Məhkəmə qərarları › İş №e-2(004)-219/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-219/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-219/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3005 manat pulun və 50,45 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, “VAZ 21723 minik” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2020-ci il tarixdə saat 16:47-də Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X1 məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “VAZ 21723 minik” markalı, **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobillə X5 tərəfindən idarə olunan “Toyota Yaris minik” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2021-ci il tarixli, TP4213309 nömrəli qərara əsasən, “VAZ 21723 minik” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş DS1203 nömrəli ekspert rəyinə əsasən, “Toyota Yaris minik” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3005 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar iş üzrə sığorta ödənişi ilə bağlı 2043 nömrəli akt tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X3 xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 3005 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək Şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. İşə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar təqdim olunmuş yazılı sübutlarla təsdiq edildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8410 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Yaris” markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3005 manat müəyyən edilir. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdehin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində zərərçəkmişə zərər vurması və həmin zərərin sığorta müqaviləsinə əsasən iddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edilmişdir. Göstərilənləri və ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 3005 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50,45 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 3005 (üç min beş) manat məbləğində sığorta ödənişinin əvəzi və 50,45 (əlli manat qırx beş qəpik) manat dövlət rüsumu tutulsun. 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabient vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar