Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2258/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əsassız tutulmuş pulun ödənilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əsassız tutulmuş pulun ödənilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan qanunsuz şəkildə tutulmuş 33.84 manat vergi (ƏDV) məbləğinin, bu günə qədər əsassız olaraq pulu qaytarmamaları səbəbindən ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 (üç) min manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin 27, 28 və 29 mart tarixlərində keçirilən 15-ci X1 (online konfrans) iştirak etmək üçün qeydiyyatla bağlı ödənişi (100 avro) 02 fevral 2023-cü il tarixdə Cavabdeh QSC-də olan hesabından etmişdir. Məlumat üçün bildirir ki, həmin Konfransda iştirakla bağlı qeydiyyat haqqı 200 avro olsa da, iddiaçı “Qaraciyərin öyrənilməsi üzrə” Avropa Assosiasiyasının üzvü olduğundan ödənişə görə ona 50% güzəşt edilmiş və bu səbəbdən də 100 avro ödəniş edilmişdir. Ödənişdən sonra onun hesabından 187.99 manat əsas, 2.82 manat komissiya və 33.84 manat vergi (ƏDV) çıxılmışdır. Məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavab olaraq göndərilən məktubda tutulmanın Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (bundan sonra VM)159.2-ci və 168.1.5-ci maddələrini əsas tutaraq 18 faiz (%) əlavə dəyər vergisi kimi tutulduğu göstərilmişdir. Məktubda qeyd edilən VM-nin 159.2-ci maddəsinin tələbinə əsasən, bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Eyni zamanda həmin maddənin 2-ci cümləsində qeyd edilmişdir ki, bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərilən xidmətlərin göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Nəzərə alsaq ki, cari ilin 27, 28 və 29 mart tarixlərində keçirilmiş 15-ci X2 (online konfrans) Azərbaycan Respublikasından kənarda keçirilmişdir. VM-nin 168.1.3-cü maddəsinə əsasən, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə bu xidmətlərin faktiki göstərildiyi yer hesab olunur. Bu məqamda qeyd edilməlidir ki, həmin konfrans “hepotologiya” sahəsində biliklərin artırılması (təhsil-təlim xarakterli) məqsədilə hər il keçirilir. Qoşmaya əlavə edilən konfransın yekununa dair sənəddən də görünür ki, bu yalnız iştirakla bağlı sertifikatdır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bunu xidmət (iş) hesab etsək nəticələri maddi ifadə kəsb edən fəaliyyət olmadığı açıq şəkildə görsənir. Bütün bu göstərilənlərə baxmayaraq Cavabdeh QSC-nin qanunsuz tutmanı hansı əsasla aparması iddiaçıya məlum deyildir. Bildirir ki, bununla bağlı Sizlə və aidiyyəti üzrə üçüncü şəxs Dövlət vergi Xidməti ilə yazışmalar aparmağına baxmayaraq nəticə olaraq iddiaçının hesabından tutulan pulu əssasız olaraq hələ də geri qaytarmayaraq ona maddi, eyni zamanda mənəvi ziyan vurmuşlar. Hesab edirki, cavabdehin bu qanunsuz hərəkətlərinə görə, hüququnun pozulmasına görə keçirdiyi stres, mənəvi sarsıntı, narahatlıq, məyusluq kimi halları nəzərə alaraq iddiaçıya dəymiş 3 (üç min) manat məbləğində mənəvi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq İddaçı İddiaçı Müsayeviçin cavabdeh "xxxx" QSC-yə qarşı "əsassız tutulmuş pulun ödənilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının qeyd etdiyi ölkə xaricinə köçürmə əməliyyatı üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.2, 168.1.5 və 169.1-ci maddələrinə uyğun olaraq 187.99 manat məbləğinin 18 faizi həcmində (33.84 manat) əlavə dəyər vergisi tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. xaricdə online qaydada keçiriləcək imtahanda, təlimdə, kursda iştirak etmək üçün Azərbaycan Respublikasında yerli bank vasitəsilə ödəniş olunarkən xidmətin alıcısı olan vətəndaş Azərbaycan Respublikası ərazisində online qaydada həmin xidmətdən istifadə edəcəksə əlavə dəyər vergisinin alıcının vəsaiti hesabına büdcəyə bank tərəfindən tutulma aparılmalıdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı təkidlə eyniməzmunlu müraciətlə cavabdeh banka 4 dəfə müraciət etmişdir və tərəfimizdən müştəriyə yuxarıda qeyd olunan maddələrə istinadən cavab məktubu təqdim edilmiş, qanunvericiliyin tələbləri ətraflı izah edilmişdir. Həmçinin, tərəfimizdən mübahisəli məsələ ilə əlaqədar vergi qanunvericiliyinə dair Dövlət Vergi Xidmətinə müraciət ünvanlanmışdır və Dövlət Vergi Xidmətinin cavab məktubu ilə mövqeyimiz bir daha öz təsdiqini tapmışdır. 05 sentyabr 2023-cü il tarixli Dövlət Vergi Xidmətinin cavab məktubunda qeyd edilir ki, ölkə hüdudlarından kənarda göstərilən onlayn kurs, təlim və imtahan xidmətləri informasiya sistemlərindən istifadə edilməklə göstərildiyindən elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilir və belə xidmətlərə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir. Bildiririk ki, iddiaçı özü də mübahisələndirdiyi ƏDV-nin tətbiq edilməsi ilə bağlı məsələ üzrə Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin cavab məktubları ilə Vergi Məcəlləsinin tələbləri bir daha təsdiqlənmişdir. Məktubda qeyd edilir ki, online qaydada həyata keçirilən təlim və digər oxşar xidmətlər "Elektron Ticarət haqqında" qanuna əsasən xidmətin təqdim edilməsi anlayışına daxildir. Evni zamanda Vergi Məcəlləsinə əsasən, qeyri- rezidentlərin elektron qaydada xidmətlərin təqdim edilməsi zamanı vergi orqanında uçotda olmayan fiziki şəxslər yerli banklar vasitəsilə xaricə ödəniş edən zaman banklar həmin əməliyyat üzrə hesablanan ƏDV-ni büdcəyə köçürmək öhdəliyi daşıyırlar. Odur ki, 33.84 manat ƏDV-nin tərəfimizdən dövlət büdcəsinə köçürüldüyünü nəzərə alaraq, iddiaçının həmin məbləği bankdan tələb etməsini əsassız hesab edirik. Əlavə olaraq, iddiaçı bank tərəfindən ona mənəvi zərərin vurulduğunu iddia edərək, 3000 manat məbləğində mənəvi zərərin kompensasiyasını tələbetmişdir. Lakin mənəvi zərərin nədən ibarət olduğu iddia ərizəsindən müəyyən etmək mümkün deyildir, iddia edilən mənəvi zərərin vurulması faktının heç bir əsası göstərilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, 2023cü ilin 27 - 29 mart tarixlərində 15-ci X1 (online konfrans) iştirak etmək üçün qeydiyyatla bağlı xx.xx.2023-cü il tarixdə Cavabdeh QSC-də olan bank hesabı vasitəsilə ödəniş edərkən hesabdan 187,99 manat əsas məbləğ, 2,82 manat komissiya və 33,84 manat ƏDV məbləği tutulmuşdur. İddiaçı ərizəsində Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud əgər analoji fəaliyyət sahələrində göstərilirsə xidmətlər göstərildiyi yer onların faktiki olaraq göstərildiyi yer sayılır və 15-ci X2 (online konfrans) təhsil-təlim xarakterli olduğundan və Azərbaycan Respublikasından kənarda keçirildiyindən istinad olunan normaya əsasən vergi tutulan əməliyyatlara aid edilmir. Bununla bağlı qeyd etməliyik ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlər və xidmətlərin göstərilməsi “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1.0.1 -ci maddəsinə əsasən elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların; proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət hesab edilir. Göründüyü kimi, qeyri-rezident şəxs tərəfindən vergi uçotunda olmayan şəxslərə ölkə hüdudlarından kənarda elektron ticarət qaydasında otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi Azərbaycanda ƏDV-yə cəlb olunur və həmin qeyri-rezident şəxsə ödənişlər aparılarkən bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV tutulur. Bununla yanaşı, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə, xidmətlərin faktiki göstərildiyi yer ƏDV məqsədləri üçün xidmətlərin göstərildiyi yer sayılır. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir. Qeyd olunanlara əsasən ölkə hüdudlarından kənarda keçirilmiş konfransda əyani şəkildə iştirak edildiyi halda, qeyri-rezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilmir, ölkə hüdudlarından kənarda keçirilmiş konfransda məsafədən qoşulmaqla onlayn formada iştirak edildiyi halda, Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələrinin müddəalarına əsasən qeyri-rezidentə aparılan ödəmələrdən ödənişi aparan bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV hesablamaqla dövlət büdcəsinə ödənilir. Nəticədə, iddiaçının istinad etdiyi normaların onun iştirak etdiyi onlayn konfransın keçirilməsi halına şamil edilmir və qanunvericiliyin digər normalarının təsiri altına düşdüyündən tələb hüquqi cəhətdə düzgün əsaslandırılmamışdır. Bu isə öz növbəsində iddia tələbinin rədd edilməsinə əsasdır. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 etirazın mənmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Access Bank QSC tərəfindən Yusif Alxasova ünvanlanmış məktublaran görünür ki, həmin məktubla müvafiq əməliyyat üzrə 18% əlavə dəyər vergisinin AR Vergi Məcəlləsinin 159.2, 168.1.5 və 169.1-ci maddələrinə uyğun olaraq tutulduğu bildirilmişdir. İş materiallarında olan məktubda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sorğuda göstərilən halda ölkə hüdudlarından kənarda göstərilən onlayn kurs, təlim və imtahan xidmətləri informasiya sistemlərindən istifadə edilməklə göstərildiyindən elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilir və belə xidmətlərə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir. Belə ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audiovideo materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir. Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 169.3-cü (https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi) və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” Qanununun 1.0.1-ci maddələri (https://eqanun.az/framework/10406) ilə tənzimlənir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsi tərəfindən Yusif Aalxazovaa ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfrindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticaret qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Elektron ticarət dedikdə isə, informasiya sistemlerindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audiovideo materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyet növü nəzərdə tutulur. Göründüyü kimi vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron ticarət istisna olmaqla digər hallarda ödəmələr həyata keçirilərkən banklar tərəfindən ƏDV-nin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan invoysdən görünür konqresdə iştiraka görə ödənilmiş pul məbləği vergilər daxil 100 Avro təşkil etmişdir. X3 tərəfindən verilmiş sertifikatdan görünür ki, həmin sertifikat İddiaçı 27, 28, 29 mart 2023-cü il tarixlərdə keçirilmiş 15-ci X1 iştirak etdiyinə görə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Həmin Məcəllənin 168.1.5-ci maddəsinə əsasən isə məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer xidmətlərin göstərildiyi yer hesab edilir. Həmin Məcəllənin 169.1-ci maddəsində qeyd edilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Məcəllənin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Azərbaycan Respublikasının Elektron ticarət haqqında Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli "mənəvi zərər" anlayışının şərh olunmasına dair qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cıi maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qərarda "mənəvi ziyanın" məhkəmə praktikasında tətbiqi ilə bağlı qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə "mənəvi zərər" anlayışı ətraflı təsvir edilmişdir. Qərarda qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələgəlir. Mənəvi zərər qevri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasım, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hesab edirik ki, ölkə xaricinə ödəniş edilən zaman dövlət büdcəsinə verginin tutulması heç bir halda qeyri-hüquqi hərəkət kimi qiymətləndirilə bilməz. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin 27, 28 və 29 mart tarixlərində keçirilən 15-ci X1 (online konfrans) iştirak etmək üçün qeydiyyatla bağlı ödənişi 100 avro ödəniş etmiş və bunun müqabilində şəxsin hesabından 18% miqdarında, yəni 33,84 manat əlavə dəyər vergisi də çıxılmışdır. Mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi xaricdə online qaydada keçiriləcək imtahanda, təlimdə, kursda iştirak etmək üçün Azərbaycan Respublikasında yerli bank vasitəsilə ödəniş olunarkən xidmətin alıcısı olan vətəndaş Azərbaycan Respublikası ərazisində online qaydada həmin xidmətdən istifadə edəcəksə əlavə dəyər vergisinin alıcının vəsaiti hesabına büdcəyə bank tərəfindən tutulma aparılmalıdır. İş materiallarından da göründüyü kimi Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavab məktubunda da qeyd edilir ki, ölkə hüdudlarından kənarda göstərilən onlayn kurs, təlim və imtahan xidmətləri informasiya sistemlərindən istifadə edilməklə göstərildiyindən elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilir və belə xidmətlərə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir. Azərbaycan Respublikası Höküməti ilə Fransa Respublikası höküməti arasında ikiqat vergitutmanın aradan qaldırılması, gəlir və kapitala görə vergiləri ödəməkdən yayınmanın qarşısının alınması haqqında Konvensiyadan görünür ki, bu konvensiya razılığa gələn dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərə aid edilir. Konvensiyanı Azərbayan Respublikasında şamil olunduğu vergilərə hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi aiddir. Göründüyü kimi əlavə dəyər vergisi buraya aid deyil, bundan başqa iş materiallarından görünüyü kimi iddiaçı konfransdai iştiraka görə vergi ödəyərkən ondan vergilər daxil tutlan məbləğ 100 Avro təşkil etmiş, bundan başqa iddiaçı konfransda iştirak edərək sertifikat almış, yəni göstərilən xidmətlər müqabilində ödəniş edərək konfransda iştirak etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına və iş materiallarına əsaslanmaqla hesab edir ki, şəxsdən əlavə dəyər vergisinin tutulması qanunvericiliyə uyğun aparılmışdır. Bu səbəbdən də iddia qanunsuz şəkildə tutulmuş 33.84 manat vergi (ƏDV) məbləğinin qaytarılması hissəsində əsassız hesab edilməli, eyni zamanda iddia tələbi bu hissədə rədd edildiyindən, həmçinin işin halları ilə iddiaçıya mənəvi zərər vurulması müyyən edilmədiyindən, iddia tələbi bu günə qədər əsassız olaraq pulu qaytarmamaları səbəbindən ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 (üç) min manat pulun ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əsassız tutulmuş pulun ödənilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2258/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2258/2024
31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver