Məhkəmə qərarları › İş №e-2(004)-2083/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2083/2023

30.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2083/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan qeyriyaşayış sahəsinin ön hissəsində Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən quraşdırılmış dəmir konstruksiyanın, dam örtüyünün sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 23 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 86,7 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş **********34-05301-083005 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh Mənzil Tikinti Kooperativin tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bitişik olmaqla qonşuluqda yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus qeyri-yaşayış sahəsinin yol tərəfdən giriş pilləkənləri asfalt-torpaq qatı qazılmaqla genişləndirilmiş, pilləkən marşını mülkiyyətində olan obyektin qarşısına doğru uzatmışdır. Daha sonra isə pilləkənin üzərini örtük materialı ilə bağlamaq məqsədilə həmin hissədə və onun giriş hissəsi kimi onun obyektinin pəncərələrinin qarşısında dəmir konstruksiya quraşdıraraq mülkiyyətində olan sahənin çöl görüntüsünü məhdudlaşmışdır. Özbaşına inşa edilmiş tikililərin sökülməsi və binanın fasad hissəsinin əvvəlki vəziyyətinə gətirilməsi üçün cavabdeh MTK-ya dəfələrlə müraciət etsə də, əksinə bu bir səmərə verməmiş, əksinə MTK-nı sədri qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı aidiyyəti orqanlara müraciət edəcəyi halda onun obyektinə gələn isti su xəttini və digər kommunikasiya xətlərini kəsəcəyini, bununla da onun sahibkarlıq fəaliyyətinə ziyan vuracağını bildirmişdir. Qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciətindən sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq araşdırmalar aparılmış, MTK tərəfindən quraşdırılmış qanunsuz tikili sökülmüş və ərazinin nəzarətdə saxlanılması aidiyyatı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırılmışdır. Buna baxmayaraq Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Nazim Əkbərov aidiyyəti orqanların tapşırıqlarına məhəl qoymadan, özbaşınalığa yol verərək sözügedən girişin üstünü bağlamaq məqsədi ilə dəmir konstruksiyalardan quraşdırma işlərini davam etdirir. Bu səbəbdən də hazırki iddi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86,7 kv.metr olan mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən quraşdırılmış dəmir köstruksiya cavabdeh tərəfindən sökülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tikilinin icra hakimiyyətinə müraciət edildikdən sonra sökülməsinə baxmayaraq yenidən quraşdırılmalar aparılıb. Onların obyektinin qarşısında görüntünü məhdudlaşdırır. Pilləkənin olmasına etirazları yoxdur, lakin pilləkənin üstünün bağlanılmasına etirazları var. Onlar iddianı verəndə dəmirlə bağlanılmışdı. Ola bilsin, sonradan dəyişilib. Həmin tikili qanunsuz tikilidir. Layihə yoxdursa, müvafiq icra hakimiyyəti orqanlarının razılığı yoxdursa, qanunsuz tikili hesab olunur. Layihədən kənara çıxılırsa, layihədə düzəlişin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Müvafiq icra hakimiyyəti orqanı razılıq verəndə digər mülkiyyətçilərin hüquqlarını qorumalıdır. Həmçinin icra hakimiyyətindən onlara verilən cavabda qeyd olunur ki, qarajdan qapının açılması ilə bağlı layihədə razılaşma olub, lakin üstünün bağlanılması ilə bağlı hər hansı razılaşma yoxdur. Binanı Cavabdeh MTK tikib. Zirzəmidən də qaraj kimi istifadə olunur. Ona görə Cavabdeh MTK-dır. onların binaya, qaraja dair hər hansı iddiaları yoxdur. Sadəcə pilləkənin üstündə dəmir konsturksiya var. Ümumi qarajın girişi və çıxışı ayrıdır. Həmin kontruksiyanın bir hissəsi onların obyektinin çöldən görünüsünü korlayır. Qarşı tərəf həmin kontruksiyanın yağış suyunun və s. qarşısını almaq məqsədilə quraşdırıldığını deyir. Əgər layihədə belə bir düzəliş gedirdisə, vaxtında və ya sonradan müvafiq icra hakiiyyəti orqanına müraciət edərdilər və bu məsələləri həll edərdilər. Həmçinin qarşı tərəf bildirir ki, qanunsuz tikililərlə bağlı fiziki şəxs iddia qaldıra bilməz. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunu tərəfin diqqətinə çatdırır. Cavabdeh şirkət lahiyədən kənara çıxmaqla tikinti işlərini aparıb. Yəni lahiyədə binanınn fasadında şəffaf və ya qeyri-şəffaf hər hansı konstruksiyanın, örtüyün quraşdırılması nəzərdə tutulmayıb. İkincisi cavabdeh tərəfindən quraşdırılmış konstruksiya iddiaçının obyektinin şüşəsinə söykənəcək formada quraşdırılmışdır ki, bu da gələcəkdə həmin şüşə sınarsa və ya dəyişdirilməsinə ehtiyac yaranarsa, bunu məhdudlaşdırır. Üçüncüsü həmin konstruksiya iddiaçıya məxsus obyektin şüşəsinə yapışdırıldığına görə ümumi görünüşü də pozur və içəridən görünüşü məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Göstərilir ki, həmin tikinti Cavabdeh MTK-nın mülkiyyətində deyil və Cavabdeh MTK tərəfindən hər hansı artırma, tikinti işləri aparılmayıb. Bu iddianın Cavabdeh MTK-ya aidiyyatı yoxdur. Cavabdeh MTK-nın adına başqa əmlakın olub-olmaması barədə məlumatı yoxdur. Ona verilən məlumata görə iddiaçının mübahisələndirdiyi tikili Cavabdeh MTK-nın mülkiyyətində deyil. Belə hesab edir ki, zirzəminin mülkiyyətçisi şüşədən qoruyucunu ona görə düzəldib ki, yağış və s. zirzəmiyə getməsin. Bu iddiaçının pəncərəsinə, qapısına hər hansı formada mane olmur. Bina Cavabdeh MTK-ya məxsusdur, istismara verilib, sakinlər çıxarışlarını alıblar. Bütün yaşayış və qeyri-yaşayış sahələri satılıb. MTK 2017-ci ildən fəaliyyətini dayandırıb, 2017-ci ildən artıq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb və idarəçilik cəmiyyət tərəfindən həyata keçirilir. İddiaçı hesab edir ki, bu, qanunsuz tikilidir. Qanunsuz tikilinin sökülməsi ilə bağlı tələbi isə iddiaçı olaraq fiziki şəxs qaldıra bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsi qanunsuz tikililərlə bağlı tələb hüququnu Fövqəladə Hallar Nazirliyinə verir. Ali Məhkəmənin Plenumunun inzibati və mülki işlərin aidiyyatı ilə bağlı 2015-ci il tarixli qərarı var. Orada konkret olaraq göstərilir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə uyğun olaraq qanunsuz tikilinin sökülməsi ilə bağlı tələblər inzibati icraat çərçivəsində müvafiq icra hakimiyyət orqanı (Fövqəladə Hallar Nazirliyi) tərəfindən qaldırılmalıdır. Həmin tikilən konstruksiya yağış sularının, hər hansı tullatıların və s. zirzəmiyə tökülməsinin qarşısını almaq məqsədilə quraşdırılıdığına görə hesab edir ki, konstruksiyanın tikilməsi üçün xüsusi icazə alınmalı deyil. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli, xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3nında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15 dekabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, ünvan 3nında İddiaçı məxsus və ümumi sahəsi 86,7 m2 olan qeyri-yaşayış obyektinin ön hissəsində Cavabdeh MTK tərəfindən quraşdırılmış dəmir konstruksiyasının sökülməsi barədə İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış müraciəti “”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərilməklə aidiyyəti qurumlarla birgə baxılaraq müvafiq tədbirlərin görülməsi, komiyətə və müraciət edən şəxsə məlumatın təqdim edilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, mütəxəssislər tərəfindən qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış obyektinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, zirzəmi mərtəbəsinə giriş-çıxış pilləkəni, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-347 nömrəli xx.xx.2011-ci il tarixli məktub ilə razılaşdırılmış layihə sənədlərində nəzərdə tutulmuşdur. Zirzəmi mərtəbəsinə açılmış pilləkənin üzərində atmosfer sularından qorunmaq üçün metal konstruksiyadan quraşdırılmış əlavə çətirlə bağlı MTK rəhbərliyinə və ya məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, ünvan 3nında yerləşən qeyriyaşayış sahəsi İddiaçı məxsusdur. Hazırda iddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yerli Baxış protokoluna əsasən müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən iddiaçıya məxsus olan obyektin pəncərəsinə bitişik şəkildə kontruksiya quraşdırılmışdır. Quraşdırılmış konstruksiya binanın avtodayanacağına düşən pilləkənin üzərini örtür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı obyekti ictimai iaşə obyekti kimi fəaliyyət göstərir və cavabdeh tərəfindən quraşdırılmış konstruksiya obyektin iç tərəfindən görüntünü məhdudlaşdıraraq pozur və obyektin çöldən görüntüsünü məhdudlaşdırır. Həmçinin cavabdeh dəmir konstruksiya və dam örtüyünün quraşdırılmasını nəzərdə tutan hər hansı layihə və ya digər sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə də məhkəmə hesab edir ki, Cavabdeh MTK tərəfindən tikilmiş dəmir konstruksiya və dam örtüyü İddiaçı maraqlarına toxunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində Cavabdeh MTK tərəfindən quraşdırılmış dəmir konstruksiya və dam örtüyü sökülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində Cavabdeh MTK tərəfindən quraşdırılmış dəmir konstruksiya və dam örtüyü sökülsün. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar