Məhkəmə qərarları › İş №e-2(004)-2232/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2232/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2232/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıya borclu olduğu 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh dost münasibətlərində olmuşlar. Cavabdehin müəyyən şəxslərə və banka faizlə borcu olduğundan və bununla bağlı ona təcili pul lazım olduğu üçün iddiaçıdan həmin borclarını tam ödəyib bağlamaq məqsədilə ona borca pul verməyi xahiş etmiş, iddiaçı isə hətta cavabdehin xətrinə başqa şəxslərdən də borc alaraq 2022-ci ilin oktyabr və noyabr aylarında 3 dəfəyə olmaqla, ona cəmi 8000 manat borc pul vermişdir. Cavabdeh borcu 2023-cü ilin fevral ayında qaytaracağına söz versə də, sözünə tam əməl etməmiş, borcundan yalnız hissə-hissə cəmi 500 manatını qaytarmışdır. Vaxtı çatan zaman iddiaçı ondan borcunu istədikdə iddiaçının bu yaxşılığının əvəzində onu hədələməyə başlayaraq, iddiaçının onu borca görə çox narahat etdiyini bildirmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehin barəsində tədbir görülməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına da ayrıca müraciət ediləcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı 7500 manat borc tələbi ilə bağlı iddiasını qəbul edir. Maddi imkanı olmadığından ödəyə bilmir. Noyabr ayından etibarən ödəmələrə başlayacaq. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə müraciət etmiş və Cavabdeh isə iddia tələbini qəbul etməsinə dair ərizə təqdim etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə tərəfindən araşdırılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəzedilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarınımüvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 95 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar