Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2138/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2na qarşı “cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində dəymiş maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2na qarşı “cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində dəymiş maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək və iddia tələbinə dəqiqləşdirmə verərək, həbs olunduğu 14 dekabr 2022-cü il tarixindən Yasamal Rayon Məhkəməsinin bəraət hökmünün çıxarıldığı xx.xx.2023-cü il tarixədək 8 ay 10 gün müddəti üçün işləmək və əmlak hüququndan məhrum olduğuna görə hər ay 1000 AZN məbləğində əmək haqqı məbləği əsas götürülməklə ümumlikdə 8333 (səkkiz min üç yüz otuz üç manat) AZN pulun; səhhətimdə yaranan ciddi problemləri, sağlamlığını itirməyi, onun ailə üzvlərinin çəkdiyi izdirablar, mənəvi sarsıntılar ilə bağlı məhrumiyyətlər, müayinə və mualicələr səbəbilə məruz qaldığım maddi və mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat həcmində konpensasiyanın; ona hüquqi yardım göstərilməsi üçün xərclədiyi 500 (beş yüz) manat pulun; cəmi 28.833 (iyirmi səkkiz min səkkiz yüz otuz üç) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2 tutularaq, ona ödənilməsi; Yasamal Rayon Polis İdarəsinin, Cavabdeh2 səhvi və ya sui-istifadəsi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi, yaxud həbsdə saxlanıldığı üçün həmin qurumların ondan yazılı surətdə üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 dekabr 2022-ci il tarixində, 10:00 radələrində polis əməkdaşları tərəfindən guya üzərində narkotik vasitə olduğu üçün qanunsuz olaraq saxlanılmışdır. Barəsində Cavabdeh2 tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmiş və 15 mart 2023-cü il tarixində ********* nömrəli cinayət işi materialları İttiahm Aktı ilə birlikdə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktınada qeyd olunur ki, “X1 məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 12 dekabr 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Şamaxinka adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 14 dekabr 2022-ci il tarixdə saat 11:10-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yasamal rayonu, Ə.Əhmədov 22 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür” Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. İddialar sübüta yetirilmədiyi üçün Yasamal Rayon Məhkəməsinin 1(004)-238/2023 saylı xx.xx.2023-cü il hökm ilə barəsində bəraət hökmü çıxarılmış və məhkəmə zalından azadlığa buraxılmışdır. Beləliklə, 14 dekabr 2022-cü il tarixində Polis Əməkdaşları tərəfindən saxlanılmışdır. 16 dekabr 2022-ci il tarixində Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəmdə 3 ay müddətində həps qətimkan tədbiri seçilmiş və həpsdə saxlanma 14 dekabr 2022-ci il tarixindən hesablanmışdır. Müddət bitdikdən sonra barəsində toplanmış cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixində Yasamal Rayon Məhkəməsinin (004)-238/2023 saylı bəraətverici hökmü ilə azadlığa buraxılmışdır. Yəni 8 ay 10 gün müddətində azadlıqdan məhrum edilərək Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. . Bu müddət ərzində ona fiziki, maddi və mənəvi ziyan dəymişdir. Həbs olunmamışdan öncə müvafiq sənədlərlə Dövlət Sərhəd Xidmətinə xidmətə qəbulla bağlı sənədlərini təqdim etmişdi. Artıq hərbi həkim komissiyası tərəfindən müvafiq yoxlamalar aparılırdı və yekunlaşmaq üzrə idi. Saxlanıldığı üçün icraata xitam verilmişdir. Həbsdən çıxadıqdan sonra isə artıq həmin yerə işə düzəlmək mümkün olmamışdır. Müraciəti və icraata xitamla bağlı müvafiq sənədin təqdim olunması üçün məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətinə “məhkəmə sorğusu” ünvanlana bilər. Həbsdə olduğu üçün xidmətdən əldə edəcəyi aylıq ortalama 1000 (min manat) AZN dəyərində əmək haqqı olmaqla ümumlikdə 8333 (səkkiz min üz yüz otuz üç manat) AZN əmlakından məhrum olmuşdur. Həbsdə olduğu müddət ərzində sağlamlığını qismən itirmişdir. Həbsxananın mövcud şəraitsizliyi, polis idarəsində ona olan təzyiqlər sağlamlığını itirməyinə səbəb olmuşdur. Artıq bir neçə aydır bədəninin sol tərəfi işləmir, başında şişlər yaranıb və xəstəxana şəraitində müalicə almaqdadır. Gəzmək, oturmaq qabiliyyətini tam olaraq itirmişdir. Eyni zamanda həm anası, həm də Türkiyədə təhsil alan qardaşı gecə-gündüz izdirab içində, ac və susuz qalmışlar. Anası işsiz, qardaşı da tələbə olduğu üçün maddi gəlirləri olmamışdır. Göründüyü kimi, ailə xeyli maddi və mənəvi zərərə məruz qalmışlar. Bundan əlavə onun və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların,eyni zamanda səhhətinda yaranan ciddi problemlər ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə, son 1 il ərzində daha 20.000 (əlli min) manat həcmində maddi və mənəvi zərərə məruz qalmışdılar. Həbsdə olduğu müddət ərzində keyfiyyətli hüquqi yardım ala bilməyi üçün anası tərəfindən vəkilə müraciət edilmişdir. Vəkil Nümayəndə göstərdiyi xidmətin haqqı olaraq ona 500 AZN miqdarında xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş; İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 4(004)-1076/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində əvvəli xx.xx.2022ci il tarixindən hesablanmaqla, həbs qismində qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin sorğuya cavab olaraq, məhkəməyə ünvanlanmış 14 may 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilməsi ilə əlaqədar müraciət etmişdir. Namizəd DSX Mərkəzi Hərbi Həkim komissiyasında şəhadətləndirməyə göndərilmiş, lakin getmədiyindən müraciətə xitam verilmişdir. Hüquqi yardım göstərilməsinə dair 17 aprel 2024-cü il tarixli müqavilə və ona əlavə edilmiş qəbzdən görünür ki, hüquqi xidmətə görə vəkilə 70 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1100-cu maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda və inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6.1-ci maddəsinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. 12-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 14 dekabr 2022-ci il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək qüvvədə qalmış, yəni, xx.xx.2023-cü il tarixdə təqsirsiz olması əsası ilə barəsində bəraət hökmü çıxarılmışdır. Beləliklə, İddiaçı ibtidai istintaq və məhkəmə orqanlarının hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalması, əsassız yerə barəsində müxtəlif cinayət təqibi hərəkətlərinə məruz qalması məhkəmə üçün mübahisəsiz bir haldır. Məhkəmə mənəvi zərərin hesablanması zamanı mövcud məhkəmə təcrübəsinə istinad etməyi əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı 8 ay 10 gün həbsdə qalma müddətini hər ayı 1000 manat olmaqla, ümumilikdə, 8500 manat olaraq hesablamaq qanuni, əsaslı, ədalətli və ağlabatandır. Bundan əlavə, maddi zərərə dair hissədə məhkəmə qeyd edir ki, maddi zərərin məhz cinayət təqibi orqanları tərəfindən yetirilməsi müəyyən edilmir. Belə ki, iddiaçı cinayət təqibinə məruz qalarkən işsiz olmuş, iş yerindən və əmək haqqından məhrum olmamışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasının 3262 saylı arayışından görünür ki, DSX Kadrlar Baş İdarəsinin göndərişinə əsasən Mərkəzi Hərbi-Həkim Komissiyasına müayinəyə göndərilən xidmətə qəbul İddiaçı müayinəyə gəlmədiyi üçün şəhadətləndirilməyibdir. Müayinənin tarixi arayışda göstərilməmişdir. Odur ki, İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilməməsi ilə tutulmasının arasındakı səbəb-əlaqənin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən bir neçə tibbi sənədlər təqdim edilsə də, həmin tibbi problemlərin dövlətin hərəkətləri nəticəsində əmələ gəlməsi sübuta yetirilmir. Bu səbəbdən, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 8500 manat məbləğində pul və hüquqi xidmətə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul olmaqla, cəmi 8570 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə iddiaçıya ödənilməli, cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2 üzərinə İddiaçı cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həbsdə saxlanıldığı üçün yazılı surətdə üzr istəmək vəzifəsi qoyulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi ziyana görə 8500 (səkkiz min beş yüz) manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul olmaqla, cəmi 8570 (səkkiz min beş yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilsin. Cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2 üzərinə İddiaçı cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həbsdə saxlanıldığı üçün yazılı surətdə üzr istəmək vəzifəsi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2138/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2138/2024
17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver