Məhkəmə qərarları › İş №e-2(004)-2233/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2233/2023

09.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2233/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı üçüncü şəxs "xxxx" KB ASC cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxs "xxxx" KB ASC cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi İcra Şöbəsinin hərrac sifarişi üzrə xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə dair Cavabdeh MMC tərəfindən keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 28/23 saylı protokolun etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torapq sahəsi daşınmaz əmlakın dövlət reyesytrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə ilə "xxxx" ASC-nin təmin olunmuş iddiası üzrə kredit müqaviləsi üzrə tutmanın xüsusi mülkiyyətyində olan ipotekaya qoyulmuş əmlaka yönəldilməsi qət olunmuşdur. 2022-ci ilin əvvəllərində sözügedən qətnamə ilə əlaqədar icra işinin yasamal rayon icra şöbəsində olduğuna dair iddiaçının məlumatı olmuşdur. Həmin vaxt Bankın nümayəndələri ilə danışıqlar aparılmışdır ki, məhkəmə qətnaməsi ilə tutulan kredit borcunun hissələrlə iddiaçı tərəfindən ödənilməsinə şərait yaradılsın və evə tutma yönəldilməsin. xx.xx.2023-cü il tarixdə iddiaçı mülkiyyətində olan ailəsi ilə birgə yaşadığı evə Binəqədi rayon İcra Şöbəsinin əməkdaşı gələrək məktub təqdim etmiş və bildirmişdir ki, mülkiyyətində olan evi guya, hərraca çıxarılmış və satılmadığına görə "xxxx" ASC tərəfindən götürülmüşdür. İcra məmurunun və bankın nümayəndəsinin dediyinə görə, mülkiyyətində olan evi torpaq sahəsi ilə birlikdə ilkin olaraq 380.200 manata hərraca çıxarılmış, ilkin və təkrara hərracda alıcı olmadığına görə, 243.377,5 manat məbləğində əldə edilməsinə Bank razılıq vermişdir və bununla bağlı Protokol tərtib edilərək evi bankın mülkiyyətinə verilmişdir. Beləliklə, iddiaçının 2 gün əvvəl göstərilən qaydada əldə etdiyi məlumata görə, mülkiyyətində olan evi və torpaq sahəsi hərraca çıxarılmış, özgəninkiləşdirilmişdir. Lakin əmlakının hərraca çıxarılması, hərrac keçirilməsi və s. bu cür hərəkətlər barədə ümumiyyətlə iddiaçıya məlumat verilməmişdir. Məlumatı olmadan keçirilmiş hər hansı hərracın nəticələri barədə icra məmurunun və bankın nümayəndəsinin yönləndirdiyi Cavabdeh MMC-ə müraciət etmiş, Yasamal rayonunda Gömrük Hospitalının yanında olan ofisə getmiş və oradan iddiaçıya hər hansı protokol verilməsinin mümkün olmadığı bildirilmişdir. Hərracın nəticələri barədə protokol iddiaçıya verilməmiş, lakin Binəqədi İcra Şöbəsinə və "xxxx" ASC-ə, o cümlədən, iddiaçıya ünvanlanmış məktubun məzmununda da yazılır ki, guya, xx.xx.2022-ci il tarixli məktubla əmlak Banka təklif edilmiş, "xxxx" ASC xx.xx.2023-cü il tarixli məktubla ipoteka predmetini təklif edilən 242.377,5 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən, “X2” nəzdində Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 28/23 saylı protokol tərtib olunmuşdur. Bir daha bildirir ki, xüsusi mülkiyyətində olan ev və torpaq sahəsinə dair açıq hərracın hər hansı tarixə təyin edilməsi barədə idddiaçıya heç bir məlumat verilməmiş, ümumiyyətlə, ev və torapq sahəsi barədə hərraca sifariş daxil olması, hərracın hansısa tarixə təyin olunması, təkrarı və s barədə əmlakın mülkiyyətçisi olaraq ünvanına hər hansı bildiriş göndərilməmişdir. Xüsusi mülkiyyətində olan daşınmaz əmlakla bağlı hərracın keçirildiyi iddia olunan Cavabdeh MMC tərəfindən“İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, həmin maddədə və MM-in 415-ci maddəsində imperativ qaydada nəzərdə tutulmuş KİV orqanında bildirişin dərc olunması və əmlak mülkiyyətçisinin – ipoteka qoyanın məlumatlandırılmasına dair məcburi prosedur qaydalara əməl edilməmişdir. Belə ki, hərracla bağlı qeydiyyatda olduğu və yaşadığı ünvana hər hansı yazılı bildiriş daxil olmamış, hər hansı KİV orqanında da məlumatlandırmaya rast gəlməmişdir. Sadalanan xüsusatlara, işin faktiki hallarına və istinad olunan maddi hüquq normalarına əsasən hesab edir ki, xüsusi mülkiyyətində olan daşınmaz əmlakla bağlı keçirildiyi iddia olunan hərrac qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirildiyindən, həmin hərracın nəticələri etibarsız hesab edilməldir. Cavabdeh MMC iddia ərizəsinə etiraz mülahizələrini ünvanlayaraq aşağıda göstərilən əsaslara görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən verilmiş 17/68№44175-4 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 380.200 (üç yüz səksən min iki yüz) manata olmaqla, Bakı şəhəri Bİnəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ünvanda yerləşən 2c sayll fərdi yasayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinin açıq hərracda satılması, "xxxx" MMC-yə sifariş olunmuşdur. (11 noyabr 2022-ci il tarixli sifarişin sürəti əlavə edilir). Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 09 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı, X1 2271/22 sayll, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. (Bildirşin və poçt qəbzinin surəti əlavə edilir). İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet informasiya Ehtiyatında (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatının rəsmi internet səhifəsində də ("Eherrac.com") yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 09 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilə tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 09 dekabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% asağı qiymətə, yəni 323.170 (üç yüz iyirmi üç min yüz yetmiş) manata olmaqla 27 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet informasiya Ehtiyatında (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com") yerləşdirilmişdir. Eyni zamanda qeyd edirlər ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracı təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat "Birjanyus" internet informasiya Ehtiyatında (Portalında) (www.birjanews.az) və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com") dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli 2495\22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir). Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 27 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 27 dekabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracən baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 2634/22 sayl; "ipoteka predmetinin eldə olunmasma dair" təklifdən görünür ki, yuxarlda göstərilən ipoteka predmeti "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmusdur. İpoteka saxlayan "Unibank KB” ASC xx.xx.2023-cü il tarixli, PKKİED/28506 nömrəli məktubla İpoteka predmetini təklif edilən 242.377,5 (iki yüz qırx iki min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "X2” nəzdində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 28/23 saylı "X7 baradə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə ”Əmlak Hərrac Mərkəzi” MMC-nin 119/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsində eləcə də sifariş məktubunda göstərilən ünvanına müvafıq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edirlər ki, borcluya göndərilən bildirişlər aidiyyatı üzrə geri qayıtdıqdan sonra, bildirişlərin satılan əmlaka da göndərilməsi tərəflərindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Xahiş edirlər ki, göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, İddiaçı iddia tələbinin əsası ondan ibarətdir ki, hərracın keçirilməsinin yeri və vaxtı barəsində ona məlumat verilməmiş, eləcə də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməmişdir. Cavabdeh hərrac təşkilatı iddia tələbine dair məhkəməyə təqdim etdiyi etiraz mülahizələrində qeyd etmişdir ki, hərracın keçirilməsinə dair İddiaçı bildiriş təqdim olunmuş və kütləvi informasiya vasitəsi olan «Birjanyus» İnternet informasiya Ehtiyyatında (Portalında) elan dərc etdirmişdir. Qeyd edir ki, cavabdeh hərrac təşkilatı keçirilmiş hərraclar barədə İddiaçı Əhmed oğluna bildiriş göndərildiyini bildirsə də, həmin bildirişlər İddiaçı Əhmed oğlunun xx.xx.2022-ci il tarixindən qeydiyyatdan çıxdığı və yaşamadığı ünvan 2 ünvanına göndərilmişdir. İddiaçı Əhmed oğluna göndərilmiş bildirişlərin onun tərəfindən alınmaması hərrac təşkilatının Binəqədi Rayon İcra Şöbəsinə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubla da bir daha tasdiq olunur. Belə ki, qeyd olunan məktubun məzmunundan görünür ki, hərrac təşkilatı tərəfindən İddiaçı Əhmed oğluna, Yeni ünvan 3 ünvanına xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, lakin həmin bildiriş rabitə orqanın «ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır. Qeyd olunan xüsusat bir daha onu təsdiq edir ki, mübahisələndirilən hərracın keçirilməsi barədə olan müvafiq bildirişlər İddiaçı təqdim edilməmiş və onun hərracın keçirilməsi vaxtı və yeri barədə məlumatı olmamışdır. Bir daha qeyd edir ki, hərrac təşkilatı tərəfindən İddiaçı bildiriş göndərilən zaman o, ünvan 4 ünvanda deyil hərraca çıxarılan fərdi yaşayış evində yaşamaqla, xx.xx.2022-ci il tarixindən iddia ərizəsində göstərilən ünvanda qeydiyyatda olmuşdur. Həmçinin qeyd edir ki, hərrac təşkilatı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC tərəfindən heç bir qanun pountusuna yol verilməmiş, bildirişlər göndərilən kimi bank tərəfindən də tərəflərin özünə bildirişlər göndərilmişdir, çünki bank özü maraqlıdır ki, hərracın keçirilməsi barədə tərəflərin məlumatı olsun. Bildirmişdir ki, adı işdə keçən X3 bankın göndərdiyi bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmiş, ikinci bildirişin qəbul edilməsindən isə xx.xx.2022-ci il tarixdə imtina edilmişdir. Cavabdeh MMC bildirişləri dövlət poçtu ilə göndərir, onlar isə “Qarant” poçtun vasitəsilə və bu barədə həmin poçtdan akt tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Həmçinin bildirmişdir ki, bank bütün müştəriləri ilə telefon vasitəsi ilə əlaqə saxlayır və Cavabdeh MMC-dən bildiriş gələn kimi, maraqlı olur ki, tərəflərdə hərracın keçirilməsi barədə məlumatlı olsunlar. Həmçinin bildirmişdir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən hərrac iki dəfədən çox keçirilə bilməz və bildirişlər icra vərəqəsində qeyd olunan Yasamal rayonu ərazisinda olan ünvana göndərilmiş, alternativ ünvan qeyd olunmamış və xx.xx.2018-ci il tarixli qanuna əsasən bildirişlərin göndərilməsi barədə söhbət gedir, çatdırılması barədə yox. Buna görə də, Cavabdeh MMC sifariş əsasında icra vərəqəsində qeyd olunan ünvana bildiriş göndərir. Tərəfin qeydiyyat ünvanının dəyişməsi barədə də icra şöbəsinə məlumat verilməmiş və bununla da Cavabdeh MMC pozuntuya yol verməmişdir. Həmçinin qeyd etmişdir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 2-ci maddəsinə əsasən “kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu nəzərdə tutulur. Həmçinin qanun 21 iyul 1992-ci il tarixdə qəbul olunmuş və o vaxtlar demək olar ki, internet resurslarından istifadə yox idi. “Media haqqında” Qanun isə 30 dekabr 2021-ci il tarixdə qəbul olunmuş və həmin qanunun 78.6-cı maddəsində qeyd olunmuşdur ki, bu Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir. Eqanundan çıxarışa əsasən həmin qanunun qüvvəyə minmə tarixi 09 fevral 2022-ci il göstərilmişdir. Hərrac isə 2022-ci ilin noyabr ayında başlamış, 2023-cü ilin yanvar ayında bitmişdir. Yəni həmin an “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanun qüvvədən düşmüş və “Media haqqında” Qanun qüvvədə idi. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC məhkəmə iclasına gəlməmişdir. Cavabdeh MMC məhkəməyə ünvanladığı etirazda göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Unibank KB ASC ilə İddiaçı arasında xx.xx.2014. cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsini çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsi üzrə cavabdeh İddiaçı əsas borc 106 846,64 (yüz altı min sakkiz yüz qırx altı dollar 64 sent) ABŞ dolları, faiz borcu 14 880,93 ABŞ dollar (on dörd min səkkiz yüz səksən dollar 93 sent) ABŞ dolları olmaqla, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi borc 121.927,57 ABŞ dalları (yüz iyirmi bir min doqquz iyirmi yeddi dollar 57 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), 30 manat məbləğində dövlət rüsumunun, həmçinin bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, iddiaçı "Unibank” KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətindəki şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsin yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin 380200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödenilməsi, artıq qalan məbləğin mülkiyyətçi- cavabdeh İddiaçı Əhmad oğluna qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdeh İddiaçı tutulması, ipoteka predmeti satıldıqdan an geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin “Əmlak Hərrac Mərkəzi" MMC-yə ünvanladdığı “Hərracın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 17/68№44175 saylı məktubdan görünür ki, hərracın keçirilməsi barədə “Əmlak Hərrac Mərkəzi" MMC-yə sifariş məktubu, xx.xx.2021-ci il tarixli icra vərəqəsi və ona əlavə edilmiş sənədlər göndərilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 2c saylı fərdi yaşayış evi Unibank KB-nin xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə, borcluya və tələbkara göndərilməsi qeyd edilmişdir. İlkin hərracda əmlakın ilkin satış qiyməti 380200 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” internet informasiya ehtiyatında (portalında) ilkin hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2022-ci il tarixli elandan görünür ki, xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə məlumat verilmişdir. Əmlak Hərrac Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə, borcluya və tələbkara göndərilməsi qeyd edilmişdir. Təkrar hərracda əmlakın ilkin satış qiyməti 323170 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” internet informasiya ehtiyatında (portalında) hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2022-ci il tarixli elandan görünür ki, xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə məlumat verilmişdir. Əmlak Hərrac Mərkəzi MMC tərəfindən Unibank KB ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan əmlakın Unibank KB ASC tərəfindən təkrar hərracdakı satış qiymətinin 25%-dən az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. Unibank KB ASC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bank ipoteka predmetini təkrar hərracdakı satış qiymətinin 25%-dən az olmayan qiymətə əldə etməyə razı olduğunu bildirmişdir. Hərrac yekunları barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hərracın qalib alıcısı "xxxx" ASC (təmsil edən etibarnamə üzrə nümayəndə X6) olmuşdur. Əmlakın hərracda alış qiyməti 242377,5 (iki yüz qırx iki min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat olmuşdur. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən icra şöbəsinə və tələbkarlara hərracın yekunları barədə məlumat göndərilməsi qeyd edilmişdir. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən İddiaçı və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi könüllü icra edilmədiyi üçün 07 aprel 2023-cü il tarixdə məcburi icrasının həyata keçiriləcəyi bildirilmişdir. Unibank KB-nin İddiaçı və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Unibank KB ASC xx.xx.2023-cü il tarixli, PKKİED/28506 nömrəli məktubla ipoteka predmetini təklif edilən 242.377,5 (iki yüz qırx iki min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirdiyi, qeyd olunan razılığa əsasən "X2” nəzdində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində hərracın yekunları barədə 28/23 saylı protokolun tərtib olunduğu bildirilmişdir. Reyestrlərdən görünür ki, icra vərəqəsi üzrə borcluya və tələbkara xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə məktub göndərilmişdir. Qeyd olunan bildiriş və reyestrlərdən görünür ki, İddiaçı ünvanı ünvan 8ülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Eyni Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. X5 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə Hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. X5 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmeti olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evini Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və yaşayış sahəsinin açıq hərracda satılması qərara alınmış, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir. Mülki Məcəllədə təşkilatçı tərəfindən hərracın keçirilməsinə ən geci otuz gün qalmış məlumat verilməli olduğu nəzərdə tutulsa da, iş materialları ilə müəyyən olunur ki, cavabdeh –təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş tərəflərə xx.xx.2022-ci il tarixdə göndərilmiş,həmin gün də Birjanyus internet portalında elan yerləşdirilmişdir. Göründüyü kimi hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 22 gün qalmış verilmişdir. Həmçinin təşkilatçı tərəfindən borclunun məlumatlandırılmasına dair sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabeh-hazırki iş üzrə iddiaçı qeydiyyat ünvanını dəyişib başqa yerə köçmüşdür. Təşkilatçı Əmlak Hərrac Mərkəzi MMC tərəfindən iddiaçıya göndərilən məktubda İddiaçı ünvanı ünvan 9 iddiaçının ünvanına bildiriş göndərdiyini bildirsə də, qeyd edilən ünvana məktubun çatıdırılması barədə sübutlar, eləcə də nə iddiaçının qeydiyyat ünvanına, nə də ipoteka predmeti olan əmlakın yerləşdiyi ünvana bildirişlərin göndərilməsi ilə bağlı sübutlar etiraza əlavə edilməmişdir. Həmçinin reyestrlərdən yalnız 1-ci və 2-ci hərracın keçirilməsi ilə bağlı məktubların göndərilməsi görünsə də, hərracın sonrakı mərhələləri barədə bildirşlərin ümumiyyətlə iddiaçıya göndərilməsi müəyyən edilməmişdir. Eləcə də qeyd etmək zəruridir ki, İpoteka haqqında Azərbaycanm Respublikasının Qanunun həmin vaxt qüvvədə olan 42.1-ci maddəsinə əsasən: Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. 17 fevral 2023-cü il tarixli 813-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 42.1-ci maddənin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi hərracın keçirildiyi vaxt qüvvədə olan qanunun maddəsinə görə elan kütləvi informasiya vasitələrində verilməli idi ki, cavabdeh tərəfindən bu tələblərə də əməl edilməmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2023cü il tarixli, 28/23 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 28/23 saylı hərrac protokolu etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar