı İH Başçısının “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” 22.11.2012-ci il tarixli, 504 nömrəli Sərəncamına əsasən Cavabdeh MMC-nin ünvan 2 ünvandakı 13 mərtəbəli 4 girişli yaşayış binasının (1 və 2-ci girişlərin 1ci mərtəbəsi, 3 və 4-cü girişlərin 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı təsdiq edilmişdir. Bakı İH Başçısının “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” 28.02.2017-ci il tarixli, 448 nömrəli Sərəncamı ilə isə Cavabdeh MTK-nın ünvan 2 ünvanda inşa etdiyi, 1 girişli, 16 mərtəbəli binanın istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Cavabdeh MTK qanunun tələbinə əməl etməyib tikinti başa çatdırıldıqdan sonra da, öz nizamnaməsində nəzərdə tutulmuş fəaliyyəti bitirməsinə baxmayıb, Nizamnamə səlahiyyətindən kənara çıxaraq 2020-ci ilə kimi binaları özü idarə etmiş, bu zaman toplanmış vəsaitdən binaların saxlanmasına xərc ayırmamışdır. ünvan 3 ünvanda yerləşən hər iki binanın idarəçiliyinin mülkiyyətçilərin özləri tərəfindən həyata keçirilməsi məqsədilə binaların Sahə Mülkiyyətçilərinin 15.03.2020-ci və 11 avqust 2020-ci il tarixli X1 əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı adlı qeyri-kommersiya hüquqi şəxs yaradılmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu qərar ilə ünvan 3 ünvanda yerləşən hər iki binanın yerləşdiyi 0,7 ha torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri İddiaçı MMMC-nin idarəçiliyinə keçmişdir. Belə ki, Cavabdeh MTK ünvan 3 ünvanda yerləşən hər iki binanın İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verməkdən yayınır, binalarda mülkiyyət əldə etmiş şəxslərin siyahılarını, binaların texniki sənədlərini verməkdən imtina edir. Bu da MMMC-nin İdarə Heyətinin qeyd edilən binaların sakinlərinə xidmət göstərilməsi sahəsində çətinlik yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, 11 avqust 2020 tarixli qərara əsasən, müstəqil təsərrüfat subyekti olmaqla, İddiaçı (Nizami-11 MMMC) dövlət qeydiyyatına alınmış və bu Qərarla ünvan 3 ünvanında yerləşən hər iki binanın yerləşdiyi 0,7 ha torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri İddiaçı MMMC-nin idarəçiliyinə keçmişdir. Həmin tarixdən bu günədək Cavabdeh MMC-dən müvafiq sənədlərin təhvil verilməsini tələb etməklərinə və təhvil-təslim aktının tərtib olunması ilə əlaqədar təkliflər verməklərinə baxmayaraq, hər hansı hərəkətlər həyata keçirilməmişdir. Onlar bununla bağlı müvafiq orqanlara da müraciət etmişlər. Belə ki, iddialarında ilk tələb tikinti aparılması üçün Bakı Şəhər İH Başçısının Bakı Şəhəri Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0.7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair Sərəncamın və həmin Sərəncamın əsasında istifadəyə verilən torpaq sahəsinin 06/36, nömrəli Ayrıc Aktıdır. Yəni, bina tam təhvil verilməmişdir, düzdür, həmin mənzillər cəmiyyət üzvlərinin mülkiyyətindədir, lakin onlar binanın ümumi istismara qəbul edilməsi ilə bağlı sənədləri istəyirlər. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hüquqları Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 122-ci maddəsində nəzərdə tutulmuşdur. 122.1.1-ci maddəsində “qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun müqavilələr bağlamaq” vəzifəsi müəyyən olunmuşdur. Habelə gələcəkdə hansısa qurum tərəfindən tələb oluna biləcək sənədlərin təqdim edilməsi üçün İcra Hakimiyyətinə müraciət etsələr də, bundan imtina edilmiş, imtina əsası kimi Cavabdeh MMC-dən cavab gəlməli olmasını göstərmişlər. Tələb edilən sənədlər bunlardır: 2 binanın Tikintisinin işçi layihələrinin inşaat pasportu – binaların tikintisinə dair layihələr, binadaxili və binaxarici kommunikasiya xətlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtbəsəinə kimi çəkilmiş elektrik xətlərinin, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xətlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktını, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin Texniki pasportları və liftlərə texniki baxış kitablarının, liftlərin istismara buraxılma, istismar müddəti və onların qarantiya müddəti barədə hüquqi sənədlər. Kanalizasiya suyla əlaqəlidir, bununla bağlı sənədlər gələcəkdə problem yaranacağı təqdirdə su xətlərinin haradan keçməsi, təzyiq azalarsa, artırmanın haradan baş verməsini bilmək üçün əhəmiyyətlidir. Bakı Şəhər İH Başçısının Bakı Şəhəri Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0.7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair 15.09.2005-ci il tarixli, 247 nömrəli Sərəncamının 44.1 bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatları istəyirlər. İcra hakimiyyəti başçısı binanın qarşısındakı-sərəncamın 41.1-ci bəndində qarajların sökülməsi və ərazinin genişləndirilməsi ilə bağlı göstəriş vermişdir və onlar cavabdehdən həmin göstərişlə bağlı sənədin də təqdim etməsini istəyirlər. 15.09.2005-ci il tarixli 247 saylı sərəncam onlarda yoxdur, lakin qarşı tərəfdən – Cavabdeh MMC-nin hazırki direktorundan surəti əldə etdikləri üçün məlumatları var. Binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatlar dedikdə, telefon, internet, televiziya və s. ilə bağlı operatorlarla hansı müddətə və hansı məbləğdə müqavilənin bağlanmasını nəzərdə tuturlar. Hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyriyaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahını ondan ötrü tələb edirlər ki, burada aylıq kommunal xərclər toplanır, eyni zamanda sözügedən sənədlər Cavabdeh MMC-dən qalan, buraxılmış qüsurların aradan qaldırılması və istismara tam hazır vəziyyətdə olmasını təsdiq edir. “Mənzil Məcəlləsinin” 132-ci maddəsi 132.2.1 və 132.2.2ci maddələrinə əsaslanmışlar. Orada birbaşa göstərilmişdir ki, istismarı, təmiri, çoxmənzilli binanın ümumi əmlakı olan əlavə sahə və obyektlərin tikintisi məqsədi ilə tələb olunan zəruri sənədlər toplusu. Onlar da hesab edirlər ki, tələb etdikləri sənədlər zəruri sənədlər toplusudur. Əlavə olaraq məhkəmədən iddia tələblərinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMMC-nin 01.09.2020-ci il tarixli ilk iclas protokulunun surətindən görünür ki, Cavabdeh MMC-nin (MTK) bütün qeyd edilən nöqsanlara görə və İddiaçı MMMC-nin fəaliyyətini normal davam etməsi üçün ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazırliyi Tikintidə X2 Agentliyinin İddiaçı MMMC-yə ünvanladığı 37/36-07630 saylı, 07 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, sözügedən binalar Bakı Şəhər İcra Hakimiyyətinin 15.09.2005-ci il tarixli 247 nömrəli sərəncamına əsasən tikilmiş və 22.11.2012-ci il tarixli 504 nömrəli və 28.02.2017-ci il tarixli 448 nömrəli sərəncamları ilə istismara qəbul olunmuşdur. Həmin binaların tikintisinə vaxtında müvafiq qaydada dövlət nəzarəti aparılmadığına görə onları instrumental müayinədən keçirilmiş və binaların dayanıqlığı və möhkəmliyi haqqında Agentliyin Təhlil qrupu tərəfindən 26.08.2011-ci il tarixli 192 nömrəli və 26.02.2014-cü il tarixli 446 nömrəli rəylər verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7-2994/21 saylı, 13.10.2020-ci il tarixli Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Nizami rayonu, cəmşid ünvan 6vanda inşa edilmiş Cavabdeh MMC-yə məxsus yaşayış binalarının sakinlərindən bir qrupu adı çəkilən MMC-nin məsul şəxsləri tərəfindən həmin binaların yerləşdiyi torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərilməsi və digər məsələlər barədə müxtəlif instansiyalarqa təkrar müraciətlər edərək, müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişlər. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komtəsinin əməkdaşları tərəfindən göstərilən ünvana yerində keçirilmiş baxış zamanı binanın arxa fasadı tərəfindən zirzəmi sahəsinə razılaşdırılmış layihə sənədlərində nəzərdə tutulmayan əlavə girişin açıldığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq müraciətdə qaldırılan məsələlərə aidiyyatı üzrə baxılıb mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsi və nəticəsi barədə İqtisadiyyat Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ərizəçilərə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının aparatının Cavabdeh MMC-nin sədri İbadət Fərəcova ünvanlanmış 25 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında inşa edilmiş kooperativ binanın payçıları adından İddiaçı MMMC-nin rəhbərliyindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 02.11.2020-ci il tarixli 04/20 №-li məktubun surəti aidiyyətı üzrə baxılması və müvafiq tədbir görülməsi üçün sizə göndərilir. Məktuba baxılmasının nəticəsi barədə Cəmiyyətin rəhbərliyinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMMC-yə ünvanlanmış 22.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMMC-yə ünvanladığı 17 may 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-2567-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 15.09.2005-ci il tarixli 247 nömrəli sərəncamının və sərəncam əsasında verilmiş torpaq sahəsinin ayrıc aktının, tikintiyə icazə icraatı çərçivəsində verilən layihə sənədlərinin, kommunikasiya xətlərinin icra cizgilərinin və həmin binaların istismara qəbul aktlarının təsdiq olunmuş surətlərinin verilməsi barədə 06.04.2021-ci il tarixli 2/05 nömrəli müraciətinizə (sorğunuza) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan ünvanda yaşayış binalarının tikintisinə dair sənədlərin surətinin verilməsi barədə sifarişçi (Cavabdeh MMC) tərəfindən müraciət daxil olarsa sözügedən məsələyə baxıla bilər. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7-520/17 saylı, 03.03.2021-ci il tarixli İddiaçı MMMC-yə ünvanladığı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binalarının tikintisi ilə bağlı bir sıra sənədlərin surətinin əldə olunmasına köməklik göstərilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş 10.02.2021-ci il tarixli, 09/21 saylı məktubda qaldırılan məsələyə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, müraciətdə sadalanan sənədlər toplusu Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adıçəkilən İdarə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma Fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri”nin (inşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlərin; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların (telefon, internet, televiziya və s.) Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsi hissəsində qanuni və əsaslı olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122-ci maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən çoxmənzilli bina həmin binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə binanın ümumi əmlakının saxlanması üzrə xidmətlərin göstərilməsi və (və ya) təmiri üzrə işlərin yerinə yetirilməsi haqqında müqavilələri (bu Məcəllənin 141-1.1ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) binanın sahə mülkiyyətçiləri onların ümumi yığıncağının qərarı əsasında bağlayırlar. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən Soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı (o cümlədən, balonlarda məişət qazının təmin edilməsi), istilik təchizatı (o cümlədən, soba qalandıqda bərk yanacaqla təminat) haqqında müqavilələri çoxmənzilli binanın idarə edilməsini bilavasitə həyata keçirən sahə mülkiyyətçisi öz adından bağlayır. Məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair İddiaçı MMMC ilə “Təhvil-təslim Aktı” tərtib edib binaları İddiaçı MMMC-yə təhvil verməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində qanuni və əsaslı olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, sözügedən mübahisəli hər iki binada yerləşən daşınmaz əmlaklar (yaşayış və qeyri yaşayış sahələri) alqı-satqı müqavilələrinə əsasən satılmaqla bu və ya digər şəxslərin xüsusi mülkiyyətinə verilmişdir və bu baxımdan ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın İddiaçı MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair “Təhvil-təslim Aktı”nın tərtib edilməsi qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, iddia tələbi tikinti aparılması üçün Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nın istifadəsinə verilməsinə dair Sərəncamın və həmin Sərəncamın əsasında istifadəyə verilən torpaq sahəsinin 06/36 nömrəli (iş n. 06/1-23) Ayrıc Aktının Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsi hissəsində də təmil edilməməlidir. Belə ki, müvafiq sərəncamın verilməsi üçün aidiyyəti üzrə inzibati orqana müraciət edilməli və ya müraciətə cavabla razılaşmadıqda həmin sərəncamın verilməsi inzibati icraat qaydasında inzibati orqana qarşı mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin hər iki binanın dövlət qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı”nın surətinin məhz cavabdehdən tələb olunması hissəsi eyni əsasla təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair 15.09.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1 bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatlarının Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini bu hissədə əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər İH Başçısının müvafiq Sərəncamla cavabdehə verilən tapşırığın icrası ilə bağlı məlumatların tələb olunmasına iddiaçı subyektiv hüquqa malik deyildir. Bundan əlavə iddia tələbinin hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən müqavilələrin, çıxarışların surəti ilə birlikdə) Cavabdeh MTK-dan alınaraq İddiaçı MMMC-yə verilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması, qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilər barədə məlumatlar kommersiya sirrini təşkil etdiyindən həmin məlumatların verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, İddiaçı MMMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 6268/21 saylı, 21.06.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMMC Vəkil2 hüquqi yardımın göstərilməsi üçün 550 manat pulun ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan 13.12.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı MMMC 6268/21 nömrəli müqaviləyə əsasən 560 manat vəkil xidmət haqqı ödəmişdir. Bu baxımdan iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş vəsait 560 manat məbləğində deyil 200 manat məbləğində olmaqla Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri” (inşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatlar (telefon, internet, televiziya və s.), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat pul Cavabdeh MTK-dan alınıb İddiaçı MMMC-yə verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar