Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2063/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qanuni təmsilçi statusuna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qanuni təmsilçi statusuna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 təsisçiləri olduqları Cavabdeh2n qanuni təmsilçisi (direktoru) kimi onun Cavabdeh2 MMC-də qanuni təmsilçi statusuna xitam verilməsi, onun Cavabdeh2 MMC-də qanuni təmsilçi statusuna xitam verilməsi ilə əlaqədar bəzi hüquqi rəsmiləşdirmə işlərinin, yəni bununla bağlı təsisçilərin müvafiq qərarının qəbul edilməsi, qərarın təsdiq edilməsi və daha sonra hüquqi şəxslərin qeydiyyatını aparan dövlət orqanına bəyan etməklə təqdim etmələri və bu kimi qanunverciliklə tələb olunan (lazımi) digər bütün hüquqi addımların (hərəkətlərin) yerinə yetirilməsinin cavabdehlər Cavabdeh2 MMC-nin, Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1nun və Cavabdeh3 üzərinə öhdəlik kimi qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC hüquqi şəxs kimi xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. xx.xx.2020-ci il tarixdən cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi, yəni direktoru hazırkı iş üzrə İddiaçıdur. (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin elektron məlumatı əlavə olunur). Hazırkı iddia ərizəsi ilə iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq, neçə aydır ki, cəmiyyətdə onun fəaliyyəti olmamış və bundan da hər bir təsisçinin, eləcə də hüquqi şəxsin özünün məlumatı var. İddiaçı dəfələrlə onun direktor kimi fəaliyyətinə xitam verilməsini və bununla da bağlı lazımi hüquqi prosedurların həyata keçirilməsini xahiş və sonradan da tələb etsə də, buna əhəmiyyət verilməmişdir. Hətta, cavabdehlərin hər üçü iddiaçının bu tələb və istəyini qəsdən yerinə yetirməməklə, iddiaçının belə bir statusda saxlanılmasında özləri maraqlıdırlar. Belə ki, qanuni təmsilçi kimi iddiaçı heç bir sənədə, maliyyə və digər hüquq və (və ya) xitam verən sənədlərə imza atmır, hüquqi şəxsin cari rəhbərliyi hansı formada aparılırsa bundan iddiaçının artıq neçə müddətdir ki, xəbəri yoxdur. Bu isə onu bildirir ki, hüquqi şəxsin qanuni təmsilçisi adından iddiaçının həm imza səlahiyətləri, həm də qanunvericliklə ona verilmiş digər səlahiyyətlərin mənimsənilməsi, saxtalaşdırılması və bu kimi digər qeyri-qanuni halların baş verməsi potensial bir haldır. Bu qeyd olunan xüsusatları nəzərə alaraq, iddiaçı hələ bu iddia tələbləri ilə məhkəməyə müraciət etməmişdən qabaq, bütün cavabdehlərə rəsmi qaydada xx.xx.2024-cü il tarixli müraciət ünvanlamışdır. Müraciət bütün cavabdehlərə rəsmi qaydada poçt vasitəsi ilə göndərilsə də, cavabdehlərin hər biri həmin müraciəti almaqdan imtina etmişlər. Müraciətə əsasən, iddiaçının haqqında danışılan hüquqi şəxsdə qanuni təmsilçi statusuna xitam verilməsi, eləcə də bu satatusun onun hüququ olması barədə vurğulanmış və onun səlahiyyətlərinə həmin müraciəti aldıqları gündən 15 gündən gec olmayaraq xitam verilməsi və bu barədə qeydiyyat orqanına müraciət etmələrini onlardan tələb etmişdir (müraciətin bir nüsxəsi və eləcə də poçt vasitəsi ilə göndərilməsini təsdiq edən digər sənədlər iddia ərizəsinə əlavə olunur). Lakin qeyd edildiyi kimi, həmin müraciəti cavabdehlər almaqdan imtina etmişlər və bunun da səbəbi, cavabdehlərin hər biri bilir ki, gələn məktub iddaçı tərəfindədir. Beləliklə, bəllidir ki, Məhdud Məsuliyyəti Cəmiyyətlərdə icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Nə qədər ki, bu səlahiyyətlər hazlrki iş üzrə cavabdeh təsisçilərdədir və onlar da iddiaçının bu statusuna xitam verməkdə maraqlı deyillər, deməli, bununla bağlı müvafiq məhkəmə qərarı qəbul olunmalı və iddiaçının qanuni təmsilçi statusuna xitam verilməsi məhkəmə qətnaməsi ilə həyata keçirlməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin hazırlıq iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, işin məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı məhkəmənin hazırlıq iclasında nümayəndəsi və vəkili Nümayəndə izahatı ilə razı olduğunu bildirdi. Cavabdehlərə və müstəqilə tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Hazırkı iddia tələbi kommersiya hüquqi şəxsi ilə bağlı korporativ tələbdir, yəni hüquqi şəxsin qanuni təmsilçisinin - direktorunun hüquqi şəxsin qanuni təmsilçi statusuna xitam verilməsi ilə əlaqədar qərar qəbul edilməsinin hüquqi şəxsin təsisçilərinin öhdəsinə qoyulması ilə bağlıdır. İş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunur. Bu səbəbdən hazırkı iddia tələbinə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına uyğun olaraq məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qanuni təmsilçi statusuna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki iş, kommersiya mübahisəsi kimi mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2063/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2063/2024
06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver