Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2086/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22900 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin martın 30-da Bitcoin kriptovalyutası alması və satması üçün tanışı Cavabdeh Zakir oğluna 35000 ABŞ dolları (60000 azn) pulu Xətai rayonu, Yusif Səfərov küçəsindəki Cristal Plazanın yaxınlığında vermişdir. Cavabdeh 1 il ərzində xx.xx.2020-ci il tarixdə iddiaçıya Bitcoin alıb-sataraq pul qazanacağını demiş, iddiaçı isə buna inanmışdır. Bir il sonra pulu qaytarma zamanında iddiaçıya məlum olmuşdur ki, Fərid ona verdiyi puldan Bitcoin almamışdır. Bununla bağlı iddiaçı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsinə şikayət ərizəsi vermişdir. xx.xx.2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin təhqiqatçısı Budaq Budaqlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Fəridə verilən pulun mülki qaydada alınmasını məsləhət görülmüşdür. Fəridin əməlində “dələduzluq” cinayət tərkibi olmadığı bildirilmişdir. Fərid iddiaçının ona verdiyi 60000 manatdan əvvəlcə 30000 manatını iddiaçıya qaytarmış, daha sonra isə qalan 30000 manatdan sadəcə 7100 manatını iddiaçıya qaytarmış, qalan pulu isə ödəməkdən imtina etmişdir. Bu səbəbdən, iddiaçı qalan pulun mülki formada məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı ərizəsində cavabdehlə şifahi danışığı zamanı borc məbləğinin 22000 manat olması barədə razılığa gəldiklərini bildirmiş, bununla bağlı iddia tələbini azaldaraq, tələbin 22000 manat olduğunu qeyd etmiş və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək məhkəməyə bu barədə ərizə təqdim etmişdir. O, ərizədə iddiaçının iddiasını qəbul etdiyini bildirmiş və hazırda iddiaçıya olan borcunun 22000 manat təşkil etdiyini qeyd etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilsə də, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 160 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2086/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2086/2023
01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver